Məhkəmə qərarları › İş №3(125)-2816/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2816/2025

25.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2816/2025 25.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi ilə, Azərbaycan Respublikasının Baş Prokurorluğunun nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, xx.xx.1985-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta-ixtisas təhsilli,“Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ-nin tabeliyində olan Z.Məmmədov adına xəstəxananın Təcili yardım şöbəsinin tibb bacısı vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında işə baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Baş Prokurorluğunun cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi, İİİ dərəcəli dövlət ədliyyə müşaviri X5 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 25 iyul 2025-ci il tarixli inzibati xətaya dair icraat başlamaq haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə təqdim edilmişdir. Qərarda qeyd edilir ki, fiziki şəxs “Gəncə Şəhər Birləşmiş Xəstəxanası" PHŞ tabeliyindəki Z.Məmmədov adına xəstəxananın X11 şöbəsində böyük tibb bacısı işləyən Şəxs Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində nəzərdə tutulan öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına, qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəsin xəbəri olmadan və ya etirazına baxılmadan izlənilməsinə yol verilməməsi, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməməsi tələblərini, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2011-ci il tarixli 137 nömrəli əmri ilə təsdiq edilmiş Həkimlərin etik davranış qaydalarının 27-ci bəndində nəzərdə tutulan (bu Qaydaların tələbləri eyni zamanda orta tibb işçilərinə də şamil olunur) vətəndaşın tibbi yardım üçün müraciət edilməsi faktı, onun xəstəliyinin diaqnozu, sağlamlığının vəziyyəti, müayinə və müalicə vaxtı əldə edilən digər məlumatlar barədə informasiyadan ibarət həkim sirrinin, vətəndaşın verəcəyi məlumatın gizli saxlanılması tələbini, eləcə də “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 13-2.3.9-cu maddəsində nəzərdə tutulan şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılmaması tələbini pozaraq, xx.xx.2025-ci il tarixdə həmin xəstəxananın Təxirəsalınmaz və X11 şöbəsinə aldığı bədən xəsarətləri ilə aqonal vəziyyətdə daxil olan X2 tibbi yardım göstərilən video görüntünün həmin şöbənin tibb bacısı X4 tərəfindən mobil telefon vasitəsi ilə qeydə alınaraq şöbənin əməkdaşlarının istifadə etdiyi “Whatsapp" platformasında yaradılan “Ziqonun qızları və oğlu” adlı qrupda yayılmasından sonra həmin görüntünü müxtəlif sosial şəbəkələrdə yayılmasına səbəb olmuş, nəticədə “İnstagram” sosial şəbəkəsində “Hamamtimes” səhifəsində yayılmış, bununla da informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi kimi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla, yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Bununla da Şəxs barəsində Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən xx.xx.2025-ci il tarixdə inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul olunmuşdur. İnzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərar qəbul etmiş Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin nümayəndəsi X3 məhkəməyə verdiyi izahatında bildirdi ki, Şəxs informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi kimi internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi ilə bağlı qanunvericiliyin tələblərini pozmaqla, yəni informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verməklə inzibati xətanı törətmişdir. Bu əməl İXM-nin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaratdığı üçün inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Şəxs məhkəməyə verdiyi izahatında göstərdi ki, iş yoldaşı Sevinc Quliyeva xx.xx.2025-ci il tarixdə növbədə olduğu zaman saat 00:05-də xəstəxananın X11 şöbəsinə X6 aqonal vəziyyətdə daxil olmuşdur. Həmin vaxt xəstə qəbul edilərək mümkün olan laborator və instrumental müayinələr aparılmışdır. Tibbi yardım davam edən zaman Sevinc Quliyeva tərəfindən xəstənin video görüntüsü qeydə alınaraq X11 şöbəsinin əməkdaşlarının toplandığı “Ziqonun qızları və oğlu” adlı “Whatsapp” qrupunda paylaşılmışdır. Növbəti günlərdə işdə olan zaman isə iş yoldaşınlarından kiməsə Elgün İbrahimovun deyilənə görə döyülməsi barədə məlumat verilmiş ola bilər dəqiq xatırlamır. Çünki həmin vaxt Elgün İbrahimovun döyülməsi barədə məlumat vermiş ola bilər, lakin dəqiq xatırlamır. Qrupda paylaşılmış video görüntünü isə heç kimə göndərməmişdir. İş materiallarına əlavə edilmiş “İnstagram” sosial şəbəkəsindəki “Hamamtimes" səhifəsində paylaşımdan məlum olur ki, E.İbrahimovun videosu şəbəkədə yayılmış və video-görüntü ictimailəşmişdir. İş materiallarına əlavə edilmiş video-diskə baxış zamanı aydın olur ki, xəstə E.İbrahimov əməliyyat masasında uzanmış və ona tibbi müdaxilə olunur. Ətrafında tibb bacıları görüntüdə əks olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə əsasən, informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinə görə internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiyatelekommunikasiya şəbəkəsinin istifadəçisi tərəfindən internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınması ilə bağlı qanunvericiliyin tələblərinin pozulmasına fiziki şəxslər beş yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq edilir, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında Azərbaycan Respublikası Qanunu”nun 13-2.1-ci maddəsinə əsasən internet informasiya ehtiyatının sahibi həmin informasiya ehtiyatında yerləşdirilən informasiyanın tərkibi və onun yerləşdirilməsi qaydasının müəyyən edilməsində müstəqildir. İnternet informasiya ehtiyatının və onun domen adının sahibi həmin informasiya ehtiyatının qanunauyğun fəaliyyətini, o cümlədən dövlət dili normalarına riayət edilməsini təmin etməlidir və buna görə şəxsən məsuliyyət daşıyır. Həmin qanunun 13-2.3-cü maddəsinə əsasən internet informasiya ehtiyatının və onun domen adının sahibi və ya informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçisi həmin informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) terrorçuluğun təbliği və maliyyələşdirilməsi, terrorçuluğun həyata keçirilməsinin üsul və vasitələri, terrorçuluq məqsədi ilə təlim təşkil etmə və ya keçirmə barədə məlumatlar, habelə terrorçuluğa açıq çağırışlar; zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatlar, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına, dövlətin konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, ərazi bütövlüyünün parçalanmasına, hakimiyyətin zorla ələ keçirilməsinə və ya saxlanmasına, kütləvi iğtişaşların təşkil edilməsinə yönələn açıq çağırışlar; dövlət sirri təşkil edən məlumatlar; odlu silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların hazırlanma qaydası və ya üsulları barədə məlumatlar; narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının hazırlanma və ya istifadə üsulları və qaydası, onların qanunsuz əldə edilməsi yerləri, habelə tərkibində narkotik maddələr olan bitkilərin kultivasiya yerləri və ya üsulları barədə məlumatlar; pornoqrafiyaya, o cümlədən uşaq pornoqrafiyasına aid məlumatlar; qumar və digər qanunsuz mərc oyunlarının təşkilinə və həmin oyunlarda iştiraka təhrik edən məlumatlar; intiharı problemlərin həlli üsulu qismində təbliğ edən, intihara bəraət qazandıran, onu əsaslandıran və ya törədilməsinə təhrik edən, intiharın törədilməsi üsullarını izah edən və ya qrup şəklində bir neçə şəxsin intihar etməsini təşkil etmək məqsədi ilə yayılan məlumatlar; “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq yaş kateqoriyasına uyğun işarələnməmiş kino, televiziya və videofilmlər, o cümlədən animasiya filmləri, kompüter və digər elektron oyunlar (“Universal” yaş kateqoriyasına aid olanlar istisna olmaqla); təhqir və ya böhtan xarakteri daşıyan, habelə şəxsi həyatın toxunulmazlığını pozan məlumatlar; əqli mülkiyyət hüquqlarını pozan məlumatlar; insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar; Azərbaycan Respublikasının qanunları ilə yayılması qadağan edilən digər informasiyanın yerləşdirilməsinə yol verməməlidir. İXM-in 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İş materiallarında olan sosial şəbəkələrdə paylaşılmış video görüntüləri ilə Şəxs hazırkı inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarda göstərilən əməli törətməsi öz əksini tapmışdır. Beləliklə sadalananlara əsasən Şəxs həmin inzibati xətanı törətməsi onun barəsində tərtib olunmuş yuxarıda qeyd edilən inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərarı və iş materiallarında olan sosial şəbəkələrdə paylaşılan fotoşəkillərin görüntüləri ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə İXM-in 31.2-ci maddəsinin tələblərini nəzərə alıb, həmçinin inzibati xətanın törədildiyi yeri, vaxtı nəzərə alaraq hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilinməz. Belə ki, inzibati tənbehin məqsədlərindən bəhs edilən İXM-in 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Şəxs məsuliyyətini yüngülləşdirilən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyəti, təqsirinin dərəcəsi nəzərə alınaraq ona Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114, 128-130-cu maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ona, 500 (beş yüz) manat miqdarında inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar