Məhkəmə qərarları › İş №3(125)-2628/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2628/2025

18.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2628/2025 18.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X7 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1959-cu ildə Samux rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Gəncə şəhəri Sədi küçəsi ev 33, mənzil 43-də yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2025ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Samux Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən Aslanov X3 Faiq Əsgər oğluna 60580 manat, həmin məhkəmənin 06 iyun 2017-ci il tarixli icra sənədinə əsasən isə X2 1350 manat ödəməlidir. Borclu icra sənədlərini qərəzli olaraq icra etmir, ona edilmiş xəbərdarlıqlara məhəl qoymur, bununla da, onun əməlində İXM-nın 528.1-ci maddəsinin tərkibi yaranmışdır. Onun barəsində Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 tərəfindən xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X5 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, borclu icra sənədini üzrsüz səbəbdən icra etmir, ona edilmiş xəbərdarlıqlara məhəl qoymur bununla da, onun əməlində İXM-nın 528.1-ci maddəsinin tərkibi yaranmışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə verdiyi izahatında bildirdi ki, barəsində olan icra sənədindən xəbərdardır, bu barədə icra məmuru onu məlumatlandırmışdır. Hazırda maddi vəziyyəti yaxşı olmadığından borcunu ödəməkdə çətinlik çəkir. Yaşı çox olduğuna görə heç bir yerdə işləyə bilmir. Qeyd edilənlərə əsasən barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. İş materiallarına əlavə edilmiş Samux Rayon Məhkəməsinin 07 aprel 2017-ci il tarixli icra vərəqəsinə əsasən Aslanov X3 Faiq Əsgər oğluna 60580 manat, həmin məhkəmənin 06 iyun 2017-ci il tarixli icra sənədinə əsasən isə X2 1350 manat ödəməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, toplanmış və məhkəmə baxışında tədqiq edilmiş sübutları araşdırıb, onlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları ilə sübuta yetirilməmişdir. Belə ki, Şəxs barəsində hər hansı bir icra tədbirlərinin görülməsi, sonuncunun isə bundan nəticə çıxarmaması, ümumiyyətlə borclunun qərəzli olması nə iş materialları, nə də ki icra məmurunun protokolunda öz təsdiqini tapmamışdır. Bundan başqa icra məmuru prosesdə tərtib etdiyi protokolu əsaslandıra bilməmiş, borclunun qərəzli olmasına dair sübutlar təqdim edə bilməmişdir. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-in 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərdən başqa məhkəmə onu da, qeyd etməyi zəruri hesab edir ki, icra məmuru məhkəmə iclasında borclunun qərəzli olmasını sübut edə bilməmiş, yalnız inzibati xəta haqqında protokolda yazılanları söyləməklə kifayətlənmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmaması əsası ilə xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının İXM-in 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar