Məhkəmə qərarları › İş №3(125)-253/2022

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-253/2022

10.08.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-253/2022 10.08.2022 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim X5, Quliyeva Günay Ələstun qızının katibliyi ilə, X3 xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsinə dair şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində DİN Baş X10 İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati məsuliyyətdən azad edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. X2 şikayəti onunla əsaslndırmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsi ilə təqsirli blinərək 20 manat məbləğində cərimə olunmuşdur. Həmin qərarı qanunsuz və əsassız hesab edir. Belə ki, **-LM-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun istifadəsində deyil, hansı şəraitdə və kimin istifadəsində olması isə ona məlum deyildir. Onun istifadəsində **-EN-*** qeydiyyat nişanlı öz nəqliyyat vasitəsi vardır. O, istifadəsində olan **-EN-*** qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Gəncə şəhərinə gələrkən surət həddini aşdığı üçün EQ 10582581 və EQ 10581276 saylı qərarlarla cərimə olunmuşdur. Hər üç inzibati xəta pozuntusu xx.xx.2022-ci il tarixdə baş vermişdir. Belə olan halda necə olur ki, o, eyni gündə həm Gəncə şəhərində **-LM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə, həm də **-EN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Ələt-Qazax-Gürcüstan yolunun 169.9-cu km.-də (Qazax istiqamətində) inzibati xəta pozuntusuna yol vermişdir. Sözügedən qərarın qanunsuz olması digər tərəfdən onunla sübuta yetirilir ki, xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında qərarda qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə olaraq qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni xx.xx.2022-ci il tarixli, EQ 10578993 saylı qərara nəzər yetirildikdə aydın şəkildə görünür ki, inzibati xətanın xüsusi texniki vasitənin köməkliyi ilə müəyyən edildiyi qeyd edilsə də həmin xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt və dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi və tarixi qeyd edilməmişdir. İş üzrə inzibati qərarı qəbul etmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-ci maddəsinə görə, inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarının gəlməməsi səbəbləri aydınlaşdırılır, şikayətin və ya protestin həmin şəxslərin iştirakı olmadan baxılması məsələsi həll edilir, yaxud şikayətin və ya protestin baxılması təxirə salınır, zəruri hallarda şikayətin baxılması üçün zəruri hesab edilən şəxslərin gətirilməsi barədə qərardad qəbul edilir. Qeyd olunanlara əsasən məhkəmə inzibati xəta törədilməsi haqqında işə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 20 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş fotoşəkillərdə VAZ 21074 markalı, 10LM098 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il tarixdə, saat 18:49-da Gəncə şəhəri, Heydər Əliyev prospekti 429-da dayanma qaydalarını pozduğu görünür. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 10581276 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə 10 manat inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Həmin qərara əlavə edilmiş fotoşəkillərdə Toyota Prius markalı, 20EN992 dövlət qeydiyyat nişanlı avtomobilin xx.xx.2022-ci il taixdə saat 19:44-də Bakı-Qazax-Gürcüstan yolunun 169.9-cu kilometrində Qazax rayonu istiqamətində sürət həddini 12 km/saat aşdığı görünür. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. X8 idarə etdiyi VAZ 21074 markalı, 10LM098 dövlət qeydiyyat nişanlı avtomobilin onun istifadəsində olmadığını bildirsə də, rəsmi olaraq həmin avtomobil onun adına rəsmiləşdirilmişdir. Buna görə də inzibati protokol avtomobilin mülkiyyətçisinin adına tərtib edilmişdir. O, həmin avtomobilin başqa şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud başqa şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı sübutlar təqdim etmədiyindən şikayətdə göstərilən məlumatlar öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.7-ci maddəsinə əsasən barəsində bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulmuş qaydada inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsinin digər şəxsin sahibliyində və ya istifadəsində olması, yaxud digər şəxslərin qanunsuz əməlləri nəticəsində onun sahibliyindən çıxması ilə bağlı və ya digər səbəbdən qərarla razılaşmadığı hallarda həmin qərardan bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş qaydada yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Şikayət verən şəxs inzibati xətanın törədilməsi zamanı nəqliyyat vasitəsini kimin idarə etdiyinə dair ehtimalını şikayətdə göstərə bilər. Şikayətdə göstərilən məlumatlar təsdiq olunarsa, inzibati tənbeh vermə haqqında qərar ləğv edilir və inzibati xətanı törətmiş şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün müvafiq tədbirlər görülür. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, X1 şikayəti əsassız olduğu üçün təmin edilməməli və onun barəsində olan xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 115, 128-130, 134, 136-138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. X4 barəsində xx.xx.2022-ci il tarixli, EQ 10578993 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Sədrlik edən Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar