Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2406/2023 13.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. X1 ərizəsini onunla əsaslandırmışdır ki, o, 16 sentyabr 2023-cü il tarixdə 17:17 radələrində özünə məxsus olan **-EM-*** dövlət qeydiyyat nişanlı Toyota Prius (Hibrid) minik markalı avtomobili Samux rayonu ərazisində idarə edən zaman ondan öndə Samux rayonu X7 X9 əməkdaşları xidməti maşınla gedirdilər. O, müşahidə etdi ki, YPX-nin avtomobili getdikcə sürətini azaldır. Nəhayət YPX avtomobili sürəti 18-20 km/saatadək aşağı saldı. Yolda xətt və ya nişan olmadığı üçün o, məcbur qalaraq qəza vəziyyəti yaranmaması üçün qarşısında 18-20 km/saat sürətlə gedən YPX avtomobilini keçdi. Ötmə əməliyyatı edən kimi onlar onu saxlatdılar. O, həmin YPX əməkdaşlarına iradını bildirdi və bu vəziyyəti qəsdən yaradaraq onu ötmə əməliyyatına məcbur etmələrinin doğru davranış olmadığını demişdir. Onlar isə onun iradına məhəl qoymayaraq protokol tərtib etdilər. O, həmçinin yolda xəttin olmadığını bildirmişdir. Beləliklə, Samux rayonu X7 X8 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli qərarı ilə də İXM-nin 327.2-ci maddəsi ilə təqsirli bilinməsi və 80 manat cərimə edilməsi haqda qərar qəbul edildi. Qərarın surətini xx.xx.2023-cü il tarixdə almışdır. Halbuki o, qaydanı pozmamışdır, yolda xətt yox idi və üstəlik YPX avtomobili özü belə bir şərait yaradaraq onu ötmə əməliyyatı etməyə məcbur etmişdir. Videoqeydiyyat avadanlığının qeyd etdiyi görüntüləri iş materiallarına əlavə etmiş, həmin görüntülərdən açıq-aşkar görünür ki, YPX sürücüsü qəsdən bu şəraiti yaradaraq onun ötmə etməsində maraqlı olmuşdur. Odur ki, Beynəlxalq və yerli qanunvericiliklə qorunan hüquqlarının bərpası üçün məhkəməyə müraciət edir. Göstərilənləri nəzərə alaraq Samux rayonu DYPB-nin polis mayoru X3 xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X4 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, DVD diskə baxış keçirərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün qərarı qəbul etmiş orqana göndərilməlidir. İş materiallarında olan TP ******* nömrəli, xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 80 (səksən) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsində qeyd edilir: İ. Qadağan nişanları yol hərəkəti iştirakçılarının hərəkətlərinə müəyyən məhdudiyyətlər qoyur, yaxud ləğv edir. İİ. Onların dairəvi forması, ağ fonu, 3.27—3.30 işarələrinin mavi və qırmızı haşiyəsi vardır. 3.1, 3.21, 3.23, 3.25 və 3.31 nişanlar rəngli tərtibatla fərqlənirlər. İİİ. Qadağan nişanları müvafiq məhdudiyyətin qoyulduğu küçə və yolların sahələrinin bilavasitə qabağında və ya onun ləğv edildiyi yerlərdə quraşdırılır. Qadağan nişanları əvvəlcədən 7.1.1 lövhəciyi ilə quraşdırıla bilər. İV. 3.2—3.9, 3.34 və 3.35 qadağan nişanları müvafiq nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkətini qadağan edir. V. Qadağan nişanlarının qüvvəsi aşağıdakılara şamil edilmir: 2) 3.2—3.8 — işarələnmiş sahədə yerləşən müəssisələrə xidmət edən, habelə bu sahədə yaşayan və ya işləyən vətəndaşlara xidmət edən və ya məxsus olan nəqliyyat vasitələrinə. Belə hallarda, nəqliyyat vasitələri işarələnmiş sahəyə təyinat yerinə ən yaxın olan yolayrıcından girib-çıxmalıdırlar; 4) 3.2, 3.28—3.30 — Əlilliyi olan şəxs tanınma nişanına malik nəqliyyat vasitələrinə; 5) 3.18.1, 3.18.2 nişanlarının qüvvəsi, qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə aiddir. Vİ. 3.16, 3.20, 3.22, 3.24, 3.26—3.30 nişanlarının qüvvəsi nişanın qoyulduğu yerdən ən yaxın yolayrıcına qədər, yaşayış məntəqələrində yolayrıcı olmadıqda isə yaşayış məntəqəsinin qurtaracağına qədərdir. Yola bitişik ərazilərdən yola çıxış yerlərində, çöl, meşə yolları və qarşısında müvafiq nişanlar qoyulmamış digər ikinci dərəcəli yollarla kəsişmə (qovuşma) yerlərində nişanlar qüvvəsini itirmir. Vİİ. 5.22 nişanı ilə işarələnən yaşayış məntəqəsindən qabaqda qurulmuş 3.24 nişanı həmin nişana qədər qüvvədə olur. Vİİİ. Nişanların qüvvədə olduğu sahə aşağıdakı üsullarla azaldıla bilər: 1) 3.16 və 3.26 nişanları üçün — 7.2.1 lövhəciyi tətbiq etməklə; 2) 3.20, 3.22, 3.24 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında müvafiq olaraq 3.21, 3.23, 3.25 nişanları qoymaqla və ya 7.2.1 lövhəciyi tətbiq etməklə. 3.24 nişanının qüvvədə olduğu sahəni maksimum hərəkət sürətinin başqa kəmiyyəti göstərilən 3.24 nişanı qoymaqla azaltmaq olar; 3) 3.27—3.30 nişanları üçün — onların qüvvədə olduğu sahənin qurtaracağında 3.27—3.30 nişanlarını 7.2.3 lövhəciyi ilə təkrarən qoymaqla və ya 7.2.2 lövhəciyi tətbiq etməklə, 3.27 nişanı 1.4 nişanlama xətti ilə birlikdə; 3.28 nişanı isə 1.10 nişanlama xətti ilə birlikdə tətbiq edilə bilər: bu zaman nişanların qüvvədə olduğu sahə nişanlama xəttinin uzunluğu ilə müəyyənləşdirilir. İX. 3.10, 3.27—3.30 qadağan nişanlarının qüvvəsi yolun yalnız nişan qurulmuş tərəfinə şamil edilir. Məhkəmə iclasında DVD diskə baxış keçirilən zaman görünür ki, həmin yolda ötmək qadağandır (3.20 nişanı) nişanı var, amma bu nişandan sonra yolda sağ tərəfə ayrılan yolayrıcı görünür, bu səbəbdən həmin nişanın qüvvəsi Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanununun 64-cü maddəsinin Vİ bəndinə əsasən araşdırılmalı və qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Normanın mənasından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın, hazırkı halda Samux rayon DYPB-nin üzərinə qoyulsa da, həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Samux rayon DYPB-nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Samux rayon DYPB-nin polis mayoru X5 tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Samux rayon DYPB-nə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2406/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2406/2023
13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver