Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2409/2024 15.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət X4 daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən tərtib edilmiş protokol Gəncə şəhər Məhkəməsinə daxil olmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 22:29 radələrində 20CC921 dövlət qeydiyyat nişanlı, “VOLKSWAGEN VENTO” markalı minik avtomobilini Şəxs işıq cihazlarından istifadə qaydalarını pozmasına görə və nəqliyyat vasitəsini etibarnamə olmadan sərxoş vəziyyətdə idarə etdiyi üçün barəsində Azərbaycan Respublikası İXM-nin 329.3, 332.1, və 333.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. İş üzrə Gəncə Şəhər Məhkəməsinin hakimi Elxan Əlizadə tərəfindən 30 iyul 2024cü il tarixli Qərar qəbul edilmiş, Qərara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilmişdir. Qərardan Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinin rəisi Eldəniz Həsənov tərəfindən apellyasiya şikayəti verilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 30 iyul 2024-cü il tarixli Qərarı ləğv edilərək materiallar yenidən araşdırılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, hadisə günü spirtli içki içməmiş, sərxoş olmamışdır. Sadəcə onun işdən təcili çağırdıqları üçün yol polisi də onu buraxmadığı üçün içki içdiyini bildirmişdir. Lakin yol polisi onu buraxan kimi dərhal Narkoloji dispanserə getmiş və sərxoşluq vəziyyəti müayinə olunmuşdur. Müayinə zaman tam ayıq vəziyyətdə olduğu qeydə alınmışdır. Həmin sənədin əslini məhkəməyə təqdim etmişdir. Polis əməkdaşları onu yoxlayarkən başlığı dəyişdirməmişlər. Hər hansı içkili adamın başlığı ilə onu yoxlamış ola bilərlər. İş materiallarında olan videoyazıda spirtli içki qəbul etməsini ona görə etiraf etmişdir ki, həmin vaxt o əsəbi olmuşdur. Bu sözləri o acıqla demişdir. Qeyd edilən xüsusatların nəzərə alınaraq barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən X2 izahatında bildirmişdir ki, “VOLKSWAGEN VENTO” minik markalı **-CC-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə işıq cihazlarından istifadə qaydalarını pozmasına görə saxlanılmış, bu zaman sürücünün nəqliyyat vasitəsini etibarnamə olmadan və sərxoş halda idarə etdiyi məlum olmuşdur. Onun içkili olması öz razılığı ilə alkotestrlə yoxlanılmış və qeydə alınmışdır. Özü də içkili vəziyyətdə olduğunu etiraf etmişdir. Lakin daha sonra sərxşoluq müayinəsində nəyə görə dərəcənin 0 göstərməsi ilə bağlı hər hansı bir münasibət qeydə edə bilməz. Onlar hər dəfə sərxoşluq yoxlananda başlığı dəyişdirlər. Şəxs spirtli içki qəbul etməsini etiraf etdiyi DVD diski məhkəməyə təqdim etmişdir. Protokolu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -08 iyul 2024-cü il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən Şəxs həmin tarixdə saat 22:29 radələrində “VOLKSWAGEN VENTO” minik markalı **-CC- *** dövlət qeydiyyat nişanlı avtomobili işıq cihazlarından istifadə qaydalarını pozması və etibarnamə olmadan sərxoş halda idarə etdiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1, 332.1 və 329.3-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; -08 iyul 2024-cü il tarixli alkotestr qəbzindən görünür ki, Şəxs saat 22:23-də 0,418 promil alkoqol sərxoşluğu qeydə alınmışdır. -08 iyul 2024-cü il tarixdə saat 23-01-də tərtib edilmiş. 2766/2024 saylı sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, həmin vaxt Şəxs 0 (sıfır) promil olmaqla ayıq olmuşdur; - Gəncə şəhər DYPŞ Yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən təqdim edilmiş DVD diskə baxış keçirilmişdir. Diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şəxs spirtli içki qəbul etməsini etiraf etmişdir. Şəxs barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokolda onun Azərbaycan Respublikasının İXM-nin 332.1, 329.3 və 333.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi qeyd olunmuşdur. Lakin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2016-cı il tarixli Fərmanının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının İXM-nin 329.3-cü və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında işə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən baxıldığından, məhkəmə yalnız Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında işə baxır. Belə ki, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, “...İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə müvafiq olaraq bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici bir şəxsin bir neçə inzibati xəta törətdiyi halda və bu xətalar ayrı-ayrı orqanların səlahiyyətinə aid olduğu halda ona hər bir xətaya görə istisnasız olaraq ayrılıqda inzibati tənbeh tətbiq edilməsini nəzərdə tutmuşdur. Göründüyü kimi, qanunverici bu maddədə inzibati xətaların məcmusunun yaranmasını istisna etmiş və bunu törədilmiş hər bir inzibati xətaya görə müxtəlif orqanlar tərəfindən ayrılıqda inzibati tənbeh tətbiq edilməsi ilə əlaqələndirmişdir. Belə mövqe ondan irəli gəlir ki, İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanların (vəzifəli şəxslərin) dairəsini dəqiq müəyyən etmişdir. Sözügedən maddəyə əsasən, inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bank, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum (vəzifəli şəxslər) baxırlar. Xüsusilə qeyd edilməlidir ki, inzibati xətalar qanunvericiliyində göstərilən digər orqan və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən böyük ictimai təhlükəli olan və daha ağır sanksiya ilə nəticələnə biləcək inzibati xətalara dair işlərə baxılır və bu işlərin dairəsi İnzibati Xətalar Məcəlləsinin 43-cü maddəsi ilə müəyyən edilir.” İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib edən şəxsi dinləyərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla Şəxs Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl həmin maddə ilə düzgün tövsif olunmuşdur. Belə ki, barəsində icraat aparılan şəxs məhkəmə iclasında səhər saatlarında iki bokal pivə içməsini bildirmiş, lakin videoyazıda bunun əksinə pivə içən zaman işdən çağırıldığından dərhal avtomobilin sükanı arxasına oturmasını qeyd etmişdir. Bu ziddiyyətin nə ilə bağlı olması barədə məhkəmə iclasında barəsində icraat aparılan şəxsə sual ünvanlanmış, o, cavabında əsəbi olduğundan acıqla bu sözləri deməsini bildirmişdir. Göründüyü kimi, barəsində icraat aparılan şəxs qeyd edilmiş ziddiyyəti ağlabatan şəkildə izah edə bilməmişdir. Bundan əlavə, iki sərxoşluq müayinə aktı arasında ziddiyyətlə bağlı məhkəmə qeyd edir ki, bu halda ilkin müayinə aktı daha mötəbər hesab edilməlidir. Belə ki, yol polisi əməkdaşlarının istifadə etdikləri alkotester dövlət qeydiyyatından və metroloji sınaqdan keçmiş alkotester olduğundan xüsusi texniki vasitənin bütün tələblərinə cavab verir. Şəxsin sonradan müayinədən keçməsi onun iki müayinə arasındakı zaman kəsiyindən ayılıb-ayılmaması məsələsini şübhə altına alır. Bu baxımdan, məhkəmə hesab edir ki, belə halın baş verməməsi üçün barəsində icraat aparılan şəxs onun ilkin müayinə ilə razı olmaması halında həkim müayinəsindən keçirilməsini hadisə yerində tələb etməli idi. Təsadüfi deyil ki, İnzibati Xətalar Məcəlləsi tərəfindən bu hal üçün xüsusi prosedur qayda müəyyən edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 96.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoş vəziyyətdə olmasını güman etməyə kifayət qədər əsas olduqda, onun sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün xüsusi texniki vasitələrdən istifadə edilir. Həmin şəxs sərxoş vəziyyətdə olub-olmamasının xüsusi texniki vasitədən istifadə edilməklə müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsi ilə razılaşmadıqda, tibbi müayinəyə aparılır. Məcəllənin 96.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırma barədə və sərxoşluq vəziyyətini müəyyən etmək üçün xüsusi texniki vasitələrdən istifadə etmək və ya tibbi müayinəyə göndərmək barədə protokol tərtib olunur və həmin sənədin surəti barəsində belə tədbir tətbiq edilən şəxsə verilir. Göründüyü kimi, barəsində icraat aparılan şəxs ilkin müayinədən dərhal sonra tətrar müayinədən keçirilməsini tələb etməmiş, qanunvericiliyə uyğun olaraq təkrar müayinə proseduru həyata keçirilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikasının İXM-nin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXMnin 333.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 400 (dörd yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3-cü və 332.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X5 Şöbəsinə göndərilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-2409/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2409/2024
15.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver