Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2518/2023 16.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Ağstafa rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Yeni Gəncə massivi, ev 16, mənzil 18-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2214/2019 saylı, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən hər ay iki uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment alınaraq tələbkar X1 ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və xəbərdarlıq göndərilmişdir. Bundan əlavə borclu ilə bir neçə dəfə telefon əlaqəsi saxlanılmış və borcun ödənilməsi tələb edilmişdir. Şəxs alimentini ödəmədiyinə görə xx.xx.2023-cü il tarixində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Cəza müddəti bitdikdən sonra Şəxs ilə dəfələrlə telefon əlaqəsi saxlanılmış, yaşadığı ünvana gedilmiş, lakin icra məmurunun çağırışlarına gəlməmiş, gizlənmişdir. Borclunu tapmaq mümkün olmadığından barəsində axtarış elan olunmuş, Polis əməkdaşları tərəfindən tapılaraq təhvil verilmişdir. Hal-hazırda borclu Şəxs ödənilməmiş 9400 (doqquz min dörd yüz) manat aliment tələbi ilə bağlı borcu vardır.Tələbin yönəldilə biləcəyi əmlak və gəliri yoxdur. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş icra məmuru X3 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Gəncə şəhər Məhkəməsinin 3(125)-277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 15 gün müddətində inzibati həbs edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə protokol tərtib edilmişdir. Bugünədək ödəniməmiş 9.400 (doqquz min dörd yüz) manat aliment borcu qalır. Borclu bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur. Borcunu ödəməkdən qəsdən yayınmır. İşləyə bilmir. Qarabağ zonasında iş təklif ediblər. Lakin barəsində axtarış olduğuna görə heç hara gedə bilmir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, qanuna uyğun tədbir görülməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada digər zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2214/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqindən görünür ki, hər ay iki uşağın yetkinlik yaşma çatanadək saxlanılması üçün 200 (iki yüz) manat məbləğində aliment alınaraq tələbkar X1 ödənilməlidir. xx.xx.2019-cu il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2214/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. xx.xx.2022-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-2214/2019 saylı, xx.xx.2019-cu il tarixli icra vərəqini icra edilməsi barədə borcluya imza atdırılmaqla bildiriş təqdim edilmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 15 gün müddətində inzibati həbs edilmişdir. Elektron portaldan görünür ki, Şəxs adına hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə şəhər Məhkəməsinin 3(125)-277/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imkanı olmadığını və xəstə olmasını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədlərinin icrasına səhlənkar yanaşılmış, onun hal-hazırda 9.400 (doqquz min dörd yüz) manat aliment borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 20 (iyirmi) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 16 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərar dərhal icra edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə
Məhkəmə qərarları › İş №3(125)-2518/2023
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2518/2023
16.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver