Məhkəmə qərarları › İş №3(125)-267/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-267/2023

01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-267/2023 01.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş X1, zərərçəkmiş Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, Gəncə şəhəri, Nizami rayonu, 20 yanvar küçəsi, 10-cu dalan ev 3B-də qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2023-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X2 tərəfindən tərtib edilmiş xx.xx.2023cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, borclu Şəxs Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-481/2022 nömrəli icra sənədi əsasında Xədicə adlı uşağın saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədinin icrasının təmin etmək məqsədi ilə borclu Şəxs tələbin könüllü icra edilməsi üçün borcluya bildiriş təqdim edilmiş, borclunun inzibati məsuliyyətə veriləcəyi barədə xəbərdarlıqdar göndərilmiş, bundan əlavə borclu ilə telefon vasitəsi ilə əlaqə saxlanılmış borcun ödənilməsi tələb edilmişdir. Hal-hazırda borclu Şəxs aliment borcu 1544 manat təşkil edir. Borclu Şəxs izahatı alınmışdır. O, izahatında aliment borcunu hissələrlə ödəyəcəyini bildirmişdir. Borclu Şəxs qanunla müəyyən edilmiş müddət ərzində borcunu ödəməkdən boyun qaçırır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X2 izahatında bildirdi ki, icra sənədinin icrasını təmin etmək məqsədi ilə borcluya tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq təqdim edilmiş, borcun ödənilməsi tələb edilmişdir. Borclu məhkəmə qərarından əvvəl lakin məhkəmə qərarında alimentin ödənilməsi nəzərdə tutulan xx.xx.2022-ci il tarixdən sonra Rusiyada yaşadığı müddətdə zərərçəkmiş şəxsə 334 manat ödəniş etməsi ilə bağlı sənədlər təqdim etmişdir. Bugün üçün isə 250 manat daha ödəniş etmişdir. Lakin icra sənədində göstərilən borcunu tam şəkildə ödəmədiyindən onun tələbkar qarşısında 250 manat ödəniş etdikdən sonra 1294 manat borcu ödənilməmiş qalır. Hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, məhkəmə qətnamsəində qeyd edilən müddət ərzində, qətnamədə qeyd edilən miqdardan daha çox zərərçəkmiş şəxsə ödəniş etmişdir. Bunların bəziləri ilə bağlı qəbzi icra məmuruna təqdim etmişdir. Hal-hazırda 250 manat daha ödəniş etmişdir. Qalan məbləği isə qısa müddət ərzində ödəyəckdir. Hal-hazırda işləmir deyə ödənişlərlə bağlı ləngimə olmuşdur . Bundan sonra da borcunu icra edəcəkdir. O, borcunu ödəməkdən qəsdən yayınmır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirdi ki, Şəxs məhkəmə qətnaməsindən əvvəl, aliment ödənilməli olduğu olan dövrdə ödənişlər etsə də bu övladı ilə bağlı olmamışdır. Hal-hazırda 250 manat ödəniş etmişdir. Borcun digər hissəsi isə ödənilməmiş olaraq qalır. Borcludan şikayətçidir. İnzibati xəta haqqında icraat aparılan Şəxs barəsində qanuna müvafiq qərar qəbul edilməsini xahiş edir. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 481/2022 nömrəli icra vərəqəsindən görünür ki, Xədicə adlı uşağın saxlanılması üçün xx.xx.2022-ci il tarixdən hər ay 193 (yüz doxsan üç) manat aliment tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İş materiallarında olan əl yazma qəbzin surətindən görünür ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə əlyazma qəbz tərtib edərək qeyd etmişdir ki, o, Şəxs tərəfindən ona çatası 1544 manat aliment borcundan 250 manat məbləğində etdiyi ödənişi qəbul etmişdir. İş materiallarında olan qəbzlərin surətindən görünür ki, Səlmanov X3 olduğu müddətdə Zərərçəkmiş şəxs 334 manat ödəniş etmişdir. Məhkəmə ilk öncə onu qeyd edir ki, iş materiallarından görünür ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-481/2022 nömrəli icra sənədi üzrə icraat xx.xx.2023-cü il tarixdə başlanılmış və tələbin könüllü icrası haqqında bildiriş borcluya xx.xx.2023-cü il tarixdə rəsmi qaydada təqdim edilmiş və ona tələbi könüllü icra etməsi üçün 10 gün müddət verilmişdir. Tələbin könüllü icrası üçün verilmiş 10 günlük müddət xx.xx.2023cü il tarixdə başa çatmışdır. Bundan sonra isə icra məmuru tərəfindən aparılmış araşdırma nəticəsində borclunun mülkiyyətində “**********” qeydiyyat nömrəli fərdi yaşayış evi olduğu müəyyən edilmişdir, lakin icra məmuru tərəfindən tələbin həmin yaşayış evinə yönəldilməsinə dair heç bir icra hərəkəti həyata keçirilməmişdir. Həmçinin icra məmuru borclunun tələbin yönəldilə biləcəyi başqa daşınar əmlaklarının olub-olmamasını, eləcə də gəlirlərinin olubolmamasını araşdırmadan, bu barədə sübutları toplamadan borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Bundan başqa Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. İş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən olunur ki, Şəxs məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcundan 250 manat ödəniş etmiş, bundan sonra da qısa müddət ərzində borcunu ödəyərək hər ay ödəniş etmək niyyətindədir. Göründüyü kimi, borclu borcunu ödəməkdən qəsdən yayınmamış, sadəcə maddi imkanı olmadığı üçün borcunu tam şəkildə ödəyə bilməmişdir. Bu vəziyyətdə, borclunun həqiqətən də icra sənədində göstərilən borcu ödəmək üçün faktiki imkanlarının olmasını sübuta yetirmək səlahiyyətli orqanın nümayəndəsinin (icra məmurunun) üzərinə düşür. Lakin, icra məmuru bu barədə sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda Şəxs əməlində icra sənədini üzrsüz səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta tərkibi olmadığından, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar