Məhkəmə qərarları › İş №3(125)-2570/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2570/2025

16.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2570/2025 16.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Gəncə şəhər BPİ-nin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə ŞBPİ-nin 2-ci polis şöbəsinin İTB-nin polis sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* saylı protokolda qeyd edilmişdir ki, Şəxs sidik analizi zamanı narkotik vasitə olan AMP (metamfetamin) istifadə etdiyi aşkar edilmişdir. Nəticədə o, İXM-in 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş X3 çıxışında xx.xx.2025-ci il tarixdə saat təxminən 17:00 radələrində Şəxs anası tərəfindən verilmiş şikayət əsasında evlərinə getmiş və onların mübahisə etdiklərini görmüşdür. Anası şikayətində bildirmiş ki, işdən gəldikdə qızını evdə tapmır, qapıda qalmaq məcburiyyətində qalır. O, qızının nə isə qəbul etdiyini və qızı tərəfindən ölümlə hədələndiyini bildirmişdir. Daha sonra T.X1 aparılmış, müayinə zamanı onun sidiyində metamfetamin aşkar olunmuşdur. O, əlavə olaraq Şəxsla bir evdə qalan qızlarda dindirildiyini, onlardan birinin 15 yaşlı qızı da daxil olmaqla narkotik vasitəni onlara Turanənin verdiyini bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs çıxışında bildirmişdir ki, ailəsindən ayrılmış, anası ilə birgə yaşayır, fərdi əmək fəaliyyəti ilə məşğul olur, anası isə əkin sahəsində işləyir. Uşaqları hazırda anasının himayəsindədir, O, narkotik vasitə istifadəçisi olduğunu 4 gün bundan öncə istifadə etdiyini və ilk dəfə Aytən adlı xanım tərəfindən ona problemlərini unutdurmaq üçün təklif etdiyini bildirmişdir. Evində qalan qadınların isə qohumları olduğunu və onların da narkotik vasitə qəbul etdiyini bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: - 16 iyul 2025-ci il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan məlum olur ki, cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-in 206-cı maddəsinin tərkibi əlamətləri olduğundan inzibati icraat açılması üçün qərar Gəncə ŞBPİ-nin 2-ci PŞ-nin İTB-nə göndərilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 16 iyul 2025-ci il tarixli, 1116 saylı rəyi ilə müəyyən edilmişdir ki, Şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. - 16 iyul 2025-ci il tarixli, 2607/2025 saylı “sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə” protokolundan görünür ki, , Şəxs sidik nümunəsindən AMP (metamfetamin) aşkar edilmişdir. - 15 iyul 2025-ci il tarixli, 090 saylı “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, şübhəli şəxs Şəxs həmin tarixdə 18:00-da inzibati qaydada tutulmuşdur. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İXM-nin 206-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə - üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Şəxs narkotik vasitədən istifadə etməsi və əldə edərək saxlaması, beləliklə İXM-in 206-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün izahatı və iş materiallarındakı sübutlarla tam şəkildə sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 22-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs əməlini etiraf etməsini onun məsuliyyətini yüngülləşdirən hal hesab edir, məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halın olması və məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini, ümumilikdə onun əməlinin ictimai təhlükəliliyini və şəxsin qanuna zidd hərəkətlərini (öz evində digər qadınlarla birlikdə, həmçinin yetkinlik yaşına çatmayan uşağı da narkotik vasitə qəbul etməyə təhrik etməsi) nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli və həbsetmənin əvvəli onun tutulduğu xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 gün (on beş) müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 15 iyul 2025-ci il tarixdən saat 18:00-dan hesablansın. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinin müvəqqəti saxlama yerinə həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar