Məhkəmə qərarları › İş №3(125)-264/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-264/2025

24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-264/2025 24.01.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci və 343.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 11 yanvar 2025-ci il tarixdə, saat 20:00 radələrində “Vaz 21061” minik markalı, **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan Respublikası İXM-nin 327.1-ci və 343.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol tərtib edilmişdir. İş üzrə inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhər BPİ-nin DYPŞ-nin yol patrul xidməti inspektoru polis serjantı X1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Odur ki, məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati icraat aparılan şəxs Şəxs ifadəsində bildirmişdir ki, anası dializ xəstəsidir və o, həmin gün xəstələndiyindən məcbur qalıb iynə gətirmək üçün evdən çıxmış, qayıdan zaman Yol Patrul Xidmətinin əməkdaşı onu saxlamış və sənədlərinin təqdim etməsini təklif etmişdir. O, sənədlərin olmadığını bildirdikdə polis əməkdaşı onu müayinədən keçmək üçün dispanserə aparmışdır. Müayinə zamanı o, spirtli içki qəbul etmədiyini bildirərək müayinədən imtina etmişdir. O, ifadəsinin sonunda ailəni yeganə dolandıran şəxs olduğunu bildirərək ona cərimə növündə inzibati tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında 11 yanvar 2025-ci il tarixli, 200/2025 saylı protokoldan aydın olur ki, Şəxs həmin gün müayinədən keçməkdən imtina etmişdir. Məhkəmə, Şəxs izahatını və barəsində tərtib edilmiş xx.xx.2025-ci il tarixli İXP ******* saylı protokolu həmçinin, ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, o, İXM-nin 343.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsinə əsasən bu Məcəllənin 334.1-ci maddəsində nəzərdə tutulmuş hallarda sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinəyə aparılmış nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin tibbi müayinədən imtina etməsinə görə beş yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 6.1-ci maddəsinin tələbinə görə, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş Şəxs ailəyə yeganə qazanc gətirən şəxs olmasını və himayəsində xəstə anasının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır, onun məsuliyyətini ağırlaşdıran hallar isə müəyyən olunmamışdır. Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 343.4-cü maddəsi ilə yanaşı, 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaya dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları, barəsində inzibati xəta haqqında işüzrə icraat aparılan şəxsin şəxsiyyətini və törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 343.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 500 (beş yüz)manat məbləğində cərimə edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar