Məhkəmə qərarları › İş №3(125)-2746/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2746/2025

12.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2746/2025 12.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, X1, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin məsləhətçimüfəttişi Nümayəndə iştirakı ilə, X4 tərəfindən Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin rəisi X8 tərəfindən qəbul olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz hesab edilməsi və tətbiq edilmiş 2200(iki min iki yüz) manatlıq cərimə qərarının ləğv edilməsi xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, xx.xx.2025-ci il tarixində onun barəsində tərtib olunmuş MN №1896584 saylı inzibati xətaya dair protokola və ona əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə uyğun tətbiq edilmiş 2200 manat məbləğində cərimə qərarına etiraz edir və onun qanunsuz və əsassız hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Qeyd olunan protokolda iddia olunur ki, guya o, ağacı qanunsuz çıxarmışdır. Halbuki, həmin ağac onun şəxsi mülkiyyətində olan fıtness zalının qarşısında - yol kənarında, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin və ya bələdiyyənin balansında olan ərazidə yerləşən və özü tərəfindən illər əvvəl əkilmiş ağac olmuşdur. Bu ağac tikinti materialı gətirən yük maşınının ehtiyatsız manevri nəticəsində ciddi şəkildə zədələnmiş və artıq qurumuş vəziyyətdə olduğu üçün ətraf üçün təhlükə yaratmaqda idi. O, məsuliyyətli vətəndaş kimi həmin ağacı oradan çıxarmış, yerinə dərhal yeni iki ədəd şam ağacı əkərək yaşıllığın davamlılığını təmin etmişdir. Ətraf mühitə qarşı hər hansı bir ziyan vurmaq və ya qanunsuz fəaliyyət niyyəti olmamışdır. Əksinə, atdığı addım ətraf mühitin qorunması və yaşıllığın bərpası məqsədi daşımışdır. Qeyd edir ki, bu hadisə ərazidə yaşayan qonşular tərəfindən də müşahidə olunmuş və onlar da zədələnmiş ağacın vəziyyətinin şahitdirlər. Zərurət yaranacağı halda bu şəxslər məhkəmədə şahid qismində ifadə verməyə hazırdırlar. İnzibati xətanın tərkib əlamətləri olmadığından, tətbiq edilən protokol və cərimə qanunsuzdur, obyektiv hallara və real vəziyyətə uyğun deyil, bu səbəbdən onların ləğv olunması zəruridir. Ağac şəxsi təşəbbüsü ilə illər əvvəl yol kənarında əkilmiş və onun mülkiyyətində olan zalın qarşısında yerləşirdi. Yol ərazisi rəsmi olaraq bələdiyyənin mülkiyyətində olsa da, ağac onun təşəbbüsü ilə əkilmiş, onun qulluq və məsuliyyəti altında olmuşdur. Ağac zədələndikdən sonra təhlükə yaratdığı üçün çıxarılıb. Yerinə yeni ağaclar iki ədəd şam əkilərək təbii balans bərpa olunub. Ətraf sakinlər hadisənin şahididir və bu barədə ifadə verməyə hazırdırlar. Dövlət orqanı tərəfindən dəymiş ziyan və ya ekoloji itki ilə bağlı konkret sübut təqdim edilməmişdir . Məhkəmə iclasında X2 şikayəti müdafiə edərək bildirmişdir ki, həmin ağac onun şəxsi mülkiyyətində olan fıtness zalının qarşısında - yol kənarında, yəni Gəncə Şəhər İcra Hakimiyyətinin və ya bələdiyyənin balansında olan ərazidə yerləşən və özü tərəfindən illər əvvəl əkilmiş ağac olmuşdur. Bu ağac tikinti materialı gətirən yük maşınının ehtiyatsız manevri nəticəsində ciddi şəkildə zədələnmiş və artıq qurumuş vəziyyətdə olduğu üçün ətraf üçün təhlükə yaratmaqda idi. Ağac zədələndikdən sonra təhlükə yaratdığı üçün çıxarılıb. Hesab edir ki, dövlət orqanı tərəfindən tərtib olunmuş protokol əsassızdır və ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqanın nümayəndəsi Nümayəndə ifadəsində bildirmişdir ki, sənədlərdə göründüyü kimi, ağac həqiqətən kəsilmişdir. Həmçinin yaş vəziyyətdə olmuşdur. Sənədlərin içində rəy də mövcuddur, hətta qarşı tərəfin nümayəndələri də izahatlarında təsdiq edirlər ki, həmin ağaclar Xəqani Abdullayev tərəfindən kəsilmişdir. Sonda o, şikayətin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Şahid1 bildirmişdir ki, həmin ağacı qonşu ona vermişdi. Onlar da həmin ağacı əkmişlər. Həmin ağac zəhərli idi, belə ki, o, ağacın ətrafında olduğu zaman səhhətinə mənfi təsir edirdi. Ağac quruyaraq yarasız hala düşdüyü üçün çıxardılaraq yerinə yenisi əkilmişdir. Ağacı kimin çıxartdığını bilməmişdir. Azərbaycan Respublikası İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. -İş materiallarında olan 17 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, AR ETSN 10 Saylı RE və TSİ rəisi X8 tərəfindən X3 Azərbaycan Respublikasının İXM-nin 253.3.1-ci maddəsinə əsasən 2200 manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. -İş materiallarında olan 03 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, X4 tərəfindən Gəncə şəhəri, Vaqif küçəsində yeni inşa edilmiş X-20 fitnes idman zalının qarşısındakı ərazidən bir ədəd liqustrum kolu qanunsuz götürülərək məhv edilmişdir. Bununla da X4 ona elan olunmuş 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bu pozuntu xx.xx.2025-ci il tarixli 90528 nömrəli akt və hadisə yerində çəkilmiş fotoşəkillər ilə təsdiq edilir. -03 iyul 2025-ci il tarixli 90528 saylı akta əlavə ilə bağlı hesabatdan görünür ki, X4 tərəfindən Gəncə şəhəri, Vaqif küçəsində yeni inşa edilmiş X-20 fitnes idman zalının qarşısındakı ərazidən bir ədəd liqustrum kolunun qanunsuz götürülərək məhv edilməsi nəticəsində təbiətə 480(dörd yüz səksən) manat məbləğində ziyan vurulmuşdur. - Araşdırma zamanı inzibati orqanda izahatları alınan şahidlərin ifadələrindən görünür ki, sözügedən ağac X4 tərəfindən çıxarılmışdır. Məhkəmə şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 253.3.1-ci maddəsinə əsasən şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən lazımi icazə olmadan törədildikdə, hər bir ağacın və ya kolların zədələnməsinə və ya məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X4 tərəfindən Gəncə şəhəri, Vaqif küçəsində yeni inşa edilmiş X-20 fitnes idman zalının qarşısındakı ərazidən bir ədəd liqustrum kolunun qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə 03 iyul 2025-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin rəisi X8 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X4 məhkəmə iclası zamanı izahatında bildirmişdir ki, sözügedən ağac onun tərəfindən çıxarılmış və onun yerinə başqa ağac əkmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan da aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyinin müvafiq əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi -inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin nümayəndəsi Nümayəndə izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər və iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X3 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinib 2200 (iki min iki yüz) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya X9 Nazirliyi 10 X7 X9 İdarəsinin rəisi X8 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim edildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar