Məhkəmə qərarları › İş №3(125)-2775/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2775/2024

05.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2775/2024 05.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Asif Əmrah oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X3 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, o, xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Atatürk prospektində hərəkətin şəhər üzrə ən intensiv olduğu yerdə olarkən təhlükəsizlik şəhər kamerasından götürülmüş foto-görüntü əsasında barəsində Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsinə əsasən protokol tərtib edilmişdir. Qeyd olunan protokol elektron qərar statusunu almışdır. Barəsində tərtib edilmiş qərardan narazıdır. Narazılığını bir neçə istiqamət üzrə diqqətə çatdırmaq istəyir. İşinə baxacaq hakimdən ricası narazılığını özündə ehtiva edən xüsusatların hər biri ayrı-ayrılıqda araşdırılsın və hüquqi qiymət verilsin. Gəncə şəhərində qərəzli şəkildə onu cərimə edirlər. Sual yarana bilər ki, necə qərəz ola bilər. İnzibati xəta texniki vasitə ilə qeydə alınıb. Elə işin də, dalana dirəndiyi və bütün şübhələrin yarandığı məqam burdadır. Barəsində 2 dəfə xx.xx.2024 və xx.xx.2024-cü il tarixdə təhlükəsizlik şəhər kamerası vasitəsindən götürülmüş foto-görüntü əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərarlarda qərəz, özbaşınalıq və hüquqi dövlət imicinə ləkə gətirən məqam odur ki, foto görüntüdə görsənən digər nəqliyyat vasitələri barəsində hər hansı tədbirlər görülməmişdir. Yəni qeyd olunan nəqliyyat vasitəsinin sahibləri inzibati məsuliyyətə cəlb olunmamışlar. Əgər təhlükəsizlik kamerası inzibati xətanı qeydə alan texniki vasitədirsə, onda ona fərq etməməlidir. Onun kamerasına düşən bütün nəqliyyat vasitələrini qeydə almalıdır. Çox təəssüflər olsun ki, kamera arxasında əyləşən insan faktoru qərəzli şəkildə səlahiyyətindən sui-istifadə edir. Gəncə şəhər Yol Polis İdarəsinə nəqliyyat vasitəsinin arxasında dayanan ** NF *** markalı sedan Mitsubişi markalı minik avtomobilinin xx.xx.2024-cü il tarixdə hansı əsasla inzibati məsuliyyətə alınmaması barədə sorğu verərək, həmin orqandan video görüntünü tələb etmişdir. Video görüntüyə baxmaq ona görə zəruridir ki, ümumiyyətlə o, hər hansı qayda pozuntusuna yol verməmişdir. O, həmin vaxt avtomobilin sükanı arxasındadır və avtomobilini sağ zolağa çıxarmaq istəyirdi. Video-görüntü dediklərinin hamısını təsdiq edəcəkdir. Elektron protokolu tərtib edən orqan inzibati xətanın törədilməsi ilə bağlı şəhər təhlükəsizlik kamerasından götürülən fotonu əsas gətirir. İnzibati xətanın törədilməsi ilə bağlı protokol tərtib edən orqanın vəzifəsidir ki, inzibati xətanın mövcudluğunu sübut etsin. Barəsində qanunsuz protokol və qərar qəbul etməklə hüquqlarını kobud şəkildə pozmuşlar. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş, 3 nömrəli əlavədə elektron qərarın tərtib edilmə forması göstərilmişdir. Həmin əlavədə göstərilir ki, elektron qərarda inzibati xətanı qeydə alan texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt, dövlət yoxlamasından keçdiyini təsdiq edən sənədin nömrəsi, tarixi və növbəti dövlət yoxlamasının keçirilməli olduğu vaxt göstərilməlidir. Şəxsi elektron kabinetinə yerləşdirilmiş elektron qərarda isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 18 noyabr tarixli 466 nömrəli qərarı ilə təsdiq edilmiş, 3 nömrəli əlavənin tələbləri pozulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 25 iyul tarixli 305 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi qaydalarının 1 və 1-1 nömrəli əlavələrinin 5-ci bəndində göstərilir ki, elektron qərarın çıxarıldığı kağızın tərkibində olan müdafiə işarələrinin saxta olubolmamasını xüsusi vasitələrlə yoxlamaq imkanı olmalıdır. Qeyd olunan elektron qərarı kağız daşıyıcıda çıxartdıqda onun saxta və doğru olmasını müəyyən etmək olmur. Bu günədək də elektron qərar kağız daşıyıcıda ünvanına göndərilməmişdir. Ona görə də, pozulmuş hüququnun bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X6 İdarəsinin xx.xx.2024-cü il tarixli EQ 22576249 saylı elektron qərarının ləğv edilməsinə və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X3 barəsində 80 (səksən) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə səksən manat məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə yaranır. Məhkəmə iclasında qərardan şikayət verən şəxsin şikayətində qeyd etdiklərindən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs həmin nəqliyyat vasitəsini həmin vaxt dayandırmamış və hərəkətdə olmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İXM-nin həmin maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin yaranması nəqliyyat vasitəsinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması ilə bağlı olduğu üçün həmin halları təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. İXM-nin müddəalarından aydın olur ki, şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati xəta haqqında işə baxan orqanın üzərinə qoyulsa da, həmin orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsini təsdiq edən mötəbər sübutları iş materiallarına əlavə etməmişdir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olmasını müəyyən etmək mümkün olmamış, həmçinin səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X2 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, X2 əməlində inzibati xəta tərkibi olmadığından onun barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X2 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X2 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X6 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22576249 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Asif Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar