Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2815/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi, Həsənov Ariz Arif oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi X5, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Əsgərova (Nağıyeva) X3, xx.xx.1990-cı ildə Goranboy rayonu, Xoylu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan X4 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Fiziki şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ tabeliyindənki Z.Məmmədov adına xəstəxananın X15 şöbəsində tibb bacısı işləyən X4 Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulan öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəsin xəbəri olmadan və ya etirazına baxılmadan izlənilməsinə yol verilməməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməməsi tələblərini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarının 27-ci bəndində nəzərdə tutulan (bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur) vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiyadan ibarət həkim sirrinin, vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması tələbini, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.9cu maddəsində nəzərdə tutulan şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılmaması tələbini pozaraq, xx.xx.2025-ci il tarixdə həmin xəstəxananın Təxirəsalınmaz və X15 şöbəsinə aldığı bədən xəsarətləri ilə aqonal vəziyyətdə daxil olan X6 tibbi yardım göstərilən video görüntünün həmin şöbənin tibb bacısı X7 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınaraq şöbənin əməkdaşlarının istifadə etdiyi “Whatsapp" platformasında yaradılan “Ziqonun qızları və oğlu” adlı qrupda yayılmasından sonra həmin görüntünü müxtəlif sosial şəbəkələrdə yayılmasına səbəb olmuş, nəticədə “İnstagram” sosial şəbəkəsində “Hamamtimes” səhifəsində yayılmış, bununla da informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi kimi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla, yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388- 1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da X4 barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul olunmuşdur. X4 məhkəməyə verdiyi izahatında göstərdi ki, iş yoldaşı Sevinc Quliyeva xx.xx.2025-ci il tarixdə növbədə olduğu zaman saat 00:05-də xəstəxananın X15 şöbəsinə X8 aqonal vəziyyətdə daxil olmuşdur. Həmin vaxt xəstə qəbul edilərək mümkün olan laborator və instrumental müayinələr aparılmışdır. Tibbi yardım davam edən zaman Sevinc Quliyeva tərəfindən xəstənin video görüntüsü qeydə alınaraq X15 şöbəsinin əməkdaşlarının toplandığı “Ziqonun qızları və oğlu” adlı “Whatsapp” qrupunda paylaşılmışdır. Növbəti günlərdə işdə olan zaman isə iş yoldaşınlarından kiməsə Elgün İbrahimovun deyilənə görə döyülməsi barədə məlumat verib-vermədiyini dəqiq xatırlamır. Çünki həmin vaxt Elgün İbrahimovun döyülməsi ilə əlaqədar söz-söhbət yayılmışdır. Qrupda paylaşılmış video görüntünü isə heç kimə göndərməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X9 məhkəməyə verdiyi izahatında bildirdi ki, X4 informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi kimi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla, yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə inzibati xətanı törətmişdir. Bu əməl İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratdığı üçün inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. İXM-in 388-1.1.1-ci maddəsinə əsasən informasiya ehtiyatında və ya informasiyatelekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.9-cu bəndinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yerləşdirilməsinə yol verməməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə sadalananlara əsasən, X2 həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarı, özünün məhkəməyə verdiyi izahatı, iş materiallarında olan onun sosial şəbəkələrdə paylaşdığı fotoşəkillərin görüntüləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətaya görə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlini etiraf etməsini, əməlindən peşman olmasını nəzərə alaraq sanksiyada nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh verilməsini məqsədə müvafiq və ədalətli hesab edir. Məhkəmə onu da qeyd edir ki, X2 şəxsiyyət məlumatları “Elektron Məhkəmə” İnformasiya Sistemi vasitəsilə yoxlanılarkən onun soyadının hazırda “Əsgərova” olduğu müəyyən edilmişdir. Ona görə də qərarda da X1 “Əsgərova” kimi qeyd edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Əsgərova (Nağıyeva) Mətanət Rüstəm qızı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ədil Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2815/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2815/2025
25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver