Məhkəmə qərarları › İş №3(125)-276/2023

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-276/2023

10.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-276/2023 10.02.2023 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəfərli Orxan Nazim oğlunun sədrliyi, Rüstəmov Turan Aydın oğlunun katibliyi, Şikayətçi Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından məhkəməyə şikayət verərək, həmin qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, Şəxs Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilmişdir. Şəxs hesab edir ki, qeyd edilən qərar əsassız və qərəzlidir. Məhkəmə iclasında iştirak edən şikayətçi Şəxs şikayət ərizəsi ilə eyni məzmunlu izahat verərək, cəriməni ödəməyə maddi imkanı olmadığından və verilmiş qərardan yeni xəbər tutduğundan məhkəmədən şikayətin təmin edilməsini xahiş etdi. Gəncə şəhər Baş Polis İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbehvermə haqqında qərar vermiş orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Gəncə şəhər Baş Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayəti, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarı, nəzərdən keçirib, Şəxs izahatını dinləyib, hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə iclasında elan edilmiş Şəxs barəsində tərtib edilmiş 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs şikayətində inzibati tənbeh vermə haqqında qərarla əlaqədar bildirdikləri və şikayətdə göstərdikləri onun barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar kimi inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri və digər hallar müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsinin olması, inzibati xətanı törətmiş şəxs və həmin xətanı törətməkdə Şəxs təqsiri təsdiq olunur. Beləliklə, Şəxs barəsində tərtib edilmiş 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz olması və ya ləğv edilməsi üçün əsaslar müəyyən olunmamış, eyni zamanda şikayətçi tərəfindən belə halların mövcud olmasını təsdiq edən sübutlar məhkəməyə təqdim olunmamışdır. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz Rayon Polis İdarəsinin 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair ərizəsi (şikayəti) əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 75, 76, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz RPİ-nin onun barəsində tərtib etdiyi 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Kəpəz RPİ-nin 17 iyul 2020-ci il tarixli MN № ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsində göstərilən şəxslər tərəfindən həmin qərarı qəbul etmiş məhkəmə vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar