Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2663/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X2 iştirakı ilə, X4 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1,342.5 və 342.2.3cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2025-ci il tarixdə etibarnamə ilə idarə etdiyi “BMW” 323 minik markal 77GR349 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Gəncə şəhər DYPŞ-nin əməkdaşları maşını saxlama işarəsi vermişlər və maşını saxlamış və maşından düşmüşdür. DYPŞ-nin əməkdaşı yaxınlaşmış və özünü təqdim etmədən soruşub ki, niyə maşının arxası aşağıdır. O bildirib ki, maşının heç bir texniki qanunsuzluğu yoxdur, yayları zavod istehsalıdır, o bu maşını Bakı şəhərində də idarə edib, nə şəhərlərarası magistral yolda, nə də paytaxtda hərəkəti zamanı ona belə bir irad bildirilməyib, çünki həqiqətən də pozuntu yoxdur. Lakin YPX əməkdaşı maşını yenə də duracağa aparıb. Gəncə şəhər DYPŞ-də də məsul şəxs Ramin müəllimə yenə də maşının heç bir qanunsuzluğu olmadığını bildirib. O isə cavabında deyib ki, yarım saat gözləyin şəhərdəki maşınlara baxaq görək hamısının duruşu bu cürdürsə, maşını azad edəcəyik. Beləliklə o gedib və 2 saat sonra qayıdıb. Guya ki, ekspert olan şəxs gəlib və maşının yaylarını müayinə etmək istəyib. Qeyd edir ki, onun necə mütəxəssis olmasını başa düşə bilməyib, çünki maşının yayını tapa bilməyib. Axırda o, maşının təkərini söküb yayları ona göstərib. Həmin yaşlı şəxs bildirib ki, yayda heç bir problem yoxdur. Halbuki müayinə də xüsusi aparatla həyata keçirilməlidir. Amma bu şəxs gözü ilə baxıb guya ki, müayinə edib. O, inzibati otağa gedib gələndən sonra isə ona elan ediblər ki, guya, maşının yayında problem var. Beləliklə, heç bir əsas olmadan, düzgün müayinə aparılmadan ona cərimə yazıblar. Qərarın surətini isə vermək istəməyiblər. Prokurorluğa şikayət edəndən sonra qərarın surətini ona veriblər. Qərarda tamamilə haqsız qərardır. Qeyd edilən inzibati xətaların heç biri baş verməyib. Odur ki, məcbur qalıb şikayət ərizəsi ilə müraciət etməli olub.. Ona görə də Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxsin və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X4 barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən Azərbaycan Respublikası İXM-nin 327.1,342.5 və 342.2.3-cü maddələri ilə təqsirli bilinərək 150 (yüz əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1,342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 342.5 və 342.2.3-cü maddələrində göstərilir ki: nəqliyyat vasitəsinin tam kütləsinin və bu kütlənin oxlar üzrə paylanmasının, ağırlıq mərkəzinin, təkər bazasının və ya təkər düsturunun pozulmasına, yaxud tormoz və sükan idarə sisteminin əvəz olunmasına səbəb olan dəyişikliklər edilməsinə və xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -əlli manat məbləğində cərimə edilir. Həmin maddələrin mənasından aydın olur ki, İXM-nin 327.1-ci maddəsində göstərilir ki, Yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə-qırx manat məbləğində cərimə edilir. Lakin Gəncə şəhər Baş Polis İdarəsinin DYPŞ-i tərəfindən heç bir qanuni araşdırılma aparılmadan X4 İXM-nin 327.1,342.5 və 342.2.3-cü maddələri ilə təqsirli bilinmiş və belə olan halda məhkəmə hesab edir ki, İXM-nin həmin maddələri ilə nəzərdə tutulan inzibati xətaların törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İXM-nin müddəalarından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə qoyulsa da, həmin orqan xx.xx.2025-ci il tarixlərə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumatlandırılmasına baxmayaraq səlahiyyətli orqan öz nümayəndəsinin iştirakını təmin etməməklə yanaşı, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 342.2.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları da iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində qeyd edilən maddələr üzrə inzibati xəta tərkibi olmadığından onun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Gəncə şəhər Baş Polis İdarəsinin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Gəncə şəhər BPİ-nin X7 Şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1, 342.5 və 342.2.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2663/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2663/2025
31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver