Məhkəmə qərarları › İş №3(125)-2804/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2804/2025

14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2804/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb olunmasına dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyindən daxil olmuş inzibati xəta haqqında protokol üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdə qeyd edilmişdir ki, ünvan 1 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus binada 01 may 2025-ci il tarixdə keçirilən planlı yoxlama zamanı qeyd edilən hüquqi şəxsin lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olması, eyni zamanda həmin müəsissədə sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması faktı aşkarlanmışdır. Bu səbəbdəndə "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 izahatında bildirdi ki, o, qeyd edilən MMC-nin direktorudur. O, Səhiyyə Nazirliyi tərəfindən tərtib olunmuş protokol ilə razılaşmır. Belə ki, MMC-də diş müalicəsi üçün lisenziya alınmış, lakin diş çəkilməsi xidməti olmadığından bu barədə lisenziya alınmmamışdır. Xidməti yoxlama zamanı baş həkimin iştirakı ilə binda axtarış aparılmış və cərrahi alətlər (stamatoloji) aşkar olunmuşdur. Lakin bu o demək deyil ki, onlar stamatoloji cərrahiyyə ilə məşğul olurlar. Sertifikasiya şəhadətnaməsi olmayan şəxslərin praktik tibb fəaliyyətinə buraxılması gəldikdə isə bildirir ki, orada fəaliyyət göstərən həkimlər yaşca 72-73 yaşlarındadır, baş həkim vəzifəsində işləyən X8 qanuna əsasən sertifikasiyadan keçə də bilər, keçməyə də bilər. Həkim-Ginekoloq vəzifəsində işləyən Cabbarova Tamaranın 73 yaşı var və qanuna əsasən 70 yaşdan yuxarı həkimlərin sertifikasiyadan keçməsinə ehtiyac yoxdur. Həkim-nevretoloq vəzifəsində işləyən X5 isə Azərbaycan dilini yaxşı bilmir, rus dilində isə kurslar olmadığı üçün sertfikasiyada iştirak edə bilmir. Odur ki, qeyd edilənləri nəzərə alaraq, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə protokolu tərtib edən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə məlumat verilməsinə baxmayaraq nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan iş üzrə məhkəmə baxışının keçiriməsini mümkün hesab etmişdir. İş materiallarında olan "xxxx" MMC-də özəl tibb müəssisəsinin planlı yoxlamanın keçirilməsinə dair T-150 nömrəli, xx.xx.2025-ci il tarixli aktından görünür ki, aktda hüquqi şəxsə məxsus klinikada keçirilən planlı yoxlama zamanı lisenziyanın şərtlərinə riayət olunmamış, tibb mütəxəssisləri sertifikasiyaya cəlb edilməmiş və lisenziyada göstərilməyən xidmətlər həyata keçirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Publik Hüquqi şəxsi tərəfindən verilmiş 28 dekabr 2016-cı il tarixli lisenziyadan görünür ki, "xxxx" MMC-nin özəl tibb fəaliyyəti ilə məşğul olmasına dair icazə alınmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə X2 arasında xx.xx.2025-ci il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə X3 arasında xx.xx.2023-cü il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə X4 arasında xx.xx.2025-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin surətindən görünür ki, "xxxx" MMC ilə X8 arasında xx.xx.2023-cü il tarixdə əmək müqaviləsi bağlanmışdır. Məhkəmə, "xxxx" MMC-nin direktorunun izahatını dinləyərək, iş üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, məhkəmə araşdırması zamanı “"xxxx" MMC-nin Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində nəzərdə tutulan (yəni lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi) inzibati xətalanın törədilməsi sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikası İXM-in 215.1-ci maddəsində tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə fiziki şəxslərin, vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "xxxx" MMC-yə özəl tibb fəaliyyəti üzrə lisenziya verilmiş, həmin lisenziyanın əlavəsi əsasında müəyyən edilmiş ixtisas növləri üzrə işlərin görülməsinə icazə verilmişdir. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, "xxxx" MMC tərəfindən inzibati xəta haqqında protokolda qeyd edilən lisenziyadan kənar “stamatoloji cərrahi əməliyyat” işlərinin görülməsi iş materiallarında öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarına yalnız bir neçə alətin şəkili əlavə edilmşdir ki, bununlada müəyyən etmək mümkün olmur ki, "xxxx" MMC tərəfindən lisenziyadan kənar hər hansı bir cərrahi əməliyyat aparılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Azərbaycan Respublikası İXM-nin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bundan başqa, Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsində qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə vəzifəli şəxslərin və ya hüquqi şəxslərin inzibati məsuliyyəti nəzərdə tutulmuşdur. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla müəyyən olunur ki, "xxxx" MMC işləyən həkimlərdən bir neçə nəfəri sertifikasiyadan keçməmişlər. Belə ki, məhkəmə iclasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X6 izahatında doğrudanda bir neçə nəfərin sertifikasiyadan keçmədiyini bildirmiş, lakin qeyd etmişdir ki, həmin tibb işçiləri qanuna əsasən sertifikasiyadan keçməkdən azad olunmuşlar. Bununla bağlı məhkəmə qeyd edir ki, 26 iyun 1997-ci il tarixli 360-İQ nömrəli “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası qanunun 49-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə onların bu maddənin beşinci hissəsinə uyğun olaraq davamlı peşəkar inkişafının (bundan sonra – DPİ) qiymətləndirilməsi və ya sertifikasiya imtahanına cəlb edilməsi ilə sertifikasiyası həyata keçirilir. Həmin maddənin 7-ci bəndinə əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası tələb olunmur. Görünüdyü kimi, qanunverici kimlərin sertifikasiyadan azad olunması dairəsini dəqiq müəyyən etmişdir ki, həmin siyahıda şəxsin 70 yaşdan yuxarı olması, Azərbaycan dilini yaxşı bilməməsi və ya baş həkim olması kimi hallar göstərilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 215.4-cü maddəsinin mənasından aydın olur ki, qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət yaranır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-nin 18.5-ci maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-nin 18.6-cı maddəsinə əsasən bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxılarkən çıxarılan qərarlardan biri də inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərardır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə inzibati xəta haqqında iş üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, "xxxx" MMCnin lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olması məhkəmə iclasında öz təsdiqini tapmadığından həmin hissədə nzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Lakin, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İXM-in 215.4-cü maddəsinə nəzərədə tutulmuş inzibati xətanın törədilməsi (qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyətinə buraxılması) öz təsdiqini tapdığından və qeyd edilən hüquqi şəxsin əməlində həmin maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan onun barəsində inzibati tənbeh tətbiq edilməlidir. Gəncə Naftalan Sağlamlıq Mərkəzi» MMC-nin əməlində inzibati xətaya görə məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hal müəyyən edilmədi. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: MN ******* nömrəli, xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 215.4-cü maddəsi ilə təqsirli bilinərək 6000 (altı min) manat məbləğində inzibati cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar