Məhkəmə qərarları › İş №3(125)-2603/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2603/2025

30.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2603/2025 30.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi ilə, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin xx.xx.2025-ci il tarixli EQ 29235104 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X2 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsinin onun barəsində qəbul etdiyi 14 iyul 2025-ci il tarixli EQ 29235104 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun şəxsi kabinetinə xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası DİN Baş X5 İdarəsinin İnzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında protokolu gəlmişdir. Qərarı araşdıran zaman, bir sıra nüanslar onu narahat etmiş və o səbəblə Gəncə şəhər X5 İdarəsinə yaxınlaşıb, elektron qərarı almışdır. Bu zaman qərarda onu qeydə alan texniki vasitənin modelinin, tipinin və markasının olmadığını, eləcə də sonuncu yoxlamadan keçmə tarixi, sertifikatlaşmasına dair nömrə yazıları olmamışdır. Başa düşmüşdür ki, protokol natamamdır və standartlara uyğun deyil. X3 Məcəlləsinin 81-ci maddəsi, 100.1.8-ci maddəsi, 122-ci maddəsi tələb olaraq pozulmuş, elektron qərarda sertifikatlaşmaya dair məlumatlar verilməmiş və elektron qərar hansı vasitə ilə qeydə alındığı bilinməmişdir. Həmçinin Nazirlər Kabinetinin 18 noyabr 2016-cı il tarixli 466 nömrəli qərarının 3 nömrəli əlavəsi pozulmuşdur. Belə ki, orada protokolun necə tərtib olunması göstərilmişdir. Elektron qərarda İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin “son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi, növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt” göstərilməmişdir. Eyni zamanda Nazirlər Kabinetinin 25 iyul 2017-ci il tarixli 305 nömrəli qərarının 2-1. bəndinin 1-1 nömrəli əlavəsi pozulmuşdur. Bildirir ki, onu qeydə alan texniki vasitə özünü ifadə etməli, yuxarıda göstərilən normalara tabe olmalıdır. Belə ki, “özü xətalı olan necə başqasına xəta tapır”. Həmçinin, elektron qərarda şəxsiyyəti təsdiq edən sənədin nömrəsi də səhv qeyd edilmişdir. Bu baxımdan protokol və qərar da natamamdır. Göstərilənlərə əsasən, sözügedən 14 iyul 2025-ci il tarixli EQ 29235104 nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 şikayətində göstərdikləri ilə eyni məzmunlu izahat vermiş, sədrlik edənin sualına cavab olaraq təhlükəsizlik kəmərini taxıb-taxmadığını xatırlamadığını, inzibati xəta törədilmiş olsa belə inzibati xətanın hansı əsasla hansı texniki vasitə ilə qeydə alınması, texniki vasitənin tipi, modeli, markası, və s. hallar göstərilmədiyini bildirmişdir. Bu səbəbdən də sözügedən qərardan narazıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayətçinin izahatını dinləyərək, iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş X5 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli EQ 29235104 nömrəli qərardan görünür ki, 14 iyul 2025-ci il tarixdə saat 08:39 radələrində “Hundai Elantra” minik markalı **-CY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edilərkən Azərbaycan Respublikası İXM-nin 329.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə, X2 həmin maddə ilə təqsirli bilinərək, 40 manat cərimə edilmişdir. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, şikayətçinin sözügedən inzibati xətanı törətməsi iş materiallarına əlavə edilmiş foto-şəkillərlə öz təsdiqini tapmışdır. Məhkəmə şikayətçinin dəlillərinə münasibətdə qeyd edir ki, həmin halları qeyd etməklə şikayətçi inzibati məsuliyyətdən yayınmaq istəyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X5 İdarəsinin 14 iyul 2025-ci il tarixli EQ 29235104 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar