Məhkəmə qərarları › İş №3(125)-2800/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2800/2025

04.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2800/2025 04.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X12 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X7 və şikayətçi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirmişdir ki, onun tərəfindən hər hansı bir inzibati xəta törədilməmişdir. Belə ki, onun sahibi olduğu “Barel Pub” restoranında işləyən işçilər həmişə əmək müqaviləsi əsasında işləmişdir. Bu səbəbdən də, hesab edir ki, barəsində qəbul edilmiş inzibati xəta haqqında qərar qanunsuz və əsassızdır və bu səbəbdən də, ləğv edilməlidir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X6 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X11 izahatında bildirdi ki, Şəmkir rayon Prokurorunun xx.xx.2025-ci il tarixli qərarına əsasən iş üzrə icraat başlanılıb və aidiyyatı üzrə inzibati tənbeh tətbiq edilməsi üçün həmin qərar nümayəndəsi olduğu quruma göndərilib. Aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, X5, X3 və X8 əmək müqaviləsi olmadan Gəncə şəhərində yerləşən “Barel Pub” restoranında işləmişlər. Bu səbəbədən də, həmin restoranın işə götürəni X4 barəsində qəbul edilmiş qərar əsasında O, İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı tərətməkdə təqsirli bilinərək 3500 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Elvin Verdiyev tərəfindən verilmiş şikayətin təmin edilməməsini məhkəmədən xahiş edir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, şikayəti, iş materialları ilə birlikdə nəzərdən keçirərək, hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddəsinin tələbi pozularaq işəgötürən X4 tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən X5, X8 və mərhum X3 hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilmişdir. Bu səbəbdən də, X4 İXM-nin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 3500 (üç min beş yüz) manat məbləğində cərimə edilmişdir. - 11 iyul 2025-ci il tarixli Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X5 tərəfindən ünvanlanmış ərizədən görünür ki, o, 2024-cü ilin noyabr ayından “Barel Pub” restoranında işəgötürən X4 ilə arasında heç bir əmək müqaviləsi bağlanılmadan xadimə olaraq işləmişdir. - 11 iyul 2025-ci il tarixli “inzibati xəta haqqında iş üzrə icraatın başlanılması haqqında” qərardan görünür ki, işə götürən X2 barəsində Azərbaycan Respublikası İXMnin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə,xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, məhkəmə tədqiqi zamanı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməkdə təqsirli bilinən X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün əsas ola biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, inzibati xəta haqqında qərar qəbul etmiş orqan X2 təqsirli olmasına dair kifayət qədər sübutlar təqdim etsə də, həmin qərardan narazı qalan şəxs sözügedən qərarın əsassız olmasını məhkəmə iclasında sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, bu hissədə sübut etmə yükü X2 üzərinə düşür. Odur ki, xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar tam qanuni və əsaslıdır. Bununla da X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübuta yetirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddənin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 7-ci maddəsinin 2-4-cü bəndinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada yazılı formada əmək müqaviləsi bağlanmadan əmək münasibətlərinin işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməsi qadağandır. Göründüyü kimi X4 barəsində törətdiyi xətaya görə qanuni şəkildə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. - 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: - 134.1.1 qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; - 134.1.2 bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; - 134.1.3 bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; İş üzrə istinad edilmiş və yaranmış münasibətləri tənzimləyən hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X1 xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə X2 verdiyi şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar