Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-273/2024 19.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və zərərçəkmiş şəxs X2 iştirakları ilə, xx.xx.1982-ci il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Gəncə şəhəri, X8 küçəsi, ev 37 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Şəxs 3877,11 manat məbləğində pul vəsaiti, 100 manat xidmət haqqı və 60 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hüquqi varisi X3 ödənilməlidir. İcra sənədi müvafiq olaraq xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o, borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Gəncə şəhər Məhkəməsinin 3(125)-1435/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Hazırkı tarixə borclu Şəxs icra sənədi üzrə 3687 manat məbləğində borcu qalmaqdadır. Borclu Şəxs sonuncu izahatında borcunu tam şəkildə ödəməyə imkanının olmadığını bildirmişdir. Belə ki, zəruri icra tədbirləri görülsə də o, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yetinə yetirmir və bununla da, borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X4 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Gəncə şəhər Məhkəməsinin 3(125)- 1435/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə protokol tərtib edilmişdir. Zərərçəkmiş şəxs X5 hər ay 300 manat ödənilməsinə razı olsa da, borclu icra sənədi üzrə borcdan cəmi 25-30 manat ödəniş edilmişdir. Borclunun hazırda 3687 manat borcu var. Borclunun bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur. Borcunu ödəməkdən qəsdən yayınmır. Evdə tək işləyən odur, maddi imkanı hər ay 200 manat ödəməsinə imkan vermir, cəmi 25-30 manat ödəməyə imkanı çatır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, qanuna uyğun tədbir görülməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 izahatında bildirdi ki, borclu borcunu 3-4 aydan bir, 25-30 manat olmaqla ödəyir, hər ay borclu tərəfindən ona 200 manat ödənilməsini tələb edir. Ödənilməyəcəyi təqdirdə isə həbs edilməsini xahiş edir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış: Gəncə Şəhər Məhkəməsi tərəfindən verilmiş 2(125)-172/2023 nömrəli, xx.xx.2023cü il tarixli icra sənədindən görünür ki, Şəxs 3877,11 manat məbləğində pul vəsaiti, 100 manat xidmət haqqı və 60 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçının hüquqi varisi X3 ödənilməlidir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə Şəhər Məhkəməsinin 2(125)-172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gəncə Şəhər Məhkəməsinin 2(125)- 172/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. Borclu Şəxs xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərdə İdarədə verdiyi izahatında icra sənədindən xx.xx.2023-cü ik tarixində xəbərdar olduğunu, bu günə qədər 350 manat ödəniş etdiyini, hər ay 50 manat ödəmək imkanın olduğunu, adına daşınar və ya daşınmaz əmlakın, aidiyyəti təşkilatlarda qiymətli kağızların və ya əmanətlərin olmadığını bildirmişdir. xx.xx.2023-cü il tarixli telefonaqramdan görünür ki, icra məmuru borclu Şəxs ilə əlaqə saxlayaraq icra sənədinin icrasını təmin etmək məqsədi ilə Gəncə şəhəri üzrə İcra İdarəsinə dəvət etmiş, o isə cavabında “gəlmirəm, get nə istəyirsən, et” deyərək telefon danışığını yarımçıq kəsmişdir. Borclu Şəxs məhkəmənin qərarı ilə məcburi gətirilmənin tətbiq olunacağı barədə xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli xəbərdarlıqlar göndərilərək icra sənədinin icrası ilə əlaqədar İdarəyə çağırılmışdır. “Borclunun məcburi gətirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, icra məmuru tərəfindən borclu Şəxs məcburi qaydada İdarəyə gətirilməsi qərara alınmış, həmin qərar icra qurumunun rəhbəri tərəfindən təsdiq edilmişdir. Həmçinin, zərərçəkmiş şəxs X5 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə ərizə ilə İdarəyə müraciət edərək bildirmişdir ki, borclu bugünədək cəmi 115 manat ödəniş etmiş və qərəzli şəkildə ödəməyəcəyini qeyd etmişdir. Həmçinin əlavə etmişdir ki, borclu tərəfindən hər ay 300 manat ödəniş edilməsinə etiraz etmir, əks təqdirdə borclu barəsində qanunamüvafiq bütün məcburi tədbirlərin görülməsini xahiş etmişdir. Gəncə şəhər Məhkəməsinin 3(125)-1435/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 (beş yüz) manat cərimə edilmişdir. Elektron qaydada ələ edilmiş məlumatdan görünür ki, Şəxs adına hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə - fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə Şəhər Məhkəməsinin 3(125)-1435/2023 saylı,xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu maddi imaknı olmadığını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onun borcunu ödəməməsi üçün əsas hesab edilə bilməz. Borclu hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərilmiş və icra sənədinin icrasına səhlənkar yanaşılmışdır və onun hazırda 3687 (üç min altı yüz səksən yeddi) manat borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov
Məhkəmə qərarları › İş №3(125)-273/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-273/2024
19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver