Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2854/2025 14.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Məmmədov Elçin Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi, qərardan şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi məsləhətçi-müfəttiş X5 iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 2000 (iki min) manat inzibati cərimə olunması barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən X6 İnzibati Tənbeh vermə haqqında 22 iyul 2025-ci il tarixli MN№ ******* saylı qərarı ilə onu fiziki şəxs kimi İXM-nin 253.2-ci maddəsi ilə təqsirli bilib barəsində 2000 (iki min) manat cərimə cəzası tədbiq edilməsi haqqında qərar qəbul etmişdir ona görə ki, guya o, ünvan 1 ünvanın qarşısında heç bir hüquqi icazə sənədi olmadan 2 (iki) ədəd “yuxas” cinsli kolu kökündən götürərək məhv etmişdir. Ancaq, o bildirir ki, həmin yuxas cinsli kolları kökündən götürərək məhv etməmişdir. Bu kolları guya onun çıxarıb məhv etməsi barədə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verən şəxslərdə mənimlə qərəzli olduqlarına, yəni onun evidən oğurluq cinayəti edib, onun şikayəti əsasında məhkum olunduqlarına görə, ondan qisas almaq məqsədi ilə yalandan məlumat vermişlər. Bu barədə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində məndən izahat alanda da, o bildirib ki, həmin kolları küçəyə asvalt örtüyü salan yol idarəsinin işçiləri tərəfindən çıxarılmışdır. Həmin vaxtıda ondan izahat alan idarənin əməkdaşı onu aldatdı ki, yol idarəsinin işçisini hardan tapaq, kollar sizin evin qarşısında olduğu üçün yazkı qurumuşdu, mən çıxarmışam və bu işi bağlayaq, bu məsələdə bizə kömək et, sizə hər hansı bir cəza verilməyəcək, sadəcə olaraq şikayəti bağlayacayıq. O da həmin əməkdaşın sözünə aldanıb onun dediyi kimi izahat yazıb ki, guya kollar çürüdüyü üçün o çıxarmışdır. Bundan 1-2 gün sonrada onu aldadıb izahat almalarını başa düşüb bu barədə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng edib şikayət etmiş və hazırda da, şikayəti araşdırılır. Bir daha bildirir ki, o hər hansı bir 2 ədəd yuxas cinsli kolu kökündən götürərək məhv etməmiş, bu barədə onu aldadaraq izahat almaqla əsassız olaraq onu İXM-nin 253.2-ci maddəsi ilə təqsirləndirilib inzibati qaydada 2000 (iki min) manat cərimə etmişlər. Bundan əvvəldə həmin əmələ görə 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 özünün 24 aprel 2025-ci il tarixli MN № ******* saylı Qərarı ilə onu İXM-nin 253.2-ci maddəsi ilə 2000 manat cərimə etmişdir. O həmin qərardan narazı qalaraq Gəncə şəhər Məhkəməsinə şikayət etmişdir. Gəncə şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli 3(125)- 1468/2025 saylı Qərarı ilə X11 24 aprel 2025-ci il tarixli MN № ******* saylı Qərarı ləğv edilmiş, iş yenidən araşdırılması üçün 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə qaytarılmışdır. Ancaq 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi Məhkəmə Qərarında göstərildiyi heç bir halı araşdırmamış, əvvəlki Qərarın üzünü köçürməklə yenidən onu 2000 manat əsassız olaraq cərimə etmişdir. O qeyd edir ki, əməlində İXM-nin 253.2-ci maddəsinin tərkibi yoxdur, etmədiyi əmələ görə ona cəza verilə bilməz. Buna görə də barəsində tərtib edilmiş 22 iyul 2025-ci il tarixli MN ******* nömrəli qərarın ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X8 izahat verərək bildirdi ki, o, əvvəl verdiyi şikayətin məzmununa uyğun çıxış edərək sözügedən qərarın ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin Mühafizəsinə Nəzarət və X4 nümayəndəsi, məsləhətçi-müfəttişi X9 məhkəməyə izahat verərək bildirdi ki, şikayətçi Tünzalə Əsgərovanın bacısı Səxavət Əsgərova Nazirliyin qaynar xəttinə zəng edərək ünvan 2 ünvanının qarşısında 2 ədəd ağac kolunun kəsilməsi barədə məlumat vermiş həmin məlumat əsasında hadisə yerinə getmiş və 2 ədəd kolun kəsildiyi məlum olmuşdur. Bundan sonra mütəxəssis dəvət edilmiş və kökündən çıxarılmış 2 ədəd yaşıllığın yuxas kolu olduğu və həmin kolların bioloji inkişafının olduğu məlum olmuşdur. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə xx.xx.2025-ci il tarixində təkrar araşdırma aparılmışdır və həmin araşdırmanın nəticəsində yuxas kollarının xx.xx.2025-ci il tarixdə kökündən çıxarılaraq məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı tam qanuni və əsaslıdır. Bu hal araşdırma zamanı tərtib edilmiş akt, protokol və digər sənədlərlə tam sübuta yetirilir. Buna görə qərardan verilmiş şikayətin təmin edilməməsini və inzibati tənbeh vermə haqqında qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etdi. Məhkəmə qərardan şikayət vermiş şəxs X3 və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin Mühafizəsinə Nəzarət və X4 nümayəndəsi X5 izahatlarını dinləyərək, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməli, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X8 İXM-in 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə (Meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə) 2000 (iki min) manat miqdarında inzibati cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli rəydən görünür ki, kökündən çıxarılmış 2 ədəd yaşıllıq yukas koludur və həmin kollar bioloji inkişafda olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolun surətindən görünür ki, T.Əsgərova yaşadığı ünvan 2 ünvanının qarşısında olan 2 (iki) ədəd yuxas cinsli kolu heç bir hüquqi icazə sənədi olmadan kökündən götürərək məhv etmişdir. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. xx.xx.2025-ci il tarixli, 90441 nömrəli və xx.xx.2025-ci il tarixli, 90540 nömrəli aktlar və yerində çəkilmiş fotoşəkillər ilə təsdiq edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X1 qurumda verdiyi ilkin izahatında bildirmişdir ki, sözügedən kollar onun tərəfindən çıxarılmış və yerinə qızıl gül əkmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; 99.1.2-ci maddəsinə əsasən dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; 99.1.3-cü maddəsinə əsasən fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud mediada dərc olunmuş məlumatlar. 99.2-ci maddəsinə əsasən məlumatlara inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin məlumatlarda inzibati xətanın əlamətlərinin olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işin başlanmasına əsasdır. 99.3-cü maddəsinə əsasən bu Məcəllənin 99.1-ci maddəsində göstərilən səbəblərdən biri və bu Məcəllənin 99.2-ci maddəsində göstərilən kifayət qədər əsaslar olduqda, səlahiyyətli vəzifəli şəxs tərəfindən inzibati xəta haqqında iş üzrə icraat başlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən, İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X8 fiziki şəxs qismində meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə 10 aprel 2025-ci il tarixdə onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmin protokol əsasında isə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis vəzifəsini müvəqqəti icra edən X10 tərəfindən xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Məhkəməyə verilmiş şikayət ərizəsində, o cümlədən inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş X3 məhkəməyə verdiyi izahatında mübahisələndirilmiş məqamlar məhkəmə iclasında öz təsdiqini tapmadı. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlardan və qərardan şikayət vermiş şəxsin qismən etirafedici izahatından aydın şəkildə görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixli inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş xx.xx.2025-ci il tarixli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən hər hansı qanun pozuntusuna yol verilməmiş, sözügedən qərar tam qanuni və əsaslı olaraq qəbul edilmişdir. Göründüyü kimi hazırki iş üzrə inzibati xəta hadisəsinin törədilməsi -inzibati xəta haqqında protokolla, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatı, onun tərəfindən məhkəməyə təqdim olunmuş sənədlər, X3 ilkin araşdırma zamanı verdiyi etirafedici izahatı, iş üçün əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq olunur. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, X3 şikayəti əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib 2000 (iki min) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilməsin. X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 10 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi X15 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2854/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2854/2025
14.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver