Məhkəmə qərarları › İş №3(125)-2717/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2717/2023

24.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2717/2023 24.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin polis sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, bina 8, mənzil 36-da qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə ilə bağlı Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində tərtib olunmuş materiallar baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhər, Ş.İ.Xətai pr-də yerləşn Kral yanacaq doldurma məntəqəsində olan işçilərin geyinib soyunma yerindən həmin yanacaq doldurma məntəqəsində işləyən Samux rayon Bağbanlar kəndində yaşayan X4 pul qabından 76 manat pulu gizli yolla oğurlamışdır. Həmçinin materiala əlavə edilmiş 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs Gəncə şəhəri 1 mkr, 1 saylı binanın qarşısındakı köşkdən X2 məxsus Samsung Galaxy A- 03 markalı mobil telefonunu və köşkün içərisində soyuducunun üstündəki içərisində 157 manat pul olan qara rəngli əl çantasını oğurlamışdır. Barəsində inzibati icraat aparılan Şəxs törətdiyi inzibati xətalar ilə bağlı ayrı-ayrı inzibati materiallar 24 oktyabr 2023-cü il tarixdə məhkəmənin icraatına daxil olduğundan, qeyd olunan materialların tam, ətraflı, obyektiv və vaxtında araşdırılmaqla ədalətli həll olunmasını təmin etmək məqsədi ilə məhkəmə İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materialların bir icraatda birləşdirilərək baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Gəncə şəhər 2-ci Polis Şöbəsi, polis sahə rəisi X3 inzibati xəta haqqında protokolların məzmununa uyğun çıxış edərək əlavə olaraq bildirdi ki, Şəxs əməllərində cinayət tərkibi olmadığından bütün materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş, lakin Şəxs tərəfindən törədilmiş xırda talama əməlləri İnzibati Xətalar Məcəlləsində 227-ci maddəsi ilə inzibati məsuliyyət yaratdığından, onun barəsində müvafiq protokollar tərtib edilərək məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs ona istinad olunan əməllər üzrə özünü tam təqsirli bilərək izahatında bildirdi ki, inzibati xəta haqqında protokollarda qeyd olunan əməlləri törətmişdir. Həmin əməlləri maddi vəziyyəti pis olduğu üçün törətmişdir. Törətdiyi əməllərə görə çox peşmandır. Onun barəsində yüngül tənbeh tədbiri tətbiq edilməsini xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” və xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, yuxarıda qeyd olunan əməlləri törətmiş şəxsin əməlində cinayət tərkibi olmadığından, onun əməlində Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsinin tərkibi olduğundan həmin şəxsin müəyyən olunaraq qanuna müvafiq tədbir görülməsi üçün qərarın surəti Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmiş, vətəndaşların şikayət ərizələri əsasında toplanmış materallar üzrə cinayət işinin başlanılması rədd edilmişdir. “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30 radələrində inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 227-ci maddəsinə əsasən xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə - yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. 85-ci maddəsinə əsasən icraatında inzibati xəta haqqında iş olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) fiziki şəxs tərəfindən törədilmiş inzibati xətada cinayət əlamətlərini aşkar etdikdə, materialları prokurora, ibtidai istintaq və ya təhqiqat orqanına göndərir. 114.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə əsasə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama deməkdir. Həmin Məcəllənin 177.2.3-cü maddəsinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Həmin maddənin qeyd hissəsinin 1-ci bəndinə əsasən Bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Şəxs Gəncə şəhəri 1 mkr, 1 saylı binanın qarşısındakı köşkdən X2 məxsus Samsung Galaxy A-03 markalı mobil telefonunu və köşkün içərisində soyuducunun üstündəki içərisində 157 manat pul olan qara rəngli əl çantasını oğurlamışdır. Bununla bağlı qeyd edilməlidir ki, “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” və xx.xx.2023-cü il tarixli qərarda Şəxs köşkə “daxil olma”sına qiymət verilməmişdir. İşin hallarından görünür ki, köçkün içərisinə yalnız zərərçəkmiş şəxsin daxil olma hüququ olmuş, digər şəxslər isə yalnız köşkdən çöldə nə isə almaq hüququna malik olmuşlar. Lakin təhqiqatçı tərəfindən bu hala diqqət yetirilməmiş və araşdırılmamışdır. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs əməllərində cinayət əlamətləri olduğundan, onun barəsində 24 oktyabr 2023-cü il tarixli MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Eyni zamanda 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokollar, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin etirafedici izahatı, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikası İXM-in 31.4-cü maddəsində qeyd olunur ki, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Beləliklə məhkəmə inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və məsuliyyəti ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsində nəzərdə tutulan inzibati xətaların törədilməsində təqsirli bilinməli, 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, 24 oktyabr 2023-cü il tarixli MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli, müvafiq materiallar baxılması üçün Gəncə şəhər prokuroruna göndərilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli nömrəli protokolda göstərilən əməl üzrə 25 (iyirmi beş) gün müddətinə inzibati həbs növündə tənbeh təyin edilsin. 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol üzrə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. 24 oktyabr 2023-cü il tarixli MN ******* nömrəli protokol üzrə toplanmış materiallar araşdırma aparılması üçün Gəncə şəhər prokuroruna göndərilsin. Həbsetmənin əvvəli 23 oktyabr 2023-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhəri Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar