Məhkəmə qərarları › İş №3(125)-2801/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2801/2025

11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2801/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinin rəisi X1 02 may 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 onun İnzibati Xətalar Məcəlləsinin 212.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 300 manat inzibati cərimə olunması barədə 02 may 2025-ci il tarixli, ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, xx.xx.2025-ci il tariuxində ünvan 1 ünvanında gəzişərkən DİN əməkdaşı, polis serjantı ona yaxınlaşaraq hər hansı izah vermədən və özünü təqdim etmədən adını soyadını bildirməyini tələb etmiş, daha sonra isə tütün məmulatını ətraf mühitə atdığını iddia edərək 300 manat məbləğində cərimə edildiyini bildirmişdir. O, nəzakətlə istinad edilən əməli törətmədiyini bildirsə də polis əməkdaşı onu bölməyə aparmaqla hədələyərək heç bir sübüt təqdim etmədən tərtib edilmiş protokolu imzalatdığını bildirmişdir. Qərar əsasında o, İXM-nin 212.4-ci maddəsi ilə təqsirli bilinib 300 manat məbləğində cərimə olunmuşdur. O, həmin qərara etiraz edir və əsassız və qanunsuz hesab edir. Belə ki, o, özünü İXM-nin 212.4-ci maddəsi ilə təqsirli bilmir və buna etiraz edir. O, qeyd olunan pozuntunun törətmədiyini nəzərə alınaraq, xahiş edir ki, haqqında qəbul edilən inzibati tənbeh vermə haqqında qərara yenidən obyektiv şəraitdə baxılsın. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək bildirdi ki, 02 may 2025-ci il tarixdə kredit götürmək məqsədi ilə banka getmiş, kreditin götürülməsi alınmadığından əsəbləşərək bankdan çıxıb siqaret çəkmiş, çəkdikdən sonra kötüyünü yerə atmamış, həmin əraziyə yaxın heç bir yerdə zibil qabı olmadığı üçün təmir işləri gedən yerə əyilib siqaret kötüyünü ora qoymuşdur. Bu səbəbdən də hesab edir ki, sözügedən qərar əsassızdır və ləğv edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş məlumat verilməsinə baxmayaraq, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət vermiş şəxs X2 izahatını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, 02 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə olunmuş 02 may 2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 İXM-in 212.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 300 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə üç yüz manat məbləğində cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 İXM-in 212.4-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Şikayətin dəlillərinə münasibətdə isə məhkəmə qeyd edir ki, inzibati xətanın törədilməsi şikayətçi tərəfindən inkar edilmir. Belə ki, şikayət verən şəxs məhkəmə iclasında siqaret kötüyünü yerə atmadığını sadəcə olaraq yerə qoyduğunu bilmişdir. Qeyd edilən hala münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 212.4-ci maddəsinə əsasən tütün məmulatları tullantılarının ətraf mühitə atılması qeyd edilsədə, maddənin dispozisyasında qeyd edilən atılması sözünə hərfi mənada yanaşılmamalı və tütün məmulatları tullantılarının ətraf mühitə atılmasından və ya qoyulmasından aslı olmayaraq həmin həmin hərəkətə yol verən şəxsin qeyd edilən maddə üzrə məsuliyyətin yaranması üçün əsasdır. Beləliklə , məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, inzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X3 tərəfindən tütün məmulatının ətraf mühitə atılması və İXM-in 212.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında özünün etirafedici izahatı və barəsində tərtib edilmiş protokol əsasında öz təsdiqini tapmışdır. Buna görə də məhkəmə şikayətin dəlillərini əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130, 131, 134-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Gəncə Şəhər BPİ-nin 4-cü Polis Bölməsinin rəisi X1 02 may 2025-ci il tarixli, ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar