Məhkəmə qərarları › İş №3(125)-2826/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2826/2025

28.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2826/2025 28.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Xurşudov Nadir Şahin oğlunun katibliyi, icra məmuru X13, tələbkar şəxs X3 nümayəndəsi X11 və barəsində inzibati icraat aparılan şəxs X7 iştirakları ilə, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, ünvan 1 ünvanda yaşayan X7 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib etdilmiş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X20 tərəfindən X1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilərək baxılması üçün Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X20 izahatında bildirdi ki, xx.xx.1991-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ünvan 2 ünvanında qeydiyyatda olan X5 hər ay 1 uşaq üçün 150 manat, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq X3 xeyrinə ödənilməlidir. İcra sənədi xx.xx.2023-cü il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş, həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək tərəflərə və məhkəməyə məlumat üçün göndərilmişdir. xx.xx.2023-cü il tarixdə tələbin könüllü icrası haqqında bildiriş X7 icra sənədində qeyd edilən ünvanına göndərilmişdir. X2 icra məmurunun qanuni tələblərinə tabe olmamış, icra sənədinin icrasını təmin etməmişdir. X7 borcu Hal-hazırda qalıq borc 2740 manat təşkil edir. X1 əmlak vəziyyəti araşdırılmış, tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməmişdir. İcra sənədi üzrə zəruri icra tədbirləri görülmüş və bununla da borclu borcunu qanunda müəyyən edilmiş müddətdə ödəməkdən boyun qaçırmaqla təqsirlidir. Göstərilənlərə əsasən X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X12 izahatında göstərmişdir, işi zəif olduğundan iki aydır ki, normal ödəniş edə bilməmişdir. Onun gəliri sabit olmadığından aliment borcundan 200 manat, 300 manat və yaxud 100 manat da ödəniş etmişdir. Hazırda isə 200 manat ödəniş etmişdir. İşi ilə əlaqədar aliment borcunu tam ödəyə bilməmişdir. Odur ki, bunları nəzərə alıb, barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən tələbkar şəxs X3 nümayəndəsi X16 çıxışında bildirdi ki, o, borcunun tamamilə ödənilməsini, əks təqdirdə borclunun həbs olunmasının xahiş edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan səxsi, tələbkarın nümayəndəsini və icra məmurunu dinləyib, iş materiallarını araşdırıb, məhkəmə hesab edir ki, 28 iyul 2025-ci il tarixli inzibati xəta haqqında MN ******* protokol üzrə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş: Gəncə Şəhər Məhkəməsinin 2(125)-3376/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqinin surətindən görünür ki, X9 ilə X7 birgə nikahından olan xx.xx.2021-ci il təvəllüdlü X4 və xx.xx.2018ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanması üçün X5 hər ay bir uşaq üçün 150 manat, cəmi 300 manat (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq X6 ödənilməli və alimentin tutulmasının əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Gəncə şəhəri üzrə İcra İdarəsinin icra məmuru X20 tərəfindən Gəncə Şəhər Məhkəməsinin 2(125)-3376/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlamaq haqqında qərarlar qəbul edilərək tələbin könüllü icrası ilə bağlı bildiriş və digər aidiyyəti sənədlər X2na göndərilmişdir. İş materiallarına əlavə olunmuş: xx.xx.2023-cü il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, X2 xx.xx.2023-cü il tarixdə həmin bildirişi qəbul etmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzrsüz səbəbdən və qərəzli olaraq icra etməsin. İcra etməmə isə o halda üzrsüz olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının müəyyən edildiyi halda o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Göründüyü kimi, X12 məhkəmə qətnaməsi ilə müəyyən edilmiş borcunu davamlı olaraq ödəmiş, lakin son bir neçə aylarda maddi imkanının yol verdiyi həddə ödənilməsinə çalışmış, bundan sonra da işləyib ödəcəyini bildirmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, X7 qətnamənin icrasından üzrsüz səbəbdən yayınması sübuta yetirilmir. İXM-in 528.1-ci maddəsi ilə məsuliyyət məhkəmə qətnaməsinin icra edilmədiyi bütün hallar üçün yox, yalnız qətnamənin icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin üzrlü səbəblər olmadan yerinə yetirilməməsi halında yaranır. Hazırkı halda isə X7 hərəkətlərində icra məmurunun qanuni tələblərinin yerinə yetirilməsindən üzrsüz olaraq boyun qaçırılması faktı aşkar edilməmişdir. Buna görə də Ü.Tanrıverdiyev barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Bundan başqa, təqdimata əlavə edilmiş sənədlərdən və icra işindən görünür ki, icra sənədinin icrası zamanı borclunun əmlakı barədə müvafiq qurumlara sorğular verilmiş, onun adına daşınar və daşınmaz əmlakların olmaması, pensiya və sosial müavinət almaması, banklarda pul vəsaitinin olmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2018-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilibedilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilib-törədilməməsini və digər mühüm halları araşdırmalıdır. Beləliklə, işin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırki halda X7 əməlində icra sənədini üzrsüz və qərəzli səbəbdən icra etməməsi halı müəyyən edilmədiyindən, məhkəmə qərarının icra edilməməsi ilə əlaqədar onun inzibati məsuliyyətə cəlb edilməsi əsassızdır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105-ci maddəsinə əsasən Azərbaycan Respublikasının İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, borclu barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X7 əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli Əsli ilə düzdür: Hakim: Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar