Məhkəmə qərarları › İş №3(125)-2496/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2496/2025

15.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2496/2025 15.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin polis sahə rəisi polis kapitanı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 14 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs həmin tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısında Gəncə şəhər BPİ-nin NMB-nin əməkdaşları tərəfindən saxlanılmış və Narkoloji Dispanserdə olunmuş müayinə zamanı onun sidik analizindən THC aşkar edilmiş, həmçinin o, Texnologiya Universitetinin yaxınlığında ucadan nalayiq ifadələr işlədərək polisin qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında sahə rəisi X5 çıxışında hadisəni görmədiyini, protokolu isə Təhqiqat Bölməsinin qərarı əsasında tərtib etdiyini bildirərək məhkəmədən protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Şəxs bildirdi ki, 14 iyul 2025-ci il tarixdə saat təxminən 18:10 radələrində taksidən düşüb qardaşının obyektinə yaxınlaşan zaman qəfildən qarşısında avtomobil dayanmış və içərisindən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini təqdim etmədən qoluna girib polis idarəsinə dəvət etmişlər. O, həmin şəxslərdən kim olduqlarını və niyə idarəyə getmək səbəbini soruşduqda ona idarədə rəis açıqlama verəcək deyə bildirmişlər. O, bu haqda qardaşına telefonla məlumat vermək istədiyini bildirsə də, ona icazə verməyərək qolundan tutub dartmış və bu zaman telefonu yerə düşmüş, əməkdaşın biri telefonu götürüb arxa cibinə qoymuşdur. Daha sonra o, telefonu istədikdə aralarında mübahisə yaranmış və mübahisə zamanı bir nəfər polis nəfəri onlara yaxınlaşmışdır. Daha sonra o, digər şəxslərin də polis olduqlarını bilmiş və onlara heç bir müqavimət göstərmədən polis idarəsinə getmişdir. Orada ayaq yolunda üzərinə baxış keçirilmiş və narkoloji dispanserdə sidikdən analiz vermişdir. İfadəsinin sonunda narkotik vasitə istifadəçisi olmadığını, təxminən bir dəfə 9-10 gün bundan öncə marixuana çəkdiyini və əməlindən peşman olduğunu bildirmişdir. Həmçinin o, polisə qarşı tabesizlik göstərmədiyini, əksinə polislərin üzərinə gələrək onunla mübahisə etdiklərini, mübahisə zamanı köynəyinin cırıldığını həmçinin saatı və eynəyinin sındığını, idarəyə getməmişdən öncə paltarını polis əməkdaşı ilə birgə qardaşının obyektində dəyişdiyini bildirərək barəsində yüngül tənbeh edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində çıxış edən Gəncə şəhər BPİ-nin NMB-nin əməliyyat müvəkkili, polis kapitanı X6 bilidirmişdir ki, əməliyyat məlumatı əsasında Şəxs narkotik vasitə istifadə etməsində şübhəli şəxs olmasına görə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən Texnologiya Universitetinin qarşısında yaxınlaşaraq onu idarəyə dəvət etmişlər. O, müqavimət göstərməyə və əl-qol atmağa başlamış, ucadan qışqıraraq ictimai əsayişi pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində çıxış edən Gəncə şəhər BPİ-nin NMB-nin kiçik inspektoru X3 bildirmişdir ki, 14 iyul 2025-ci il tarixdə saat təxminən 18:10 radələrində Şəxs yaxınlaşıb özlərini təqdim etmiş və sonuncunu narkotik vasitə istifadə etməsində şübhəli olduğuna görə polis idarəsinə dəvət etmişlər. O, həmin vaxt tabesizlik göstərək cəmiyyət içində nalayiq ifadələr işlətmiş və müqavimət göstərməyə başlamışdır. Daha sonra onu idarəyə gətirmiş və üzərinə baxış keçirilmiş, üzərində qanunda qadağan olunan əşya aşkar olunmamışdır. Bundan sonra vətəndaş Narkoloji Dispanserə aparılmış və analizi verdikdən onun sidiyində marixuana aşkar edilmişdir. Hakimin sualına cavab olaraq o, bildirmişdir ki, Şəxs barəsində əməliyyat məlumatı olmamışdır, sadəcə ona narkotik vasitələrin istifadəsində şübhəli olduğuna görə yaxınlaşmış və üzərinə baxış keçirməyə imkan vermədiyi üçün onu idarəyə apararaq orada üzərinə baxış keçirmişlər. Məhkəmə iclasında şahid qismində çıxış edən X1 bildirmişdir ki, barəsində icraat aparılan şəxs Mirfərid onun qardaşıdır. O, 44 günlük vətən müharibəsində iştirak etdiyini qeyd edərək hadisə barəsində ona həmin günü zəng gəldiyini, qardaşının qapının ağzında bir qrup şəxs tərəfindən sıxışdırıldığı deyilmişdir. O, çölə çıxdıqda 3 nəfər mülki geyimdə olan şəxsin qardaşı ilə mübahisə etdiklərini onu zorla avtomobilə mindirmək üçün təzyiq göstərdiklərini və qardaşının köynəyinin cırıldığını görmüşdür. Daha sonra bir nəfər polis əməkdaşı hadisə yerinə yaxınlaşmış və bundan sonra qardaşı cırılmış köynəyini dəyişmək üçün polislərdən icazə istəmişdir. Paltarını dəyişdikdən sonra qardaşını polis idarəsinə aparmışlar. İş materiallarına əlavə edilmiş: - xx.xx.2025-ci tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanması rədd edilmiş və onun əməlində İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nə göndərilmişdir . - xx.xx.2025-ci il tarixli 1107 saylı Gəncə şəhəri Narkoloji Dispanserinin rəyindən görünür ki, Şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - xx.xx.2025-ci il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə 22:10-da tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələrinin dispozisiyaları ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki Şəxs tərəfindən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan hərəkətlərin törədilməsi və polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmiş, həmçinin onu saxlayan polis əməkdaşları məhkəmə iclasında şahid qismində dindirilən zaman fərqli ifadələr vermişlər. Belə ki, X6 əməliyyat məlumatı əsasında Şəxs yaxınlaşdıqlarını, digər şahid X3 isə belə bir məlumatın olmadığını sadəcə vətəndaşın narkotik vasitə qəbul etməsində şübhə olduğuna görə polis idarəsinə aparmaq istədiklərini bildirmişlər. Hər iki şahid məhkəmə iclasında bildirmişdir ki, onlar barəsində icraat aparılan şəxs nədə şübhəli olmağını izah etmək məcburiyyətində deyillər. Bundan başqa məhkəmə iclasında müdafiə tərəfinin təqdim etdiyi DVD diskdə olan video görüntüdən məlum olur ki, məhkəmə iclasında şahid kimi dindirilmiş mülki geyimdə olan polis nəfərləri Şəxs qarşı zor tətbiq edərək onu avtomobilə mindirməyə çalışmışlar. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 510 və 535-ci maddələri ilə nəzərdə tutulmuş inzibati məsuliyyətlərin yaranmaları üçün imperativ şərt olan “ictimai qaydanın pozulması”na və “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İş üzrə dindirilmiş şahidlər isə məhkəmə iclasında formal ifadə verərək polisinin qanuni tələbinə qəsdən tabe olmamaq və ictimai əsayişin pozulmasının nədə ifadə olunmasını izah edə bilməmişlər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs hadisə zamanı nədə şühbəli olmasını bilmək istəməsi və bununla bağlı sonradan ona kimlikləri məlum olan polis əməkdaşları ilə arasında yaranan danışıqlar ictimai qaydanın pozulması və yaxud həmin xidmətinin əməkdaşlarının iş rejimini pozması kimi qiymətləndirilə bilməz. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş tərkiblərin olmasını təsdiq edən mötəbər dəlilin və sübutun olmamasını nəzərə alınaraq onun inzibati xətaları törətməsi barədə şübhələr hər bir halda onun xeyrinə qiymətləndirilməlidir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, onun əməlində inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən (obyekt, obyektiv cəhət, subyekt və subyektiv cəhət) biri olan obyektiv cəhət yoxdur. Azərbaycan Respublikası İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsində nəzərdə tutulur ki, inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Çünki Şəxs İXM-nin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl özünün etirafedici izahatı və digər sənədlərlə tam şəkildə sübuta yetirilir və onun törətdiyi əməl həmin maddəyə düzgün tövsif olunmuşdur. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını, yüngülləşdirici halları və ağırlaşdıran halların olmamasını , həmçinin onun şəxsiyyətini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinənərək həmin Məcəllənin 31.4-1-ci maddəsi tətbiq edilməklə İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, İXM-nin 31.4-1 maddəsi nəzərə alınmaqla 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə iclas zalından dərhal inzibati qaydada tutulmaqdan azad edilsin. Qərarın icrası Gəncə şəhəri üzrə İcra idarəsinə həvalə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar