Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-24/2024 08.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, X1 barəsində xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə və iş üzrə icraata xitam verilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsi tərəfindən barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli protokol üzrə qəbul edilmiş MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi ərizəni müdafiə edərək bildirdi ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Səbail rayonunda olduğu zaman polis əməkdaşı Kərimov Q. tərəfindən protokol tərtib edilərək, maskadan düzgün istifadə etmədiyinə görə 100 manat məbləğində cərimə edilmiş, lakin o, həmin qərardan xəbərsiz olmuşdur. O, 14 dekabr 2023-cü il tarixdə iş yerinə daxil olan Gəncə Şəhər İcra İdarəsinin 13 dekabr 2023-cü il tarixli, № C.S. 122632/2021 nömrəli məktubla belə bir qərarın mövcud olduğundan xəbəri olmuşdur. Halbuki, maskadan istifadə tələblərini tam yerinə yetirərək istifadə etmiş, ümumiyyətlə karantin müddətində xəstəliklərdən qorunmaq üçün maskadan istifadə etmədən gəzməmişdir. Hesab edir ki, protokol və onun əsasında tərtib edilmiş qərar əsassızdır. Sonda o, barəsində qəbul edilmiş MN ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. X2 vəsatətlə müraciət edərək bildirmişdir ki, hadisə Bakı şəhəri Səbail rayonunda baş vermiş olsa da, o, Gəncə şəhərində qeydiyyatla olmaqla yaşayır. Ona görə də İXM-in 110-cu maddəsinə əsasən 3(125)-24/2024 nömrəli iş üzrə inzibati xəta haqqında işə Gəncə Şəhər Məhkəməsində baxılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati protokolu tərtib etmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhəri Səbail rayon Polis İdarəsinin 39-cu Polis Bölməsinə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası İXM-in 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Şikayətə əlavə edilmiş: - xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, vətəndaş X2 tibbi maskadan düzgün istifadə etməmişdir. - xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli qərardan görünür ki, X2 xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya görə 100 manat cərimə edilmişdir. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Çünki məhkəmə araşdırması zamanı X1 tibbi maskadan düzgün istifadə etməməsi öz təsdiqini tapmamışdır. Belə ki, xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda İntiqam Mustafayevin imzası yoxdur və onun harada, hansı məkanda tibbi maskadan düzgün istifadə etməməyi barədə protokolda heç bir məlumat göstərilməmişdir. Hansı ki, həmin hal işin düzgün həlli üçün olduqca əhəmiyyətlidir. Halbuki Azərbaycan Respublikasının İXM-in 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 100.1.1-100.1.10-cu maddələrinə əsasən inzibati xəta haqqında protokolda protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 102.1-ci maddəsinə əsasən sağlamlıq əleyhinə, yaxud maliyyə, vergi, rüsum, gömrük işi, ətraf mühitin mühafizəsi, yanğın təhlükəsizliyi və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində, habelə yol hərəkəti qaydaları, hərbi xidmət əleyhinə və bu Məcəllənin 227-ci, 232-1-ci, 351-1-ci, 602.1-ci və 602.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır. İnzibati xəta haqqında protokola əlavə edilmiş sənədlərdən və işə baxılarkən tədqiq edilmiş sübutlardan X1 tibbi maskadan düzgün istifadə etməməsi müəyyən olunmamışdır. Bununla da X2 tərəfindən inzibati xətanın törədilməsi və inzibati xətanın törədilməsində onun təqsiri sübuta yetirilməmişdir. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə görə, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsi ilə nəzərdə tutulur ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1 və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xətanın törədilməsi və təqsiri sübuta yetirilmədiyindən onun barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. X2 barəsində tərtib edilmiş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova
Məhkəmə qərarları › İş №3(125)-24/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-24/2024
08.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver