Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2450/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə ŞBPİ DYPŞ-nın polis mayoru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:38-də “Mercedes Benz C180” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə sərxoş vəziyyətdə Gəncə şəhəri, Təbriz küçəsi ilə 28 May küçəsinin kəsişməsində hərəkətdə olarkən, idarəetməni itirərək “X6” minik markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, toqquşmanın nəticəsində avtomobilə maddi ziyan dəymiş və nəticədə Şəxs Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə ŞBPİ DYPŞ-nin polis mayoru X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 22:38-də “Mercedes Benz C 180” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə idarə edərək yol nəqliyyat hadisəsi törətmişdir. Hadisə zamanı toqquşmuş avtomobilə 7993 (yeddi min doqquz yüz doxsan üç) manat maddi ziyan dəymiş, hazırda zərərçəkmiş şəxsin Şəxs qarşı heç bir şikayəti yoxdur. Avtomobillərə dəymiş ziyanın 5000 (beş min) manatın sığorta şirkəti ödəmişdir. Yerdə qalan 2993 (iki min doqquz yüz doxsan üç) manata görə aralarında razılıq alınıb. Sonda o, qərarı məhkəmənin mülahizəsinə buraxmışdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlini etiraf edərək bildirdi ki, o, xx.xx.2025-ci il tarixdə spirtli içki qəbul etmişdir. Gəncə şəhəri, Təbriz küçəsi ilə 28 May küçəsinin kəsişməsi istiqamətdə hərəkətdə olarkən birdən özünü pis hiss edərək öskürmüşdür. Həmin vaxt o, idarə etməni itirərək idarə etdiyi “Mercedes Benz C 180” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yolun sağında dayanan “X6” markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə toqquşmuşdur. Sonda o, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin ona qarşı şikayətinin olmadığının nəzərə alınıb barəsində yüngül inzibati tənbeh verilməsini xahiş etmişdir. Eyni zamanda oğlunun birinin şəhid olmasını, digər oğlunun hazırda hərbi xidmətdə olmasını, həmçinin yoldaşının da Gəncə hadisələri zamanı vəfat etməsini bildirmişdir. O, hadisə vaxtı oğlunun məzarından gəldiyini demişdir. Zərərçəkmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 62.4-cü maddəsinə əsasən işə zərərçəkmiş şəxsin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. İş materiallarına əlavə edilmiş: - Yol nəqliyyat hadisəsinin sxemindən görünür ki, “Mercedes Benz C 180” minik markalı, **-FB-*** dövlət qeydiyyat nişanlı avtomobil “X6” markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, hadisə Gəncə şəhəri, Təbriz küçəsində baş vermişdir. Sxemi hal şahidləri Cəfərov, Quliyev imzalamışlar. - Qüsur aktından görünür ki, “X6” markalı **-XQ-*** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 7993 manat məbləğində ziyan dəymişdir. - xx.xx.2025-ci il tarixli alkotestrin nəticəsindən görünür ki, Şəxs alkoqolun miqdarı 2.339 ‰ olmuşdur. -“Cinayət işinin başlanmasının rədd edilməsi barədə” 20 iyun 2025-ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün onun barəsində cinayət işinin başlanması Azərbaycan Respublikasının CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. -2120/2025 nömrəli 10 iyun 2025-ci il tarixli “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, X2 hadisə törətdildiyi zaman ayıq vəziyyətdə olmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin maddənin sanksiyası həddində inzibati tənbeh edilməlidir. Çünki Azərbaycan Respublikasının İXM-nin 333.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsi inzibati məsuliyyət yaradır. Azərbaycan Respublikası İXM-in 333.3-cü maddəsinə əsasən bu Məcəllənin 333.1ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən avtomobili sərxoş vəziyyətdə idarə etməsi nəticəsində zərərçəkmiş şəxslərə maddi ziyan vurulması, beləliklə İXM-in 333.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici ifadəsi, zərərçəkmiş şəxsləri ifadələri və barəsində tərtib edilmiş protokol ilə tam şəkildə sübuta yetirilir. “Yol hərəkəti haqqında Azərbaycan Respublikasının Qanunu”nun 36-cı maddəsinin 3-cü bəndinin 1-ci hissəsində qeyd olunur ki, yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Azərbaycan Respublikasının İXM-nin: - 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. - 31.4-cü maddəsinə əsasən inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, inzibati tənbeh onun yuxarı həddinin üçdə birindən az ola bilməz. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını onun məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Məhkəmə baxışında Şəxs əməlində inzibati xətaya görə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən halın olmasını və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 333.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və o, nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2450/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2450/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver