Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2499/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə Şəhər BPİ-nin DYPŞ-nin inpektoru polis X1 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X4 onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 100 manat inzibati cərimə olunması barədə 10 iyul 2025-ci il tarixli, TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tarixdə ona məxsus **-EM-*** dövlət qeydiyyat nişanlı, “OPEL ASTRA” markalı minik avtomobili ilə Gəncə şəhəri ərazisində hərəkətdə olarkən, Gəncə şəhər X9 Şöbəsinin patrul xidməti inspektoru, polis serjantı X5 tərəfindən qanunsuz və əsassız şəkildə saxlanılmışdır. Həmin gün barəsində İXP ******* nömrəli inzibati protokol tərtib edilmiş, xx.xx.2025-ci il tarixdə isə TP ******* nömrəli qərarla güya sürücünün yol nişanlarının tələblərinə riayət etməməsi, yolayrıcını keçmə qaydalarını pozması və digər oxşar hərəkətləri İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.2-ci maddələrinə uyğun olaraq qiymətləndirilmiş və ona 100 (yüz) manat məbləğində cərimə tətbiq edilmişdir. Lakin təqdim edilən protokol və qərarda göstərilən hallar həqiqətə uyğun deyil, onun tərəfindən hər hansı qayda pozuntusu törədilməmişdir. Qayda pozuntusunun baş verdiyini sübut edən hər hansı maddi dəlil mövcud deyil. Əgər X9 orqanının əlində hadisəyə dair video-material mövcuddursa, həmin görüntülərin məhkəməyə təqdim olunmasını bildirir. O, qeyd olunan pozuntunun törətmədiyini nəzərə alınaraq, xahiş edir ki, haqqında qəbul edilən inzibati tənbeh vermə haqqında qərara yenidən obyektiv şəraitdə baxılsın. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X4 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək, inzibati xətanı törətmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət qismən təmin edilməli, 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilməlidir. İş materiallarına əlavə olunmuş 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X4 İXM-in 327.1-ci və 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 61.1-ci maddəsinin tələbinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan işin materialları ilə tanış olmaq; izahat vermək; sübutlar təqdim etmək; vəsatət və etirazlar vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək; inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qərardan şikayət vermək; ana dilində çıxış etmək və icraatın aparıldığı dildə danışa bilmirsə, tərcüməçinin xidmətlərindən istifadə etmək hüquqları vardır. 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346.3, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir; 124.3-cü maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-1-cü maddəsinə əsasən Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) həmin iş üzrə bu Məcəllənin 124.4-cü maddəsinə uyğun olaraq əl ilə nömrələnmiş blankda tərtib edilmiş qərar qəbul edir 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. 327.2-ci maddəsinə əsasən Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə yüz manat məbləğində cərimə edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə hesab edir ki, səlahiyyətli şəxs tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilməmiş, kobud pozuntulara yol verilmiş, qərar qəbul edilərkən X2 iştirakı təmin edilməmiş, onun izahatı alınmamış və həmçinin X2 inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmamasına baxmayaraq İXM-nin 124.4-1 cü maddəsininin tələbləri pozularaq protokol tərtib etmiş şəxsin özü tərəfindən inzibati xəta haqqında qərar qəbul edilmişdir. Bununla da X2 İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquqları pozulmuşdur Eyni zamanda məhkəmə iclasının vaxtı və yeri barədə qərar qəbul etmiş orqana məlumat verilməsinə baxmayaraq, orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və inzibati xətanın törədilməsinə dair heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, qərar qəbul edilərkən qanunvericiliyin tələbləri pozulduğundan və işin bütün faktiki hallar araşdırılmadığından Gəncə Şəhər BPİ-nin DYPŞ-nin inspektoru Polis X1 10 iyul 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 130, 134 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Gəncə Şəhər BPİ-nin DYPŞ-nin inspektoru polis X1 10 iyul 2025-ci il tarixli,TP ******* inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün Gəncə şəhər Baş Polis İdarəsinin X10 Şöbəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2499/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2499/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver