Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2748/2024 07.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində qəbul edilmiş xx.xx.2024cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, ona xx.xx.2024-cü il tarixdə Mingəçevir şəhərində yazılan qərardan şikayətçidir. Qərar piyadaya yol vermədiyinə görə tərtib olunmuşdur. Elektron bazada tərtib edilmiş qərarın (protokolun) video görüntüsü sistemə yerləşdirilməmiş, tərtib olunan qərar müşahidə kamerasından çəkilmiş, foto şəkli çəkən cihazın heç bir sertifikat nömrəsi qərarda (protokolda) qeyd olunmamışdır. Əlavə olaraq idarə etdiyi nəqliyyat vasitəsi ilə piyada arasında olan məsafə piyadanın yolu keçməsinə heç bir maneə yaratmır, piyadanın dayanmasına və hərəkət istiqamətinin dəyişməsinə səbəb doğuran hal müşahidə olunmur. Qeyd etdiklərini nəzərə alıb barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək, xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Belə ki, iş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixdə “VOLKSWAGEN PASSAT” minik markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Mingəçevir şəhəri, H.Əliyev prospekti Asan xidmətin qarşısında hərəkətdə olarkən nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsinə görə Azərbaycan Respublikası İXM-nin 330.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmiş və hazırkı qərar ilə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış fiziki şəxs X3 İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 50 (əlli) manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarında X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi qeyd olunsa da, məhkəmə iclasında qeyd edilən hadisənin foto-şəkillərinə baxış keçirilən zaman İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilmədiyi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 330-cu maddəsində göstərilir ki: 330.0. Sürücü tərəfindən piyadaya yol verilməməsinə, yəni: 330.0.1. nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya; 330.0.2. yolayrıcında sürücü sağa və ya sola dönərkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Qeyd: Bu Məcəllənin 330 və 331-ci maddələrində “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Həmin maddənin mənasından və qeyd hissəsindən aydın olur ki, İXM-nin 330.0.1ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi nizamlanmayan piyada keçidinə daxil olmuş piyadaya yol verilməməsi ilə bağlıdır. Həmin maddənin qeyd hissəsində isə “yol verilməməsi” dedikdə, sürücünün hərəkəti davam etdirməsi və ya yenidən hərəkətə başlaması, yaxud hər hansı manevr etməsi nəticəsində piyadanın və ya keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitəsinin sürücüsünün hərəkət istiqamətini və ya sürətini dəyişdirməyə məcbur etməsi başa düşülür. Lakin məhkəmə iclasında qeyd edilən hadisənin foto-şəkillərinə baxış keçirilən zaman İXM-nin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi üçün əsas olan İXM-nin qeyd hissəsində göstərilən hallara rast gəlinməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli, onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22555866 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin. X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 330.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev
Məhkəmə qərarları › İş №3(125)-2748/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2748/2024
07.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver