Məhkəmə qərarları › İş №3(125)-277/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-277/2024

19.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-277/2024 19.01.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Fərhadov Fuad Əlirza oğlunun sədrliyi, Quliyeva Günay Ələstun qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X5, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq məhkəmə müəyyənetdi: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Gəncə şəhəri üzrə İcra İdarəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün xx.xx.2024cü il tarixdə Gəncə şəhər Məhkəməsinə göndərilmişdir. Materiala əlavə edilmiş xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokolda və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədinə əsasən Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06 iyun 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. İcra sənədi müvafiq olaraq xx.xx.2023cü il tarixdə Gəncə şəhəri üzrə İcra idarəsinin icraatına daxil olmuşdur. Aparılmış icra tədbirləri nəticəsində borclu Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Hazırkı tarixə borclu Şəxs icra sənədi üzrə 7500 manat məbləğində borcu qalmaqdadır. Belə ki, zəruri icra tədbirləri görülsə də o, icra sənədi üzrə icra məmurunun qanuni tələblərini yetinə yetirmir və bununla da, borclu borcunu qanunla müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqda təqsirlidir. Borclu Şəxs barəsində xx.xx.2023-cü il tarixdə protokol tərtib edilmiş və Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati həbs edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X8 protokolun məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, Şəxs tələbin könüllü icrası üçün 10 gün vaxt verilmişdir. Lakin o borcun ödənilməsindən qərəzli olaraq boyun qaçırmışdır. Gəncə şəhər Məhkəməsinin 3(125)- 642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs 10 gün müddətində inzibati həbs edilmişdir. Həmin inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar üzürsüz səbəbdən icra etmədiyinə görə borclu barədə hazırkı protokol tərtib edilmişdir. İcra sənədi üzrə aliment borcundan indiyədək cəmi 500 manat ödəniş edilmişdir, 5 aydır isə heç bir ödəniş edilməmişdir. Hazırkı vaxtadək borclunun 7500 manat aliment borcu qalmaqdadır. Borclunun bu hərəkətləri onu göstərir ki, o, icra sənədlərinin icrasına laqeyd yanaşır və qərəzli olaraq borcunun ödənilməsindən imtina edir. Bundan başqa, borclu onun çağırışlarına gəlmir, icra sənədinin icrasından boyun qaçırır. Odur ki, qeyd edilənləri nəzərə alaraq, onun barəsində inzibati qaydada tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs izahatında bildirdi ki, borcunu ödəmə imkanı yoxdur. Borcunu ödəməkdən qəsdən yayınmır. 1 ildir ki, cəzaçəkmə müəssisəsindən çıxmışdır. Borcundan hər ay 300 manat ödənişlər olmaqla, cəmi 11000 manat yığılmış borcun 4000 manatını ödəsə də, əvvəllər məhkum olunduğu üçün iş yeri tapa bilmir, buna görə də avqust ayından bəri borcunu ödəyə bilməmiş, 7500 manat borcu yaranmışdır. Odur ki, qeyd etdiklərini nəzərə alaraq, ödənişlə bağlı ona vaxt verilməsini xahiş edir. Qanunla müəyyən edilmiş qaydada zərərçəkmiş şəxsə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan məhkəmə iclasının davam etdirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilərək araşdırılmış: Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədindən görünür ki, Şəxs xx.xx.2012-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 06 iyun 2018-ci il tarixdən başlayaraq, hər ay hər uşaq üçün 100 (yüz) manat, cəmi 200 (iki yüz) sabit pul məbləğində aliment iddiaçı X2 xeyrinə tutulmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqi üzrə icraat başlanılmışdır. “Tələbin könüllü icrası haqqında” xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, həmin bildiriş borclu Şəxs təqdim edilməklə, ona Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədini könüllü icra etməsi üçün 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 7 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə daxil olmuş məktubun sürətindən görünür ki, borclu Şəxs cəza çəkdiyi müddət ərzində barəsində olan Gəncə şəhəri Nizami Rayon Məhkəməsi tərəfindən verilmiş 2(044)- 3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra vərəqi üzrə 3011,77 manat aliment əmək haqqından tutularaq iddiaçı X1 hesabına köçürülmüşdür. Borclu Şəxs xx.xx.2023-cü, xx.xx.2023-cü və xx.xx.2024-cü tarixlərdə İdarədə verdiyi izahatlarında icra sənədindən 2019-cu ildən bəri xəbərdar olduğunu, icra sənədini həbsdə olduğundan tam şəkildə icra etmədiyini, cəmi 5900 manat ödəniş etdiyini, sonuncu ödənişini avqust ayında etdiyini, hər ay hissə-hissə ödəmək imkanının olduğunu, adına daşınar və ya daşınmaz əmlakın, aidiyyəti təşkilatlarda qiymətli kağızların və ya əmanətlərin olmadığını bildirdi. Borclu Şəxs məhkəmənin qərarı ilə məcburi gətirilmənin tətbiq olunacağı barədə xx.xx.2023-cü il tarixli xəbərdarlıq təqdim edilərək icra sənədinin icrası ilə əlaqədar İdarəyə çağırılmışdır. Həmçinin, tələbkar xx.xx.2023-cü il tarixdə ərizə ilə İdarəyə müraciət edərək icraat dövründə Şəxs tərəfindən ona 11000 manat aliment ödənişi edilməli olsa da, borclu hazırkı vaxtadək Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli icra sənədi üzrə 4000 manat aliment ödənişi etmiş və 7000 manat qalıq aliment borcu yaranmışdır, odur ki, borclu borcunu və aylıq aliment ödənişlərini tam şəkildə ödəməyəcəyi təqdirdə barəsində qanunamüvafiq tədbirlərin görülməsinə göstəriş verilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin 8(125)-206/2023 saylı, xx.xx.2023-cü il tarixli qəradadına əsasən Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-3380/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə borclu Şəxs ərizəsi təmin edilməmişdir. Gəncə Şəhər Məhkəməsinin 3(125)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətində inzibati həbs edilmişdir. "xxxx" QSC, "xxxx" ASC, “X7” ASC, "xxxx" ASC, "xxxx" ASC və “ABB” Gəncə filialı tərəfindən Gəncə şəhəri üzrə İcra İdarəsinə daxil olmuş məktubların surətindən görünür ki, borclu Şəxs adına sözügedən banklarda əmanət (depozit), hesab, kredit borcu mövcud deyil. Gəncə şəhər 1-ci Polis Şöbəsi tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə daxil olmuş xx.xx.2024-cü il tarixli məktubun sürətindən görünür ki, borclu Şəxs barəsində Gəncə şəhər 1-ci Polis Şöbəsinin İTB-i tərəfindən xx.xx.2024-cü il tarixdə 550831 saylı axtarış elan edilmişdir. Elektron qaydada əldə edilmiş məlumatdan görünür ki, Şəxs adına hər hansı əmlak yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində əsasən bu məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar törədilməsinə görə -fiziki şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla iki ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatları, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs məhkəmə qərarlarının icrası ilə bağlı inzibati tənbeh vermə haqqında Gəncə şəhər Məhkəməsinin 3(125)-642/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının qanuni qüvvəyə mindiyi gündən bir il ərzində eyni icra sənədinə münasibətdə təkrar icra sənədinin icrasını təmin etməmişdir. Məhkəmə iclasında verdiyi izahatından görünür ki, borclu işləmədiyini və həbsdə olmasını əsas gətirərək, borclarını ödəmədiyini bildirsə də, bu hal onu borcunu ödəməmək üçün əsas hesab edilə bilməz. Borclu hazıradək edilmiş xəbərdarlıqlara baxmayaraq, onun tərəfindən yaranmış aliment borcunun lazımi qaydada ödənilməsinə laqeydlik göstərmiş və icra sənədinin icrasına səhlənkar yanaşmışdır və onun hazırda 7500 (yeddi min beş yüz) manat aliment borcu ödənilməmiş qalmaqdadır. Bununla da, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, onun məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini, icra sənədi üzrə ödənilməmiş pul vəsaitlərinin məbləğlərini nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində inzibati həbs tənbeh növü tətbiq edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 15 (on beş) gün müddətinə inzibati həbs edilsin. Həbsetmənin əvvəli 19 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Gəncə şəhər Baş Polis İdarəsinə həvalə olunsun. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fuad Fərhadov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar