Məhkəmə qərarları › İş №3(125)-261/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-261/2025

27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-261/2025 27.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər İcra Şöbəsinin nümayəndəsi X2, Zərərçəkmiş şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Gəncə şəhəri, Kəpəz rayonu, Heydər Əliyev prospekti, ev 265-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.1987-ci il Gəncə şəhərində anadan olmuş, ARnın vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Gəncə şəhər Məhkəməsinin 2(125)-2552/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən borclu Şəxs, 09 mart 2021-cı il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək şaxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İcra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra etməsi üçün bildiriş və inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıq borcluya təqdim edilmişdir. Hal-hazırda borclu Şəxs 1600(min altı yüz) manat aliment borcu mövcuddur. Borclu Şəxs icra sənədi üzrə olan borcunu tam şəkildə ödəyə bilmir. Belə ki, borclu Şəxs icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yerinə yetirmir. İcra sənədi üzrə icra məmuru tərəfindən zəruri icra tədbirləri görülmüş və bununlada borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin nümayəndəsi X4 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Lakin o borcunu tam şəkildə ödəməmişdir. O, bu zamana kimi borcundan 200 (iki yüz) manat ödəniş etmişdir. Odur ki, protokolun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, onun borcunu tam ödəməyə maddi imkanı yoxdur. O, 2024-cü ilin avqust ayından bu zamana kimi hər ay borcundan 50 (əlli) manat ödəniş etmişdir. Rəsmi maaşı yoxdur. Həftənin 2 günü ofisiant işləyərək aya 120 (yüz iyirmi) manat pul alır. Hal-hazırda 200 manat daha ödəniş etmişdir. Əgər uşaq xəstədisə, o uşağı götürə və onu müalicə elətdirə bilər. Nə resept yazılıbsa həmin dərmanları ala bilər. O, məhkəmədən sonda ona aliment borcunu hissə-hissə ödəmək üçün vaxt verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, uşaq xəstə uşaqdı. Xəstəxanada müalicə alır. O, borcun ödənilməsini və hər ay 200 (iki yüz) manat alimentin stabil ödənilməsini, ödənilmədiyi halda isə cəzalandırılmasını xahiş edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin 2(125)-2552/2024, şaylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən 09 mart 2021-cı il tarixində anadan olmuş X1 yetkinlik yaşına çatanadək şaxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qərara alınmışdır. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-2552/2024, şaylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə xx.xx.2024-cü il tarixdə icraat başlanılmışdır. İş materiallarında olan tələbin könüllü icrası haqqında xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu tərəfindən imza atılmaqla götürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixli xəbərdarlıqlardan görünür ki, Şəxs aliment borcunu ödəməsi ödəmədiyi halda isə İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilməsi barədə məlumat verilmişdir. İş materiallarında olan müayinə protokolundan görünür ki, X3 baş beyinin bioelektrik aktivliyində qabıq ritminin dezorqanizasiyası ilə yanaşı hər iki yarımkürənin müxtəlif strukturlarında paroksizmal aktivlik aşkar edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, zərərçəkmiş şəxsin, icra məmurunun və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməyərək, icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin icrasını təmin etməmişdir. Borclu aliment borcunun könüllü ödənilməsi ilə bağlı bildirişi aldıqdan sonra hal-hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımı qaydada ödənilməsinə laqeydlik göstərmişdir. Borclu Şəxs ofisiant işləməsinə baxmayaraq kifayət qədər ödəniş etməmiş, İcra sənədinin icrasına səhlənkar yanaşmışdır. Bu hal özünü aliment ödəməsinə baxmayaraq uşağı müalicə üçün götürə biləcəyini bildirməsi və reseptdə yazılan dərmanları ala biləcəyini bildirməsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi mövcuddur. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 27 yanvar 2025-ci il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar