Məhkəmə qərarları › İş №3(125)-2636/2025

Gəncə Şəhər Məhkəməsi Qərardad — İş №3(125)-2636/2025

22.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 3(125)-2636/2025 22.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlu, X1 inzibati xəta haqqında protokoldan verdiyi şikayət üzrə işin baxılmağa hazırlanması zamanı materialı nəzərdən keçirərək, m ü ə y y ə n e t d i: X2 iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 15 iyul 2025-ci il tarixdə Daşkəsən rayonunda tərtib edilmiş İXP ******* nömrəli inzibati xəta haqqında protokolun ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. X2 şikayətini onunla əsaslandırmışdır ki,15 iyul 2025-ci il tarixdə ona məxsus ** DH *** dövlət qeydiyyat nişanlı VAZ 21099 markalı avtomobilə Daşkəsən rayonu, Xoşbulaq kəndinin mərkəzi hissəsində hərkətdə olan zamanı Daşkəsən rayon Yol patrul xidmətinin inspektoru ona yaxınlaşaraq yol hərəkəti qaydalarını pozduğunu, o isə heç br pozuntuya yol vermədiyini bildirmişdir. Aralarında yaranmış sözlə mübahisədən sonra yol polisi qərəzli şəkildə onun barəsində inzibati protokol tərtib etmişdir. O isə razılaşmadığından protokola imza etməkdən imtina etmişdir. Həmin protokoldan narazıdır və ləğv olunması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, X2 tərəfindən inzibati xəta haqqında protokoldan verdiyi şikayət baxılmadan geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İXM-in 128.1-ci maddəsinə əsasən: Barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 130.1.-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu baxımdan məhkəmə Azərbaycan Respublikası İXM-in qeyd olunan normasına əsasən qeyd edir ki, X2 şikayət İXP ******* nömrəli protokolun ləğv edilməsini xahiş etsə də, inzibati xətalar haqqında qanunvericilikdə inzibati xəta haqqında protokoldan deyil, inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət verilə bilməsi nəzərdə tutulmuşdur. Başqa sözlə, qanunveriliyə əsasən inzibati xəta haqqında protokoldan məhkəməyə şikayət verilə bilməz. Digər tərəfdən məhkəmə qərardan şikayət verilməsinə isə münasibət bildirərək qeyd edir ki, inzibati xəta hadisəsi Daşkəsən rayonu, Xoşbulaq kəndi ərazisində törədilmişdir. Ona görə də, şikayətçi tərəfindən inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayət ərizəsi Daşkəsən Rayon Məhkəməsinə verilməlidir. Həmçinin, şikayət ərizəsinin forma və məzmununa dair tələblərə riayət edilməmiş, şikayətçi şikayət ərizəsini iddia ərizəsi formasında tərtib etmişdir. Belə olan halda şikayət ərizəsinə baxılıb hüquqi qiymət verilməsi mümkün deyildir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 109.1.6 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraalır: X1 15 iyul 2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar