Məhkəmə qərarları › İş №3(125)-2413/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2413/2023

01.11.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2413/2023 01.11.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, Süleymanlı Süleyman Rəşid oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, kasıb bir ailənin başçısıdır. Himayəsində xəstə azyaşlı övladı var. Oğlu anadangəlmə əqli gerilik xəstəliyindən əziyyət çəkir. Dolanışıqları olduqca acınacaqlıdır. Bütün bunlara baxmayaraq qonşuluğunda yaşayan yol polis əməkdaşı evinin qapısının qarşısında nasaz vəziyyətdə olan maşınını qəsdən çəkərək ona cərimə yazılmasına nail olmuşdur. Halbuki maşın nasazdır və sürülmür. Dayanan maşını çəkməyə icazə olmadığı halda onun şəklini dəfələrlə çəkərək kasıb bir ailəni çətin vəziyyətə salıblar. Qərarların hamısı ona eyni gündə - xx.xx.2023-cü il tarixdə təqdim edilib. Nasaz və sürülməyən bir maşına texniki baxışa görə cərimə yazılması haqsızlıq və qanunsuzluqdur. Şəkildən də görünür ki, maşın həyətin qarşısında dayanmış vəziyyətdədir. Halbuki texniki baxışdan keçməyə də cəhd etmiş, 31 manat dövlət rüsumunu ödəmişdir. Lakin ona əlavə tələblər qoydular və texniki baxışdan keçirmədilər. İndi də qapının qarşısında maşınını çəkib üzərinə ağır maddi öhdəlik qoyurlar. Odur ki, məhkəməyə müraciət etməli oldu. Qeyd edilənlərə əsasən barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti, qərardan şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli və qərar ləğv edilərək yenidən araşdırılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-nin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 50 (əlli) manat məbləğində cərimə edilmə haqqında inzibati tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə əlli manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi nəqliyyat vasitəsini “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etməyə görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxs isə bildirmişdir ki, o, həmin nəqliyyat vasitəsini nasaz olduğu üçün idarə etmir. Belə olan halda məhkəmə hesab edir ki, İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması nəqliyyat vasitəsinin idarə edilməsi ilə bağlı olduğu üçün həmin vaxt nəqliyyat vasitəsinin idarə edilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İXM-nin müddəalarından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olub-olmamasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X2 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası DİN Baş X6 İdarəsinin xx.xx.2023-cü il tarixli, EQ 16954262 nömrəli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin X6 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar