Məhkəmə qərarları › İş №3(125)-275/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-275/2023

09.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-275/2023 09.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əlizadə Elxan Novruz oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, Gəncə şəhəri, Tereşkova küçəsi, bina 44, mənzil 13-də yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.8-ci maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokol və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, xx.xx.2022-ci il tarixdə Şəxs idarə etdiyi yeznəsi Zərərçəkmiş şəxs məxsus «Mitsubishi Airtek» markalı **-CE-*** markali avtomaşınla Gəncə şəhəri Azərbaycan küçəsi ilə hərəkətdə olarkən avtomaşının idarə edilməsini bir anda itirmiş,bu zaman avtomaşın yolun kənarina qoyulmuş beton səkiyə dəymiş, sonra avtomaşın yoldan çıxaraq yolun kənarinda olan tut ağacına dəymiş və ehtiyatsızlıqdan X1 və Zərərçəkmiş şəxs yüngül dərəcəli bədən xəsarətləri almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. İnzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barədə xəbərdar olunmuş barəsində inzibati xəta haqqında icraat aparılmış şəxs, zərər çəkmiş şəxslər və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Ona görə də məhkəmə həmin şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin müstəntiqi, polis mayoru X4 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində cinayət işinin başlanması rədd edilmiş və qərarın surətinin onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə inzibati tədbir görülməsindən ötrü Gəncə şəhəri BPİ-nin X9 Şöbəsinə göndərilməsi qərara alınmışdır. Araşdırma zamanı izahatı alınmış Şəxs izahatında bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə o, yeznəsi Zərərçəkmiş şəxs və bacısı Salatın Əliyeva ilə birlikdə Gəncə şəhəri, Poçt qəsəbəsində yerləşən «Tural» şadlıq sarayına toya getmiş, toyda saat təxminən 22 radələrinə qədər oturmuşlar, saat 22 radələrində toydan çıxan vaxt yeznəsi Etibar sərxoş vəziyyətdə olduğuna görə Etiabara məxsus «Mitsubishi Airtek» markalı **-CE-*** markali avtomaşını o idarə etmiş, yeznəsi Etibar və bacısı Salatın hər ikisi avtomobilin arxa oturacağında oturmuşlar, o idarə etdiyi avtomobillə Gəncə şəhəri Azərbaycan küçəsi ilə hərəkətdə olarkən avtomaşının idarə edilməsini bir anda itirmiş, bu zaman avtomaşın yolun kənarina qoyulmuş beton səkiyə dəymiş və sonra avtomaşın yoldan çıxaraq yolun kənarinda olan tut ağacına dəymiş, həmin vaxt avtomaşının sol tərəf arxa şüşəsi və arxa qapının şüşəsinin sınması nəticəsində yeznəsi Etibarin sol bilək nahiyyəsi və bacısının sağ ayaq nahiyyəsinin şüşə kəsməsi nəticəsində xəsarət almışlar, bundan sonra o bacısı Salatını və yeznəsi Etibarı xəstəxanaya aparmış, onları xəstəxanaya apardıqdan sonra avtomaşını da yeznəsi Etibarın evinə aparmışdır. Həmçinin Şəxs izahatında göstərmişdir ki, həmin hadisə ona pis təsir etdiyi üçün başında ağrılar əmələ gəlmiş və ona görə də Polisə məlumat verməmiş, müalicə olunduğu üçün spirtli içki qəbul etməmiş, həmin vaxt avtomobili təxminən 50-60 km/saat surətlə idarə etmişdir. Araşdırma zamanı izahatı alınmış Zərərçəkmiş şəxs izahatında göstərmişdir ki, özünə məxsus «Mitsubishi Airtek» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili vardır, Şəxs Muraz oğlu qaynıdır, Şəhriyarla yaxşı münasibətləri olmuş, Şəhriyar İİ Qarabağ müharibəsinin iştirakçısı və qazisidir, xx.xx.2022-ci il tarixdə Gəncə şəhəri Poçt qəsəbəsində yerləşən «Tural» Şadliq evində toya dəvət edilmiş, o arvadı Salatın və qaynı Şəhriyar ilə birlikdə həmin toy məclisində iştirak etmiş, toy məclisində olan vaxt spirtli içki olan araq qəbul etmiş, buna görə də 24 iyul 2022-ci il tarixdə saat 22 radələrində «Tural» şadlıq sarayından toydan çıxan vaxt sərxoş olduğu üçün ona məxsus «Mitsubishi Airtek» markalı **-CE-*** dövlət nömrə nişanlı avtomobili qaynı Şəxs Murat oğlu idarə etmiş, o avtomaşında arxa sol oturacaqda, həyat yoldaşı X3 isə onun yanında arxa sağ tərəfdə oturmuş, qaynı Şəhriyar isə maşını idarə edərək dəmir yolunun altı kimi tanınan bir küçə ilə hərəkətdə olan zaman ani bir vaxtda Şəhriyar idarəetməni itirək avtomaşını yolun sağ hissəsində olan beton barduylara vurmuş və sonra maşın yoldan çıxaraq yolun kənarında yerləşən tut ağacına dəymiş, avtomaşının tut ağacına dəyməsi nəticəsində avtomaşının sol yan şüşələri, arxa şüşəsi və alın şüşəsi sınmış, həmin vaxt avtomaşının şüşənin qırılması nəticəsində şüşə onun sol bilək nahiyyəsini və həyat yoldaşı Salatın Əliyevanın isə sağ ayağına xəsarət yetirmiş, sonra Şəhriyar onları yoldan keçən maşın ilə xəstəxanaya aparmışdır. Araşdırma zamanı izahatı alınmış X2 izahatını Zərərçəkmiş şəxs izahatına uyğun vermişdir. Material üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının 1946 nömrəli 28 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, X1 bədəni üzərində sol ayağın kəsilmiş yarası kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə xx.xx.2022-ci il tarixə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmə tibbi ekspertin 1947 nömrəli 28 noyabr 2022-ci il tarixli rəyi ilə müəyyən olunmuşdur ki, Zərərçəkmiş şəxs bədəni üzərində sol said nahiyyəsinin kəsilmiş yarası kəsici əşyanın təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixdə xx.xx.2022-ci il tarixə əmələ gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.2-327.6, 328.2, 328.3, 328.4, 331, 333.1, 342.7, 343.1 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin etirafedici izahatı, zərər çəkmiş şəxslərin izahatı, ekspertiza rəyləri, habelə inzibati materialda olan digər sənədlərlə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsində təqsirli olması tam sübuta yetirilir, ona görə də onun əməli İnzibati Xətalar Məcəlləsinin həmin maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinin tələbinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs təqsirinin dərəcəsini, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alaraq hesab edir ki, ona İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cərimə növündə tənbeh edilməlidir. İXM-in 327.8-ci maddəsinin sanksiyasında inzibati tənbeh kimi konkret məbləğ müəyyən edilərək inzibati cərimə nəzərdə tutulmuşdur Bundan başqa Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsi ilə yanaşı, həmçinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi də qeyd olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1-ci maddəsində rayon (şəhər) məhkəmələrinin baxmağa səlahiyyətli olduğu inzibati xətalara dair işlərin tam siyahısı göstərilmişdir. Həmin maddəyə əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxılması rayon (şəhər) məhkəmələrinin səlahiyyətində deyildir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 15 fevral 2016-cı il tarixli Fərmanın 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalara dair işlərə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi baxır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Həmin maddənin mənasına görə, şəxsin törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aid olduğu halda, həmin işlərə eyni vaxtda baxılmalıdır. Bir neçə inzibati xətaya dair işlərin baxılması eyni orqanın səlahiyyətinə aid deyilsə, həmin işlərə eyni vaxtda baxıla bilməz. Həmçinin, “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 02 sentyabr 2020-ci il tarixli qərarında da qeyd olunmuşdur ki, qanunverici eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair protokolların eyni orqan tərəfindən tərtib edilməsi və eyni orqanın səlahiyyətinə aid olması ilə şərtləndirmişdir. Yəni eyni vaxtda törədilən bir neçə inzibati xətaya dair işlərə bir orqan tərəfindən baxılması, yalnız həmin xətaların hər biri bu orqanın səlahiyyətinə aid olduqda mümkündür. Şəxsin bir hərəkəti ilə bir neçə inzibati xəta törətməsi, bu xətalardan biri məhkəmənin, digəri isə müvafiq orqanın səlahiyyətinə aid olduqda bu xətalara münasibətdə ayrı-ayrı orqanlar öz səlahiyyətləri çərçivəsində tənbeh tətbiq etməlidirlər. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalara dair işlərə baxmaq Azərbaycan Respublikası DİN-nin səlahiyyətinə aid olduğundan, Şəxs həmin maddə ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilməlidir . Yuxarıda göstərilənlərə əsaslanaraq və İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə məsuliyyət məsələsinin həll edilməsi üçün qərarın surəti Gəncə şəhəri Baş Polis İdarəsinin X8 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elxan Əlizadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar