Məhkəmə qərarları › İş №3(125)-276/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-276/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-276/2024 19.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X2, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İXM-in 510 maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı Gəncə şəhər 2-ci Polis Şöbəsində tərtib olunmuş material baxılması üçün 19 yanvar 2024-cü il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin sahə rəisi, polis leytenantı X3 tərəfindən tərtib olunmuş 19 yanvar 2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Güllər” marketin qarşısında X6 ilə mübahisə edən zaman uca səslə nalayiq ifadələr işlətmişdir. Beləliklə də, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş X3 məhkəmə iclasında verdiyi izahatında göstərdi ki, Şəxs xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Güllər” marketin qarşısında X1 ilə mübahisə edən zaman uca səslə nalayiq ifadələr işlətmişdir. Buna görə də, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cü maddə ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs məhkəmə iclasında verdiyi izahatında bildirdi ki, X6 onun qaynatasıdır, Qayınatası ilə aralarında olan mübahisə ailəsi ilə əlaqəli olmuşdur, Elşad onu qızı ilə ayırmaq istəyir, bir neçə gündən sonra, yəni yanvarın 29-da nikahın pozulmasına dair məhkəmə prosesi var, tək istəyi keçmiş ailəsini bərpa etmək, uşağı ilə müntəzəm ünsiyyətdə olmaq, ona qayğı göstərməkdir. Sözügedən hadisə “Əminə” marketin qarşısında olub, o, X1nu ölümlə hədələməmiş, həmçinin ünvanına da nalayiq ifadələr işlətməmişdir. Bunu hadisə yerində olan taksi sürücüsü, o cümlədən “Əminə” marketdə olan müşahidə kameraları təsdiq edə bilər. X1 barəsində nalayiq ifadələr işlətməmişdir, əgər elə başa düşübsə, üzr istəyir. Məhkəmə iclasında zərər çəkmiş şəxs X6 izahatında bildirdi ki, Şəxs onun kürəkənidir, 4 ildir ki, qızı ilə ailə qurmuşdur, Rəşad tüfeyli həyat tərzi keçirdiyindən və mütəmadi olaraq qızına xəyanət etdiyindən qızı onunla boşanmaq istəyir. Həmçinin qızına xəyanət etdiyi qadının evini də yandırmışdır. Hətta qızının yaşadığı evin gizli şəkildə suyunu açmışdır ki, həmin evə basqın edərək evdəkiləri öldürsün. xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən “Güllər” marketin qarşısında kürəkəni narkotik və ya psixotrop maddələrin təsiri altında onu ölümlə hədələmiş, onun ünvanına yüksək səslə nalayiq ifadələr işlətmişdir. O, 2-ci Polis Şöbəsində bu barədə ərizə yazmışdır. Ona görə də zərərçəkmiş şəxs məhkəmədən Şəxs barəsində ağır, yəni həbs növündə tənbeh tətbiq edilməsini xahiş etdi. İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 12:38 radələrində Gəncə şəhəri, 4-cü mikrorayon, bina 16, mənzil 43-də yaşayan X6 Azərbaycan Respublikasının DİN-in “102” xidməti-zəng mərkəzinə, daha sonra isə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək, keçmiş kürəkəni Şəxs **-EM-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə onu izləyib öldürməklə hədələməsi, ictimai yerdə onun ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsi barədə məlumat vermiş, tədbir görülmədiyi təqdirdə intihar edəcəyini bildirmişdir. Onun ərizəsi əsasında toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində İXM-nin 510-cu maddəsinin tərkib əlaməti olduğundan qərarın surəti 2-ci Polis Şöbəsinin İTB-nə göndərilmişdir. Şəxs ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etməsi, beləliklə İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi özünün etirafedici izahatı, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam şəkildə sübuta yetirilir. Şəxs ictimai yerdə ucadan səs-küy salaraq X7 ilə mübahisə etmiş, bununla İXM-in 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya yol vermişdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi onun əməlindən səmimi peşman olmasını, məsuliyyətini ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin sanksiyasının hədləri daxilində inzibati cərimə növündə tənbeh tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 100 (bir yüz) manat miqdarında cərimə tənbehi tətbiq edilsin. Cərimə tənbehi tətbiqi hissəsində qərarın icrası Gəncə şəhəri üzrə İcra İdarəsinə həvalə edilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar