Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-262/2025 23.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, protokolu tərtib etmiş şəxs – Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.2003-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə edilmiş müraciət əsasında narkotik vasitə qəbul etməsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə müayinəyə aparılmış, müayinə zamanı onun sidiyində narkotik vasitə THC (marixuana), psixotrop maddə MET (metamfetamin) və güclü təsir edən maddə PGB (preqabalin) aşkar edilmişdir. Bununla da o, İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Onun barəsində 23 yanvar 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən protokolu tərtib etmiş Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin polis sahə rəisi, polis leytenantı X4 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə edilmiş müraciət əsasında narkotik vasitə qəbul etməsində şübhəli olduğu üçün xx.xx.2025-ci il tarixdə müayinəyə aparılmış, müayinə zamanı onun sidiyində narkotik vasitə THC, psixotrop maddə MET (metamfetamin) və güclü təsir edən maddə PGB (preqabalin) aşkar edilmişdir. Bununla da Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmədən Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, protokolda qeyd edilən əməl onun tərəfindən törədilmişdir. Əməlindən peşmandır və bir daha narkotik vasitə, psixotrop maddə və güclü təsir edən maddələrdən istifadə etməyəcəkdir. Barəsində yüngül inzibati tənbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadə verərək, bildirdi ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs onun oğludur. Oğlu mütəmadi olaraq narkotik vasitələrdən istifadə edir. Sonuncu dəfə, yəni xx.xx.2025-ci il tarixdə oğlunun barəsində narkotik vasitə istifadə etdiyinə görə inzibati həbs növündə tənbeh tədbiri tətbiq edildi. Bundan sonra oğlu MSY-dən azad olunduqdan sonra hər şey normal idi. Onlar Bakı şəhərini gedib-gəldikdən sonra o, avtomobili park edənə qədər oğlu avtomobildən düşüb gözdən itdi. Bir müddət sonra evə gəldikdə evi dağıtmağa, qab-qaşığı sındırmağa, onu təhqir etməyə başladı, çox pis vəziyyətdə idi. Onda başa düşdü ki, oğlu yenidən narkotik vasitə istifadə etmişdir. Belə ki, o, həmişə narkotik vasitə istifadə etdikdən sonra bu vəziyyətdə olur. Sonda o, polis əməkdaşlarına məlumat vermək məcburiyyətində qalmış və polis əməkdaşları gəlib oğlu Şəxs aparmışlar. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: 22 yanvar 2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün material üzrə cinayət işinin başlanmasının rədd edilməsi, Şəxs törətdiyi əməldə Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin tərkibi olduğundan onun barəsində inzibati qaydada tədbir görülməsi məsələsinə baxılması üçün toplanmış material üzrə qəbul edilmiş qərarın surətinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-yə göndərilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, 293/2025 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolunun surətindən görünür ki, Şəxs sidiyində narkotik vasitə THC (marixuana), MET (metamfetamin) və PGB (preqabalin) aşkar edilmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 17:00-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2025-ci il tarixli 98 saylı rəydən görünür ki, Şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən, psixotrop maddə olan metamfetamindən, preqabalindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(125)-93/2025 nömrəli qərarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 15 (on beş) gün müddətində inzibati həbs edilməsi, inzibati həbsdə olmanın əvvəlinin 04 yanvar 2025ci il tarixdən saat 18:00-dan hesablanması qərara alınmışdır. Məhkəmə proses iştirakçılarının izahatını, şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla, özünün məhkəməyə verdiyi etirafedici izahatı, şahid ifadəsi və digər sənədlər ilə tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan az miqdarda hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə araşdırması zamanı Şəxs inzibati məsuliyyətə cəlb edilməsini istisna edən hallar, eləcə də onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Şəxs narkotik vasitə olan THC (marixuana), psixotrop maddə MET (metamfetamin) və güclü təsir edən maddə PGB (preqabalin) istifadə etməsi aşkar edilmişdir. Buna görə də Şəxs İXM-in 206-cı maddəsi ilə təqsirli bilinib tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını İXM-nin 32.1.1-ci maddəsinə əsasən onun məsuliyyətini yüngülləşdirən hal hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törətməsini İXM-in 33.1.2-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hal hesab edir. Məhkəmə inzibati xətanın xarakterini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, inzibati xətanın törədilməsi hallarını və üsulunu, o cümlədən iş üzrə əhəmiyyət kəsb edən digər xüsusatları nəzərə alaraq hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati cərimə tətbiq edilməsi tənbehin məqsədlərinə nail olmaq üçün kifayət deyildir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İXM-nin 206-cı maddəsi ilə təqsirli bilinərək 15 gün müddətə inzibati qaydada həbs edilməsinə baxmayaraq, o yenidən il ərzində eyni inzibati xətanı törətməklə islah olunmadığını göstərir. Bu səbəbdən Şəxs qanunlara hörmət ruhunda tərbiyələndirilməsi üçün məhkəmə ona məhz inzibati həbs tənbehinin tətbiq edilməsinin zəruriliyi qənaətinə gəlir. Həmçinin, məhkəmə Şəxs törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını ona inzibati həbs növündə tənbeh tədbirinin müddətini müəyyən edərkən nəzərə alır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37.1-37.5-ci maddələrinə əsasən inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Məcburi müalicənin tətbiq edilməsinin məqsədi bu Məcəllənin 37.1-ci maddəsində göstərilən şəxslərin müalicə olunmasından, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılmasından, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılmasından, gələcəkdə həmin şəxslərin insan psixikasına təsir göstərən maddələrdən sui-istifadəsinin və yeni inzibati xətalar törətməsinin qarşısının alınmasından ibarətdir. Barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edildikdə, məhkəmə bu barədə qanuni qüvvəyə minmiş qərarının surətini icra olunması üçün ixtisaslaşdırılmış tibb müəssisəsinə, habelə məcburi müalicənin icrasına nəzarət edilməsi üçün icra məmuruna göndərir. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserindən verilmiş xx.xx.2025ci il tarixli, 98 saylı rəyi və məhkəmə araşdırması ilə müəyyən edilmiş və bu səbəbdən məhkəmə hesab edir ki, onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli, inzibati həbs müddəti başa çatdıqdan sonra Şəxs müalicənin həyata keçirilməsi üçün ixtisaslaşmış müalicə müəssisəsinə təhvil verilməli və Şəxs narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 115, 128-130-cu və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 20 (iyirmi) gün müddətində inzibati həbs edilsin. İnzibati həbsdə olmanın əvvəli 22 yanvar 2025-ci il tarixdən saat 17:00-dan hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinin X2 həvalə edilsin. Qərar dərhal icra olunsun. Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji dispanserdə qeydiyyata alınsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-262/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-262/2025
23.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver