Məhkəmə qərarları › İş №3(125)-2404/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2404/2023

04.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2404/2023 04.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1963-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Yevlax şəhəri, Nərimanabad kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər 1-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 04 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Mərkəzi Univermağın qarşısındakı binanın qarşısında gecə vaxtı narkotik vasitə istifadə etmişdir. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin sahə rəisi X2 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs əməlində cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin törədilmiş əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsində 206-cı maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokol tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməl üzrə özünü təqsirli bilərək izahatında bildirdi ki, əvvəllər bir neçə dəfə narkotik vasitə qəbul etmişdir. Narkotik vasitədən az miqdarda istifadə etmişdir. Törətdiyi əmələ görə çox peşmandır. Yaşını nəzərə alaraq barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinin tərkibi olduğundan qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, toplanmış materal üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İş materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinənin 3054/2023 nömrəli xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanseri tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 1638 saylı rəydən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “İnzibati qaydada tutma haqqında” 02 oktyabr 2023-cü il tarixli protokoldan görünür ki, Şəxs inzibati xəta haqqında işin icraatını təmin etmək məqsədi ilə həmin tarixdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş məhrumiyyətlərə səbəb olan inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, sərxoşluq müayinəsi aktı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə məhkəmə inzibati xətanın xarakterini, barəsində icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət edir. Odur ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və həmin maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Şəxs narkomaniyadan məcburi müalicyə ehtiyacının olması məhkəmə araşdırması zamanı müəyyən edilsə də, onun barəsində inzibati həbs növündə tənbehin tətbiq edilməməsi qənaətinə gəlindiyindən, İXM-in 37.1-ci maddəsinə əsasən Kamal İmamquliyevin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs narkoloji dispanserdə qeydiyyata götürülsün. Şəxs məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar