Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2578/2025 17.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1991-ci ildə Gəncə şəhərində doğulmuş, evli, orta təhsilli, işləməyən, Gəncə şəhəri, Heydər Əliyev prospekti, Gəncə Çay ərazisi, məhəllə F, sahə 1-də qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər BPİ 1-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 13 iyul 2025-ci il tarixdə saat 23 radələrində Gəncə şəhəri X12 yaxınlığında oturacaqdan X4 məxsus 160 manat dəyərində telefonu oğurlayaraq xırda talama əməllərini törətmişdir. Bununla da o, İXM-nin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsi tərəfindən 17 iyul 2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak etmiş Gəncə şəhər 1-ci Polis Şöbəsinin polis sahə rəisi, polis kapitanı X5 çıxış edərək bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından tərtib edilmiş material üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, törətdiyi əməllərə görə çox peşmandır həmçinin o, 2-ci qrup əlildir. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs müdəfiəçisi X7 izahatında bildirdi ki, Şəxs inzibati xətanı anlaqsız vəziyyətdə törətmişdir və əməlini etiraf edir. Himayəsində 2 azyaşlı övladı var. Qeyd olunanlara əsasən Şəxs barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarında olan Gəncə şəhər BPİ-nin 1-ci Polis Şöbəsinin təhqiqatçısının 15 iyul 2025-ci il tarixli qərarının surətindən görünür ki, Şəxs X4 məxsus 160 manat dəyərində mobil telefonu oğurlaması faktına görə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan inzibati qaydada tutma protokolundan görünür ki, Şəxs 16 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə yoxlama zamanı müəyyən edilmişdir ki, Şəxs 2-ci qrup əlildir və ona 180 manat pensiya təyin edilmişdir. Gəncə şəhər Narkoloji Dispanserinin 17 iyul 2025-ci il tarixli arayışdan görünür ki, Şəxs həmin dispanserdə 30 mart 2022-ci il tarixdən alkoqoldan asıllıqdan əziyyət çəkir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə səbəb olan inzibati xətaların Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. İnzibati xətaya görə məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Onun məsuliyyətini ağırlaşdıran hal müəyyən olunmadı. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edən İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 28.4-cü maddəsinə əsasən ictimai işlər aşağıdakı şəxslərə tətbiq oluna bilməz: 28.4.1. orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə, əlilliyi olan uşaqlara; 28.4.2. hamilə qadınlara; 28.4.3. himayəsində üç yaşınadək uşağı olan qadınlara; 28.4.4. üç yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilərə; 28.4.5. pensiya yaşına çatmış qadın və kişilərə; 28.4.6. hərbi qulluqçulara. Həmin Məcəllənin 30.2-ci maddəsində qeyd olunur ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 34-1-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətaya görə müəyyən edilmiş sanksiyada nəzərdə tutulmuş ictimai işlər və ya inzibati həbs növündə inzibati tənbehin tətbiq edilməsi bu Məcəllənin 28.4-cü və ya 30.2-ci maddələrinin tələblərinə əsasən mümkün olmadıqda, hakim inzibati xəta törətmiş şəxs barəsində bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş inzibati tənbeh əvəzinə iki yüz manatdan beş yüz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətaların xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən hal kimi inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığını və əməlini etiraf etməsini, onun məsuliyyətini ağırlaşdıran halların olmamasını, 2-ci qrup əlil olmasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, Azərbaycan Respublikası İXM-nin 34-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla onun barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həhmçinin Şəxs məhkəmədə 5 saat dövlət hesabına hüquqi yardım göstərmiş Gəncə Regional Vəkil Bürosunun vəkili X6 Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli, 31 saylı qərarına əsasən göstərdiyi hüquqi yardıma görə hər iş saatı üçün 11 manat hesablanmaqla 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-1, 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin və 250 (iki yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs dövlət hesabına hüquqi yardım göstərmiş müdafiəçi X3 işlədiyi Gəncə Regional Vəkil Bürosunun hesabına 55 (əlli beş) manat məbləğində pul Azərbaycan Respublikası Dövlət Büdcəsinin vəsaiti hesabına ödənilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli
Məhkəmə qərarları › İş №3(125)-2578/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2578/2025
17.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver