Məhkəmə qərarları › İş №3(125)-2470/2024

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2470/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2470/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlu, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1, “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin nümayəndəsi X2 iştirakları ilə, “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 266.1 və 271-ci maddələri ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyi barəsində İXM-in 266.1 və 271-ci maddələri ilə tərtib olunmuş material baxılması üçün məhkəməyə göndərilmişdir. 03 iyul 2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görür ki, Gəncə şəhər MKTİB tərəfindən Hacıkənd qəsəbəsi ərazisində toplanan tullantılar qəsəbə ərazisində 4 müxtəlif əraziyə tökülərək tullantıların qalaqlanması halına yol verilmiş, qalaqlanmış tullantıların bir hissəsinin basıdırlması həyata keçirilmişdir. Məhkəmə iclası zamanı “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin nümayəndəsi X4 həmin ərazilərin onlara aid olmamasını qeyd etdikləri ərazinin bir hissəsinin Göygöl rayonu ərazisinə düşməsini, əraziyə baxış keçirilən zaman onlara məlumat verilməməsini, onların iştirakı olmadan baxış keçirilməsini, onların rəsmi qaydada protokol tərtib olunan zaman çağırılmadıqlarını və hüquqlarının pozulduqlarını bildirmişdir. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 bildirmişdir ki, həmin əraziyə baxış keçirilən zaman “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinin həmin ərazi üzrə nümayəndəsi orda olmuşdur. Lakin o protokolu imzalamaqdan imtina etmişdir. Rəsmi qaydada “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyinə məktub göndərilib məlumat verilməsə də həmin ərazidə akt tərtib edilən və protoko tərtib edilən zaman onların həmin ərazi üzrə nümayəndəsi kimi təqdim edən şəxs iştirak etmişdir. İş materiallarına hadisə yerinin fotoşəkilləri və akt əlavə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 64.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan və ya zərər çəkmiş olan hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin müdafiəsi onların nümayəndələri tərəfindən həyata keçirilir. 64.2-ci maddəsinə əsasən Qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxslər, yaxud müvafiq qaydada səlahiyyət verilmiş, əsas iş yeri həmin hüquqi şəxs olan işçilər və ya vəkillər hüquqi şəxsin nümayəndələri hesab edilirlər. 64.3-cü maddəsinə əsasən Hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. 64.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxarkən hakim hüquqi şəxsin nümayəndəsinin iştirakını məcburi hesab edə bilər. 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xətahadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: 100.1.1. protokolun tərtib edildiyi tarix və yer; 100.1.2. protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; 100.1.3. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi 100.1.10. inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. 100.3. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. İnzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsin də inzibati xəta haqqında protokolun surətini almaq hüququ vardır. 100.4. Protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Həmin Məcəllənin 106.0, 106.0.3 və 106.0.5-ci maddələrinə əsasən hakim inzibati xətalar haqqında işlərə baxarkən digər məsələlərlə yanaşı inzibati xəta haqqında protokolun və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsi, mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanılıb toplanılmaması məsələsini həll edir. Məhkəmə iclası zamanı təqdim edilən materialların natamam olduğu müəyyən edilmişdir. Belə ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilən hüququ şəxsin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Protokolda hüquqi şəxsin nümayəndəsinin protokolu imzalamaqdan imtina etməsi göstərilsə də həmin şəxsin kim olması, hüququ şəxsin nümayəndəsi olduğu halda etibarnaməsi iş materiallarına əlavə edilməsi öz əksini tapmamışdır. Hüquqi şəxsin nümayəndəsi qismində isə vəkil vəya hüququ şəxs tərəfindən etibarnamə verilmiş və orda işləyən şəxs ola bilər. Barəsində protokol tərtib edilən şəxsin iştirakı təmin edilməmişdir. Eyni zamanda hadisə yerinin çəkilmiş fotoşəkillərinin hansı əraziyə aid olması çəkilmiş fotoşəkillərlə müyyən etmək mümkün olmamışdır. Beləliklə, hesab edirəm ki, inzibati xəta haqqında protokol və protokolla bağlı təqdim edilmiş materiallar natamam olduğundan, işə baxılarkən onları tamamlamaq mümkün olmadığından həmin protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Beləliklə məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı” İstehsalat Birliyi barəsində İXM-in 266.1 və 271-ci maddələri ilə tərtib olunmuş inzibati material natamam olduğundan inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsini rəhbər tutaraq məhkəmə, Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq QƏRARA ALDİ: Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən “Gəncə şəhər Mənzil- Kommunal Təsərrüfatı” İstehsalat Birliyi barəsində İXM-in 266.1 və 271-ci maddələri ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar