Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-256/2024 18.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X2 iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. 17 yanvar 2024-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 10:35 radələrində Gəncə şəhər Universamının qarşısında səs küy salıb ictimai qaydanı pozmuş, ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Polis əməkdaşları vətəndaşa yaxınlaşıb özlərini təqdim edib onu nizam-intizama dəvət etmişlər, lakin o, polisin qanuni tələblərinə tabe olmamış və ünvansız nalayiq ifadələr işlətmişdir. Belə olan halda vətəndaş Şəxs polis bölməsinə gətirmişlər o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis şöbəsində olan zaman o, yenidən ucadan nalayiq ifadələr işlətmiş, ondan sakitləşməsini tələb edən polis əməkdaşlarını təhqir etmiş və onları nalayiq ifadələrlə söymüşdür. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin İTB-nin sahə rəisi, polis X5 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, 17 yanvar 2024-cü il tarixdə adı polisə sonradan məlum olan Şəxs Gəncə şəhəri, Universamının qarşısında vətəndaşların çox olduğu yerdə tütün məmulatından istifadə etdiyi üçün polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edib ona etmiş olduğu inzibati xətanı izah etmişlər. Lakin Şəxs heç bir səbəb olmadan özünü qeyri səmimi aparıb ucadan səs-küy ilə ünvansız nalayiq ifadələr işlədərək ətrafda olan insanların diqqətini özünə cəlb etmişdir. Bu zaman onlar ondan sakitləşməsini tələb etsələr də o, polisin qanuni tələblərinə tabe olmamış, qəsdən öz hərəkətlərini davam etdirmiş, polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları onu Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nə gətirmişlər və PŞ-nin inzibati binasında olan zaman vətəndaş Şəxs yenidən ucadan nalayiq ifadələr işlətmişdir. Polis əməkdaşları yenə onu nizam-intizama dəvət etmiş. Lakin o, polisə tabesizlik göstərərək, polis əməkdaşlarını hədələməyə onlara “sizin başınıza oyun açacam” “işlədiyiniz iş kişi işi deyil” kimi ifadələr işlətmişdir. Bununla da Şəxs İXM-in 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, 17 yanvar 2024-cü il tarixdə saat 10:35 radələrində Gəncə Asan xidmətinə gedən zaman yolda piyada keçidinin yaxınlığında siqaret çəkərkən polis əməkdaşları ona yaxınlaşıb orada siqaret çəkməyin inzibati qayda pozuntusu olduğunu demiş, o da polisə həmin qayda pozuntusunun harada yazıldığını ona göstərilməsini tələb etmişdir. Bundan əlavə, həmin ərazidə siqaret çəkməyi qadağan edən nişanın harada quraşdırılmasını onlardan soruşmuşdur. Polis əməkdaşları isə ondan özünü təqdim etməsini tələb etmişlər. O, polis tərəfindən saxlanmasını əsassız hesab etdiyi üçün özünü təqdim etməkdən imtina etmişdir. Lakin polis əməkdaşları onunla kobud rəftar edərək onu PŞ-nə aparmışlar. O, polisə nalayiq ifadələr işlətməmişdir. Sonda o, barəsində olan inzibati icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında müdafiəçi X7 bildirdi ki, hüquqlarını müdafiə etdiyi Şəxs tələbədir. Qazax rayonunda təhsil alır. Gəncəyə müvəqqəti gəlmişdir. İş materiallarından və tərəflərin ifadələrindən Şəxs əməlində inzibati xəta tərkibinin mövcudluğu öz təsdiqini tapmır. Ona görə də məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid kimi dindirilmiş X4 izahat verərək bildirmişdir ki, 17 yanvar 2024-cü tarixdə saat 10:35 radələrində Gəncə şəhər BPİ-nin PPXT-un 1-ci bölüyünün polis nəfəri, polis kiçik serjantı Toğrul Hüseynov ilə birlikdə 3 saylı postda xidmətdə olan zaman adı sonradan onlara məlum olan Şəxs Gəncə şəhəri, Universamın qarşısında vətəndaşların çox olduğu yerdə tütün məmulatından istifadə etməsini görmüş ona yaxınlaşıb özünü ona təqdim etmiş ona etmiş olduğu inzibati xətanı izah etmişlər. İlk öncə vətəndaş özünü təqdim etməkdən imtina etmişdir. Təxminən 5-10 dəqiqə onun şəxsiyyətini müəyyən etmək üçün ondan özünü təqdim etməsini tələb etmiş, lakin İlkin özünü təqdim etməkdən imtina etmişdir. Sonra dayısının adını çəkmiş, bildirmişdir ki, onun dayısını bütün Gəncə şəhəri tanıyır, nüfuzlu adamdır, buna görə də ondan uzaqlaşmalarını tələb etmişdir. Onlar bu tələbə də diqqət yetirmədikdə İlkin dayısına zəng etmiş, telefonu səs yayıcı rejimə keçirmişdir. Dayısı polislərin ünvanına təhqirlər işlətmiş, İlkindən tələb etmişdir ki, polisin tələbinə tabe olmasın. Bundan İlkin aqressivləşmiş, özünü təqdim etməkdən və polis şöbəsinə getməkdən imtina etmişdir. Polislərə “gedin kişi işi ilə məşğul olun” demişdir. Bir az sakitləşdikdən sonra isə könüllü olaraq polis şöbəsinə getməyə razılıq vermişdir. Onlar İlkini polis şöbəsinə təhvil verərək xidmətlərini davam etdirmişlər. Məhkəmə iclasında şahid kimi dindirilmiş X3 digər şahid X4 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş: 17 yanvar 2024-cü il tarixli MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 17 yanvar 2024-cü il tarixdə saat 10:35 radələrində Gəncə şəhər Universamının qarşısında ictimai yerdə nalayiq sözlər işlədərək ictimai qaydanı kobud surətdə pozmasına və polisin qanuni tələblərinə tabe olmamasına görə, barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. 17 yanvar 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokolundan məlum olur ki, Şəxs həmin gün saat 10:50-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən mötəbər sübutlar yoxdur. Belə ki, protokolda Şəxs ucadan səs-küy salaraq ictimai qaydanı pozduğu polisin qanuni tələbinə qəsdən tabe olmadığı göstərilsə də, həmin vaxt Şəxs polisin qanuni tələblərinə tabe olmaması öz ifadəsi və şahidlərin ifadələri ilə təsdiq olunmuş, lakin onun ucadan nalayiq ifadələr işlətməsi və ətrafdakıların diqqətini özünə cəlb etməsi, ictimai qaydanı pozması hər hansı sübutla (kamera görüntüləri, şahid ifadələri) ilə təsdiq edilmir. Şəxs həqiqətən də ucadan nalayiq ifadələr işlətməsi, ətrafdakıların diqqətini çəkərək ictimai qaydanı pozması öz təsdiqini tapmadığından onun hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibinin olması müəyyən edilmir. İXM-nin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-nin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, barəsində icraat aparılan şəxs öz ifadəsində polisin ona özünü təqdim etməsinə dair tələbinə tabe olmamasını etiraf etmiş, bu hal şahid ifadələri ilə də öz təsdiqini tapmışdır. Buna görə də, Şəxs hərəkətlərində İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Şəxs məhkəmə zalında inzibati qaydada tutmadan dərhal azad edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Orxan Cəfərli
Məhkəmə qərarları › İş №3(125)-256/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-256/2024
18.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver