Məhkəmə qərarları › İş №3(125)-2698/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2698/2023

23.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2698/2023 23.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinin sahə rəisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabit oğlunun iştirakı ilə, Şəxs Sabit oğlunun barəsində Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsindən daxil olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206, 333- 1.1 və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Sabit 21 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobillə qayda pozuntusu törətdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polisin qanuni tələbinə tabe olmamışdır. Onun narkotik vasitə təsiri altında olmasına dair şübhə yaranmış, müayinə zamanı sidiyində THC (kannaboid) aşkar edilmişdir. Ona görə də barəsində İXM-nin 206, 333-1.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və toplanmış materiallar aidiyyatı üzrə baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs 1-ci Polis Şöbəsinin sahə rəisi X2 inzibati xəta haqqında protokoldakı inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabit oğluna inzibati tənbeh verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Sabit bildirdi ki, o, təxminən 10 gün əvvəl toy məclisində içkili olduğundan narkotik vasitə marixuana istifadə edən dostları ilə birlikdə marixuana çəkmişdir. Bir neçə gün sonra ona məxsus BMW markalı avtomobili yolun kənarında saxlamış, ona yol polis əməkdaşı yaxınlaşmışdır. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda yalnışlıq olmasını, onun düzəldilməsi məqsədilə onu yol polis şöbəsinə dəvət etmişdir. O isə etiraz etməyərək yol patrul avtomobilinin arxası ilə sürmüşdür. Yol polis şöbəsində olan zaman onu əlavə olaraq, narkoloji müayinədən keçirmişlər. Bu zaman o, təxminən 10 gün öncə narkotik vasitə istifadə etdiyindən sidiyində kannaboid aşkar edilmişdir. Əməlindən peşmandır. Barəsində yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsin, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyərək, inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək məhkəmə hesab edir ki, Şəxs Sabit oğlunun əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi olmasa da, barəsində İXM-in 206 və 333-1.1-ci maddəsi ilə protokolun tərtibi əsaslıdır. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan Şəxs Sabit oğlunun barəsində tərtib edilmiş 23 oktyabr 2023-cü il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Sabit 21 oktyabr 2023-cü il tarixdə idarə etdiyi avtomobillə qayda pozuntusu törətdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılmışdır. Bu zaman polisin qanuni tələbinə tabe olmamışdır. Onun narkotik vasitə təsiri altında olmasına dair şübhə yaranmış, müayinə zamanı sidiyində THC (kannaboid) aşkar edilmişdir. Ona görə də barəsində İXM-nin 206, 333-1.1 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş: 23 oktyabr 2023-cü il tarixli “cinayət işi başlanmasının rədd edilməsi haqqında” Qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş, onun İXM-nin 206, 333-1.1 və 535.1-ci maddələri məsuliyyətə cəlb edilməsi üçün materiallar 1-ci Polis Şöbəsinə göndərilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 23 oktyabr 2023-cü il tarixli Rəyindən görünür ki, Şəxs narkotik vasitə kannaboidlərdən epizodik istifadə edir, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmasl məsləhər görülür. 21 oktyabr 2023-cü il tarixli “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” Aktından görünür ki, Şəxs sidiyində THC aşkar edilmişdir. 23 oktyabr 2023-cü il tarixli “inzibati qaydada tutma haqqında” Protokoldan görünür ki, Şəxs Sabit 21 oktyabr 2023-cü il tarixdə inzibati qaydada tutulmuşdur. Beləliklə, Şəxs Sabit oğlunun İXM-nin 206 və 333-1.1 maddələri ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün etirafedici izahatı və həmçinin işdə olan digər sübutlarla tam sübuta yetirildi. İnzibati protokolda göstərilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, Şəxs Sabit oğlunun əməlində həmin maddənin tərkibinin olması nə iş materialları, nə də tərəflərin izahatları ilə öz əksini tapmır. Həm Şəxs Sabit oğlunun, həm də digər proses iştirakçılarının izahatlarından görünür ki, Zahid polisin qanuni tələbinə könüllü tabe olaraq polis idarəsinə getmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin İXM-nin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İnzibati xəta törətmiş şəxs Şəxs Sabit oğlunun səmimi etirafı onun məsuliyətini yüngülləşdirən hal kimi nəzərə alınır. Məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, bir şəxs iki və ya daha çox inzibati xəta törətdikdə, onun barəsində hər bir inzibati xətaya görə ayrılıqda inzibati tənbeh tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən, şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. İXM-in 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. İXM-nin 333-1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsinin narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir edən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə altı yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. Yuxarıda sadalanan qanunvericiliyin maddələrinə əsaslanaraq, məhkəmə Şəxs Sabit oğlunun şəxsiyyətini, yaşını, törətmiş olduğu xətanın xarakterini, inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq ona inzibati cərimə növündə tənbehin təyin edilməsini məqsədəuyğun hesab edir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Sabit oğlu barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Şəxs Sabit oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206 və 333- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinin sanksiyası çərçivəsində 300 (üç yüz) manat məbləğində inzibati tənbeh növündə cərimə edilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar