Məhkəmə qərarları › İş №3(125)-2713/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2713/2024

13.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2713/2024 13.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, AR ƏƏSMN yanında X8 Xidmətinin nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X1 iştirakları ilə, Şəxs (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair AR ƏƏSMN yanında X8 Xidməti tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair AR ƏƏSMN yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol baxılması üçün xx.xx.2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” İnformasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasında müəyyən olunmuşdur ki, işğaldan azad olunmuş ərazilərdə iş icazəsi alınmış X4 xx.xx.2024-cü il, X7 xx.xx.2024-cü il, X5 xx.xx.2024-cü il tarixdən hazırki tarixədək əmək müqaviləsi Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb olunmuşdur. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında AR ƏƏSMN yanında X8 Xidmətinin nümayəndəsi X13 iclasda bildirmişdir ki, həmin hal Bakı şəhərində müəyyən edilmişdir. Lakin hadisə ilə bağlı Şəxs MMC-yə gedilib, həmin şəxslərin hər hansı işlərə cəlb olunub olunmaması aydınlaşdırılmamışdır. Protokolu müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin direktoru X6 izahatında bildirdi ki, “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” informasiya sistemi üzərindən icazə alınması Daxili İşlər Nazirliyinin səlahiyyətinə aid olan bir məsələdir. Həmin şəxslər üçün icazə istənilməsi hələ həmin şəxslərin işə cəlb olunması demək deyil. AR ƏƏSMN yanında X8 Xidməti əməkdaşalrı tərəfindən bir dəfə də olsa Şəxs MMC-yə gəlinməmiş, onların iş şəraiti ilə tanış olunmamışdır. Onlara barəsində protokol tərtib olunması ilə bağlı məlumat çatan kimi Bakı şəhərində gedərək AR ƏƏSMN yanında X8 Xidmətinə həmin işçilərin əmək müqaviləsi və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmrin surəti təqdim edilmişdir. Onlar orda haqlı olduğunu lakin işin artıq məhkəməyə göndərildiyini bildirmişlər. Bildirmək istəyir ki, protokolda qeyd olunan şəxslərdən X7 və X5 ilə 01 iyul 2024-cü il tarixdə əmək müqaviləsi bağlansa da Gəncədə baş ofisdə onların işləməsi ilə bağlı şərtlərlə razı olmadıqları üçün onların 01 iyul 2024-cü il tarixli ərizələrinə əsasən elə həmin tarixdə əmək müqaviləsinə xitam verilmişdir. X7 və X5 ümumiyyətlə hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. X4 ilə isə xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmış və onun özünün ərizəsinə əsasən xx.xx.2024-cü il tarixdə işdən azad olunmuşdur. Sadəcə ArchiCo MMC ilə onların arasında olan müqaviləyə əsasən işçilər üçün icazə həmin şirkət tərəfindən alınır. Onların işdən çıxması ilə bağlı məlumatların verilməsində problem olduğuna görə həmin şirkət tərəfindən həmin işçilər barəsində yenidən iş icazəsi alınmışdır. Odur ki, qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, Şəxs MMC ilə aralarında 01.07. 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin sonradan ona işin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda olduğu bildirildikdən sonra o elə həmin günü əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. O Şəxs MMC-də heç bir işin görülməsinə cəlb edilməmiş, bir gün də olsa işləməmişdir, umiyyətlə Qarabağ zonasına keçid etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, Şəxs MMC ilə aralarında 01.07. 2024-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Lakin sonradan ona işin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda olduğu bildirildikdən sonra o elə həmin günü əmək müqaviləsinə xitam verilməsi üçün müraciət etmiş və onun əmək müqaviləsinə xitam verilmişdir. O Şəxs MMC-də heç bir işin görülməsinə cəlb edilməmiş, bir gün də olsa işləməmişdir, umiyyətlə Qarabağ zonasına keçid etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixli əmək müqaviləsi əsasında Şəxs MMC-də fəhlə vəzifəsində işləmişdir. İş şəraiti ağır olduğuna görə xx.xx.2024-cü il tarixdə öz əriizəsi əsasında işdən azad olunmuşdur. Həmin tarixdən sonra Şəxs MMC adına hər hansı bir işin görülməsinə cəlb edilməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilərək araşdırılmış Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin internet saytının çıxarışından görünür ki, "Dayaq İnşaat” MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmış, təşkilatı-hüquqi forması - xarici hüquqi şəxsin filialıdır, ********** nömrəli VÖEN ilə fəaliyyət göstərir. Əmək müqaviləsinin bağlanması barədə xx.xx.2023-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC ilə X4 arasında fəhlə vəzifəsində işləməsi ilə bağlı əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "Dayaq İnşaat” MMC ilə X4 arasında bağlanmış əmək müqaviləsinə X2 ərizəsi əsasında xitam verilmişdir. Əmək müqaviləsinin bağlanması barədə xx.xx.2024-cü il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Şəxs MMC ilə X7 arasında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2024-cü il tarixli əmrdən görünür ki, "Dayaq İnşaat” MMC ilə X7 arasında bağlanmış əmək müqaviləsinə X3 ərizəsi əsasında xitam verilmişdir. Məhkəmə, proses iştirakçısının çıxışını dinləyərək, inzibati xəta haqqında materiala əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin məcəllənin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin məcəllənin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Konstitusiyanın 129-cu maddəsinin İİİ hissəsində qeyd edilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Konstitusiyanın 130-cu maddəsinin İX hissəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinə aid edilən məsələlərə dair qərarlar qəbul edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarları dərc edilməlidir. Azərbaycan Respublikasının Konstitsiya Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17, 18.2 və 18.3-cü maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair 12 yanvar 2023-cü il tarixli qərarında qeyd edilmişdir ki, bir xətaya görə iki subyektin, yəni həm hüquqi şəxsin, həm də onun vəzifəli şəxsinin məsuliyyətə cəlb edilməsi ondan irəli gəlir ki, inzibati xətanı törətmiş vəzifəli şəxs hüquqi şəxsin xeyrinə və ya maraqlarının qorunması üçün və məhz onun nəzarətsizliyi nəticəsində hüquqazidd hərəkət (hərəkətsizlik) edir. Bu zaman öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən, yəni İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsi ilə nəzərdə tutulan vəzifəli şəxslə Məcəllənin 18.2-ci maddəsi ilə müəyyən edilən, hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan şəxsin eyni şəxs (fərd) olması müstəqil hüquqi məna kəsb etmir. Belə ki, faktiki məzmun baxımından hər iki subyektin törətdiyi inzibati xətanın eyni xəta olmasına baxmayaraq, onların inzibati xətaya görə məsuliyyətə cəlb edilməsinin əsasları fərqlidir. Lakin o da nəzərə alınmalıdır ki, İnzibati Xətalar Məcəlləsinin 18.3-cü maddəsi imperativ norma kimi ifadə edilməmişdir. Bu baxımdan, vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır (İnzibati Xətalar Məcəlləsinin 31.2 və 31.3-cü maddələri). Həmçinin plenum qeyd edir ki, məhkəmələr inzibati xəta haqqında işin mühüm əhəmiyyət kəsb edən bütün hallarını hərtərəfli, tam və obyektiv araşdırmaqla müvafiq xətaya görə həm hüquqi, həm də vəzifəli şəxsin inzibati tənbeh edilməsinin məqsədəmüvafiqliyi məsələsini inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri, həmçinin inzibati tənbehin məqsədləri baxımından həll etməlidir. Eyni zamanda Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, hüquqi şəxslərin inzibati xətaya görə məsuliyyətə cəlb edilib-edilməməsi məsələsinin həlli zamanı məhkəmələr tərəfindən hüquqi şəxsin baş vermiş inzibati xətanın qarşısının alınması üçün imkanlarının olub-olmaması, onun tərəfindən nəzarətin lazımi qaydada həyata keçirilibkeçirilməməsi müəyyən edilməlidir. Əks yanaşma hüquqi şəxslərə münasibətdə obyektiv təqsirləndirmə halı yaratmış olar. Azərbaycan Respublikası İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair AR ƏƏSMN yanında X8 Xidməti tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokoldan görünür ki, Şəxs MMC-nin İXM-nin 192.1-ci maddəsi barəsində protokol tərtib edilməsinə əsas “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonuna giriş” İnformasiya sistemi üzərindən əldə edilmiş məlumatlara əsasında işğaldan azad olunmuş ərazilərdə X4 xx.xx.2024-cü il, X7 xx.xx.2024-cü il, X5 xx.xx.2024-cü il tarixdə iş icazə alınması olmuşdur. Hüquqi şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olması üçün iş icazəsi alınmış şəxslərin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi lazım idi. Lakin məhkəmə iclasında dindirilmiş protokolda qeyd olunan şəxslərin ifadəsindən görünür ki, həmin şəxslər qeyd olunan tarixlərdən, yəni əmək müqavilələrinə xitam verildikdən sonra Şəxs MMC tərəfindən hər hansı bir işin görülməsinə cəlb edilməmişlər. AR ƏƏSMN yanında X8 Xidməti bu halları araşdırımadan əsassız olaraq sadəcə iş icazəsi alınmasını əsas gətirirərək hüquqi şəxsin barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Habuki hüquq şəxsin əməlində İXM-nin 192.1-ci maddəsinin tərkibi olunması üçün iş icazəsi alınması deyil həmin şəxslərin Şəxs MMC tərəfindən hər hansı bir işin görülməsinə cəlb edilməsi sübuta yetirilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Beləliklə əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayəti verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar