Məhkəmə qərarları › İş №3(125)-2709/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2709/2024

20.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2709/2024 20.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs, Zərərçəkmiş şəxs iştirakları ilə xx.xx.1985-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Tovuz rayonu, Eldəniz Quliyev küçəsi, ev 8-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, Müəyyən etdi: Şəxs Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsində tərtib olunmuş material baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 4-cü polis bölməsinin polis sahə rəisi, polis mayoru X4 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Cavadxan qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinin 3 ədəd ümumi dəyəri 350 manat olan qapısını sındırmış və zərər vurmuşdur. Məhkəmə iclasında iştirak edən Şəxs bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə Aysel onun şəxsi mobil nömrəsinə zəng edərək Tovuz rayonuna getmək və yeyib içmək istədiyini bildirmiş oda razı olmuş gəlib öz şəxsi maşını ilə götürəcəyini bildirmişdir. O dostu İlkin ilə birlikdə Gəncə şəhərinə gəlmişdir. Gəldikdən sonra Ayseli və onun yanında olan tanımadığı bir nəfər qız onun maşınına minmişdir. Aysel ona Gəncə şəhəri, Cavadxan qəsəbəsinə getməklərini xahiş etmişdir. Oda xahişini qəbul edərək Gəncə şəhəri, Cavadxan qəsəbəsində yerləşən fərdi yaşayış evin sürüb getmişdir. Maşında olan zaman Ayselin yanındakı adı ona sonradan məluma olan Günay anası ilə danışmış, danışan zaman evdən paltarlarını götürəcəyini bildirmiş oda cavab olaraq açarı tapa bilməyəcəyini təqdirdə qapını qırmağını demişdir. Həmin ünvana çatdıqdan sonra Aysel və onun yanındakı qız düşüb içəri girmişlər, Günay qapıları sındıraraq oradan əşyalarını götürmüş və maşına minmişdir. O və dostu İlkin maşından düşməmişlər. İşləri qurtarandan sonra o maşını sürmüşdür. Oradan uzaqlaşan zaman Günay ona tez sürməyini demiş və o tez sürməyəcəyini bildirmişdir. Uzaqdan VAZ 2107 markalı avtomobilin arxasınca gəldiyini görüb maşını verib saxlamışdır. Həmin maşından bir nəfər düşərək özünü Günayın atası kimi təqdim etmişdir. Atası Günayı maşından düşürüb, çıxıb getmişdir. Ona da polis çağıracağını bildirərək, sürüb getməyini demişdir. O Zərərçəkmiş şəxs məxsus evə heç bir zərər vurmamış, ümumiyyətlə maşından düşməmişdir. Həmin hadisəyə görə dostu X2 İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat miqdarında cərimə edilmişdir.Qeyd edilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il Günayın rəfiqəsi Aysel ona zəng edərək ona məxsus onların evdə olan paltarları götürmək istədiyini bildirmiş oda işləri olduğu üçün ona 30 dəqiqəyə gələcəyini cavab olaraq bildirmişdir. Lakin o Daşqın inşaata yaxınıymış və dərhal ona məxsus evə getmişdir. Evə getdikdə yolda ona məxsus evdən ağ rəngli xarici maşın çıxdığını görmüş və dərhal onu arxası ilə sürmüşdür. Nə qədər etsədə saxlamamış lakin yol dağınıq olduğu üçün maşının qarşısını kəsərər maşını saxlamışdır. Avtomobildən 2 nəfər oğlan düşmüşdür. O onlara 14 yaşlı qızı Günayın yanlarında nə gəzdiyini soruşmuş onlar ona cavab olaraq Aysel adlı rəfiqəsi gətirib onların heçnədən xəbəri olmadıqlarını bildirmişdir. O öz qızını dərhal ona məxsus olan avtomobilə mindirmiş və evə getmişdir. Həmin şəxslər barəsində AR DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. İnzibati icraat aparılan şəxs ilə barışmır, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında qanuni nümayəndəsi X1 iştirakı ilə şahid qismində dinirilmiş X3 bildirmişdir ki, hadisədən əvvəl olan 3 gündür ki, o rəfiqəsi Aysel ilə qalırdı. Atası Tahir anası Nargül ilə dalaşdığı üçün evdən çıxıb getmişlər. xx.xx.2024-cü il tarixdə o padruqası Ayselə paltarı və heçnəyi olmadığını bildirmiş və onların evinə gedib paltar götürməli olduğunu bildirmişdir. Oda razılaşaraq qohumu kimi təqdim etdiyi Həsən adlı şəxs Ayselin evinə gələrək onları götürmüş və onlar Gəncə şəhəri Cavadxan qəsəbəsində yeıləşən fərdi yaşayış evinə getmişlər. Daha sonra evin içərisinə daxil olmuş və bütün qapıların bağlı olduğunu görmüşlər. O nə qədər etsə də qapını aça bilməmişdir. Sürücü Həsən adlı şəxs və yanında gələn oğlan əl ilə mətbəxin qapısını qırmışlar və o içəri daxil olaraq ayaqqabısını götürmüşdür. Sonra paltarını götürmək üçün eyni qaydada oğlanlar qapını qırmışlar və o girib əşyalarını götürmüşdür. Maşına əyləşərək biraz getikdən sonra atası Tahir onların qarşısına çıxmış oğlanlar qorxduqları üçün maşını əks istiqamətdə sürəndə atası onların dalınca sürmüş maşını dayandırmış və onu öz maşınına otuzdurmuşdur. Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmişlər, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Gəncə Şəhər Baş Polis İdarəsinin 4-cü polis bölməsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs müraciəti əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs zərərçəkmiş şəxsin evinə 350 manat məbləğində ziyan vurduğundan, onun əməlində İXMin 232-1-ci maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 4-cü polis bölməsinə göndərilmişdir. “Avtomotoservis və ticarət” müəssisəsinin 08 iyul 2024-cü il tarixli sərbəst bazar qiymətləri əsasında hazırlanmış qüsur aktı-rəyindən görünür ki, baş vermiş hadisə nəticəsində fərdi yaşayış evinə dəymiş zərərin ümumi məbləği 350 manat müəyyən edilmişdir. “İnzibati xəta haqqında iş üzrə icraata başlanması və inzibati araşdırmanın aparılması haqqında” qərardaddan görünür ki, 4-cü PB-nin TB-nin xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən əməlində Azərbaycan Respublikasının İXM-nin 232-1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyət olan, Tovuz rayonu, Aşağı Öysüzlü kəndində qeydiyyatda olan xx.xx.1985-ci il təvəllüdlü Şəxs barəsində inzibati xəta haqqında icraatın başlanılması qərara alınmışdır. Gəncə şəhər Məhkəməsinin 3(125)-2708/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X2 İXM-nin 232-1-ci maddəsi ilə təqsirli bilinərək 350 manat miqdarında cərimə edilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs özünü təqsirli bilməsə də onun tərəfindən Azərbaycan Respublikası İXM-in 232-1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi zərərçəkmiş şəxsin, şahidin ifadəsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə inzibati icraat aparılan şəxsin qapını sındırmaması ilə bağlı ifadəsini özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: -21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. -12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. -31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası həddində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, vurulmuş ziyanın 1 (bir) misli miqdarında, yəni 350 (üç yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar