Məhkəmə qərarları › İş №3(125)-2710/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2710/2024

23.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2710/2024 23.07.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Xanməmmədova Liza Əliəşrəf qızının sədrliyi, Musayev Musa Tofiq oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi barədə Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər DYPŞ axtarış üzrə inspektor polis leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 00:10 radələrində “Vaz 21074” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili Gəncə şəhəri inzibati ərazisində idarə edərkən avtoxuliqanlıq etdiyinə görə Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş, Gəncə şəhər DYPŞ axtarış üzrə inspektor polis leytenantı X2 protokolun məzmununa uyğun izahat verərək Şəxs xx.xx.2024-cü il tarixdə, saat 01:09 radələrində “Vaz 21074” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə A.Ziyatxanov küçəsində avtoxuliqanlıq etdiyini və barəsində İXM-in 511.1.3-cü maddəsi ilə inzibati protokol tərtib olunduğunu bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs xx.xx.2024-cü il tarixdə təxminən saat 01:09 radələrində Adil Ziyatxanov prospektində dostunun “Vaz 21074” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobilini idarə edərkən əsəbi olduğundan və psixoloji durumu yerində olmadığı üçün tez-tez əyləncdən istifadə edərək avtomobili idarə etdiyini bildirmişdir. O, məqsədinin avtoxuliqanlıq olmadığını, vətən müharibəsində iştirak etməsini və himayəsində 3 uşağının olmasını bildirərək bir daha belə səhvlərə yol verməyəcəyinə dair söz vermiş və barəsində olan inzibati işin xitam edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskdə olan video görüntülərdən görünür ki, Şəxs idarə etdiyi “Vaz 21074” markalı, **-EZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarındakı sübutları tədqiq edərək hesab edir ki, toplanmış sübutlarla Şəxs inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl İXM-in 511.1.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası İXM-in 511.1.3-cü maddəsində qeyd edilir ki, mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasına görə–nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, protokol tərtib etmiş şəxsin izahatı, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, habelə inzibati materialda olan videogörüntü və digər sənədlərlə Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. - 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati tənbeh növünü tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, əmlak vəziyyətini və onun təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə baxışında Şəxs himayəsində 3 uşağının olmasını və İİ Qarabağ müharibəsində iştirak etməsini onun məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs əsas tənbeh kimi törətdiyi inzibati xətaya görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla həmin maddədə nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə tətbiq edilməsini inzibati tənbehin məqsədlərinə nail olmaq üçün kifayət hesab edir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmadığını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinməli, onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, nəqliyyat vasitəsini idarə etmək hüququ 1 (bir) il müddətinə məhdudlaşdırılmaqla, 500 (beş yüz) manat cərimə edilsin. Qərarın icrası Gəncə Şəhər Baş Polis İdarəsinə və Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət yol polisi şöbəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Liza Xanməmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar