Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2493/2025 14.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, X4 Vəkil Bürosunun vəkili X1 iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Samux rayonu, Qovlarsarı kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi X7 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün 14 iyul 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 14 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il Gəncə şəhəri, Təbriz küçəsində xırda xuliqanlıq hərəkətləri edərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi X7 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 13 iyul 2025-ci il tarixdə Abdullayev Mürşüd və X8 şəhəri, Təbriz küçəsində xidmətdə olduqları zaman Hyundai markalı, **-UN-*** dövlət qeydiyyat nişanlı avtomobilə saxla işarəsi verən zaman Şəxs əlqol hərəkəti edərək polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək hərəkətinə davam etmişdir. Onunun avtomobilini saxlayaraq nə üçün belə hərəkət etdiyini soruşduqları zaman sürücü Şəxs yaxşı elədiyini bildirmişdir. Şəxs nizam-intizama dəvət etsələr də polisin qanuni tələblərinə tabe olmamışdır. Şəxs aidiyyatı üzrə 1-ci Polis Şöbəsinə təhvil vermişlər. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, Daş Körpü dairəsinin ərazisində hərəkət edən zaman Polis əməkdaşları ordan keçən bütün maşınları saxlayıb sərxoşluğun yoxlanmasını həyata keçirirdilər. Onu saxladıqları zaman o, aparatı üfürməkdən imtina etmişdir. O, digər şəxslərin aparata ağzı dəydiyi üçün aparatı üfürməkdən imtina etmişdir. O, polis əməkdaşına sən kimsən dediyi zaman polis əməkdaşı ona söyüş söymüşdür. O, polis əməkdaşına bu hərəkətlərinin videosunu çəkəcəyini bildirdiyi zaman ona qarşı əl-qol hərəkətləri etməyə başlamışdır. Hadisə baş verdiyi gün onun maşınında əmisinin yoldaşı da olmuşdur. Polis əməkdaşları ona şöbəyə getməyi təklif etməmişlər, onu sürütləyərək avtomobillərinə mindirmiş və şöbəyə aparmışlar. O, polis əməkdaşı ilə olan söhbətlərini telefonunda yazmışdı, lakin şöbədə onun telefonunda olan səs yazılarını silmişlər. O, polisə tabesizlik göstərmiş, sadəcə aparatı üfürməkdən imtina etmiş və polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Sonda məhkəmənin verəcəyi qərarla razı olacağını bildirmişdir. Məhkəmə iclasında müdafiəçi X2 izahat verərək bildirmişdir ki, polis əməkdaşı özü ifadəsində bildirmişdir ki, ona saxla əmri verdikləri zaman o, avtomobilini saxlamışdır. O, polis əməkdaşlarına heç bir müqavimət göstərməmişdir. O, sonda məhkəmədən hüquqlarını müdafiə etdiyi şəxs barəsində inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid kimi dindirilmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin yol patrul inspektoru X5 ifadəsində bildirmişdir ki, 13 iyul 2025-ci il tarixdə Gəncə-Daşkəsən yolunda sərxoşluğa qarşı xidmət apardıqları vaxt onlar Şəxs avtomobilini saxlayaraq ondan aparatı üfürməsini istəmişlər. Bu zaman Şəxs əli ilə aparatı vuraraq onlardan niyə orda dayandıqlarını soruşmuşdur. Həmin vaxt Şəxs içkili deyildi, özündə idi. O, səs-küy saldığı üçün onlar onu öz avtomobilləri ilə şöbəyə aparmışlar. Hadisə günü onların səs yazan cihazları olmamışdır. Onlar ona saxla əmri verdikləri zaman heç bir qayda pozuntusu yox idi. Şəxs ona söyüş söymüşdür. Onun izahatını aldıqları zaman Şəxs onlara heç bir müqavimət göstərməmişdir. Hadisə günü onlar bir neçə avtomobili saxlayaraq yoxlama etmişlər. Yoxlamadan imtina edən sadəcə Şəxs olmuşdur. Onlar Şəxs aidiyyatı üzrə 1-ci Polis Şöbəsinə təhvil vermişlər. İş materiallarına əlavə edilmiş 13 iyul 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs 13 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri və şahidi dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin dispozisyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Çünki Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda polis əməkdaşı ifadəsində Şəxs onlara müqavimət göstərmədiyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Şəxs özünü təqsirli bilməsə də, şahid ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs yüksək səs tonu ilə danışmaqla, səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 50 (əlli) manat cərimə tənbehi tətbiq edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Şəxs göstərilmiş hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından X1 vəkil işlədiyi Gəncə regional Vəkil Bürosunun hesabına 33 (otuz üç) manat məbləğində pul keçirilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Məhəmməd Həsənli
Məhkəmə qərarları › İş №3(125)-2493/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2493/2025
14.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver