Məhkəmə qərarları › İş №3(125)-2751/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2751/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2751/2023 27.10.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Allahverdiyev Səxavət İmran oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhraman oğlunun iştirakı ilə, 24 avqust 1970-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı,ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Qəhraman oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhəri üzrə İcra İdarəsindən Şəxs Qəhraman oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə tərtib edilmiş 26 oktyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokola dair toplanmış material məhkəməyə daxil olmuşdur. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1833/2014 nömrəli, xx.xx.2014-ci il tarixli icra sənədinə əsasən borclu Şəxs Qəhraman oğlundan 09 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Sadıqova (İbrahimova) Kifayət Tofiq qızına ödənilməlidir. İcra sənədinin icrasını təmin etmək məqsədilə borclu Şəxs Qəhraman oğluna tələbin könüllü icrası barədə bildiriş və inzibati məsuliyyətə cəlb olunma barədə xəbərdarlıq göndərilməsinə, həmçinin dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq o, icra sənədi üzrə tələbi icra etməkdən üzrsüz səbəbdən yayınır. Şəxs Qəhraman oğlunun aliment borcu 8790 (səkkiz min yeddi yüz doxsan) manat təşkil edir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin etibarnamə üzrə nümayəndəsi X3 inzibati xəta haqqında materialların dəlillərinə uyğun izahat verərək bildirdi ki, borclu Şəxs Qəhraman oğlu hazırda qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırdır zərərçəkmiş şəxs ərizələrlə müraciət edərək aliment borcunun tam ödənilməsini tələb edir. Barəsində icraat aparılan şəxsin inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Qəhraman oğlu məhkəmə iclasında bildirdi ki, yenicə cəzasını çəkərək azadlıqdan məhrumetmə yerindən azad edilmişdir. Bir müddət iş tapmaqda çətinlik çəkmiş, bu günlərdə özünə iş tapmışdır. Qazanc yeri olmadığı üçün, uzun müddət azadlıqdan məhrumetmə yerində qaldığı üçün aliment borcununu ödəyə bilmədiyini bildirdi, icra vərəqəsini qərəzli olaraq icra etməkdən yayınmır. Borcunu hissə-hissə ödəyəcəyinə söz verir. Aliment borcundan 300 manat məhkəmə iclasının keçirildiyi gün ödəniş etmişdir. Məhkəmədən barəsində aparılan inzibati xəta haqqında icraata xitam verilməsini xahiş etdi. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və icra məmurunu dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirib məhkəmə hesab edir ki, borclu Şəxs Qəhraman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında icraata xitam verilməlidir. Məhkəmə iclasında tədqiq edilmiş və işdə olan: 26 oktyabr 2023-cü il tarixli, MN № ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, borclu Şəxs Qəhraman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin 2(043)-1833/2014 nömrəli, xx.xx.2014-ci il tarixli icra sənədindən görünür ki, borclu Şəxs Qəhraman oğlundan 09 iyul 2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 80 (səksən) manat sabit pul məbləğində aliment tutularaq tələbkar Sadıqova (İbrahimova) Kifayət Tofiq qızına ödənilməsi qət edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən görünür ki, icra sənədi üzrə 12 noyabr 2014-cü il tarixdə “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, “tələbin könüllü icrası haqqında” bildiriş, borcluya təqdim edilmişdir. 26 iyul 2023-cü il tarixli Azərbaycan Respublikası Ədliyyıə Nazirliyi Gəncə şəhəri üzrə İcra İdarəsinin məktubu və Borclunu axtarılması haqqında Qərardan görünür ki, borclu Şəxs Qəhraman oğlu barəsində axtarış elan edilmişdir. 20 iyul 2023-cü il tarixli “Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə” Məlumat Vərəqəsindən görünür ki, borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırımışdır. xx.xx.2023-cü il tarixli Gəncə şəhəri Məhkəməsinin 3(125)-1614/2023-cü il tarixli qərarından görünür ki, Şəxs Qəhraman oğlu 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş hesab edilərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati xəta üzrə icraata xitam verilməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsi müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin icra olunmamasına görə borclunun məsuliyyətə cəlb edilməsi qaydasını müəyyən etmişdir. Həmin Qanunun 82.1-ci maddəsinə görə, borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Həmin Məcəllənin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə müvafiq inzibati tənbeh (cərimə və ya inzibati həbs) tədbirlərinin tətbiq edilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, bu maddənin tərkibi məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilmədiyi və ya onun tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətlər etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddəsinə əsasən bu məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, barəsindən icraat aparılan Şəxs Qəhraman oğlundan 300 manat pul tutularaq tələbkar Sadıqova (İbrahimova) Kifayət Tofiq qızına ödənilmişdir. Bundan əlavə, barəsində icraat aparılan şəxs uzun müddət azadlıqdan məhrumetmə növündə cəza çəkmişdir. Həmin müddətdə onun tərəfindən borcun ödənilməsinə real imkan olmamışdır. Azadlığa çıxdıqdan sonra sosial həyata adaptasiya olaraq, iş tapmışdır. Hazırki iş üzrə isə borcundan 300 AZN ödəniş etmişdir. Ona görə də onun əməlində icra vərəqinin icrasında qərəzli yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə qanunvericiliyin tələblərini və aparılmış araşdırma nəticəsində əldə edilmiş sübutları rəhbər tutub hesab edir ki, Şəxs Qəhraman oğlunun əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Qəhraman oğlu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə başlanmış inzibati icraata əməlində inzibati xəta tərkibi olmadığı əsası ilə xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar