Məhkəmə qərarları › İş №3(125)-2866/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2866/2025

31.07.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2866/2025 31.07.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Həsənli Məhəmməd Vahid oğlunun sədrliyi, Cəfərova Firəngiz Elçin qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Kəlbəcər rayonu, Zallar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Kəlbəcər rayonu, Zallar kəndində qeydiyyatda olmaqla, Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ADAU-6 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsi barədə protokol tərtib edilərək baxılması üçün 31 iyul 2025-ci il tarixdə Gəncə Şəhər Məhkəməsinə göndərilmişdir. 31 iyul 2025-ci il tarixli MN № ******* saylı inzibati xəta haqqında protokolda qeyd edilmişdir ki, Şəxs xx.xx.2025-ci il Gəncə şəhəri, Bayraq meydanı adlanan yerin yaxınlığında uca səslə nalayiq ifadələr işlədərək, polisin qanuni tələblərinə tabe olmamış, nəticədə Azərbayan Respublikasının İXM-in 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin İTB-nin sahə rəisi X3 protokolun məzmununa uyğun izahat verərək bildirdi ki, o, protokolu X2 raportu əsasında tərtib etmişdir. Raportda qeyd edilmişdir ki, X4 ekipaj yoldaşı Elnur Nuriyevlə birgə xidmətdə olarkən bir nəfər şəxsin Bayraq Meydanı yaxınlığında uca səslə səs-küy saldığını görmüş və dərhal şəxsə yaxınlaşaraq ona səsə-küy salmamasını bildirmişlər. Lakin o, danışığına davam etmişdir. Onun hərəkətlərində sərxoşluq əlamətləri hiss etmişlər. Ona yaxınlaşan zaman onun üzərində bıçaq görmüş və bıçağı ondan almışlar. O, oradan uzaqlaşmağa çalışdığı zaman onlar əlavə kömək çağıraraq onu şöbəyə aparmışlar. Sonda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs inzibati tənbeh verilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, o, hadisəni törətdiyi zaman içkili olmuşdur. Bayraq Meydanı yaxınlığında uca səslə dostu ilə telefonla danışdığı zaman polis əməkdaşları ona yaxınlaşaraq səs salmamasını bildirmişlər. O, içkili olduğu üçün onlara əsəbi cavab vermişdir. O, içkili olduğu üçün hadisəni tam xatırlamır. O, üzərində olan bıçağı xoşu gəldiyi üçün mağazadan almışdır. Onun bıçağı üzərində gəzdirməsinin başqa məqsədi olmamışdır. O, polisə tabesizlik göstərməmiş və polis əməkdaşlarına qarşı heç bir nalayiq ifadə işlətməmişdir. Polis əməkdaşları onu şöbəyə dəvət etdikləri zaman onlarla birlikdə şöbəyə getmişdir. Sonda məhkəmədən barəsində cərimə növündə tənbeh tətbiq edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş 31 iyul 2025-ci il tarixli inzibati qaydada tutma protokolundan məlum olur ki, Şəxs 31 iyul 2025-ci il tarixdə inzibati qaydada tutulmuşdur. Məhkəmə tərtib edilmiş protokolu və ona əlavə edilmiş sənədləri araşdıraraq, tərəfləri dinləyərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikasının İXMnin 535.1-ci maddəsinin dispozisyası ilə nəzərdə tutulmuş tərkib müəyyən edilmədiyindən, onun barəsində başlanılmış inzibati xəta törətməsi haqqında iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Çünki Şəxs polisin qanuni tələbinə qəsdən tabe olmaması sübuta yetirilməmiş, onun inzibati xətaları törətməsini təsdiq edən sübutlar iş materiallarına əlavə edilməmişdir. Eyni zamanda polis əməkdaşı ifadəsində protokolu raport əsasında tərtib etdiyini və raportu tərtib edən şəxsin məhkəmə iclasına gələ bilməyəcəyini bildirmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 75.0, 75.0.1, 75.0.3, 75.0.4 və 75.0.7-ci maddələrinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddələrinə əsasən inzibati xətanın olubolmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsinə əsasən Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati məsuliyyətin yaranması üçün imperativ şərt olan “polisin ictimai qaydanı mühafizə edərkən qanuni tələbinə qəsdən tabe olmaması”na dəlalət edən heç bir sübut növü inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Bununla belə Şəxs hərəkətlərində İXM-nin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olduğundan o, həmin maddənin sanksiyası həddində tənbeh edilməlidir. Belə ki, Şəxs özünü təqsirli bilməsi, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir. Belə ki, Şəxs yüksək səs tonu ilə danışmaqla, səs-küy salmaqla ictimai qaydanı pozmuşdur. Azərbaycan Respublikası İXM-in 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə -əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən İnzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən etməmişdir. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halları olmamasını nəzərə alıb, iş üzrə toplanmış sübutları qiymətləndirərək hesab edir ki, Şəxs İXM-in 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq etməklə inzibati tənbehin məqsədlərinə nail olmaq olar, bu növ inzibati tənbehin təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də inzibati məsuliyyətə cəlbetmənin məqsədlərinə uyğundur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın tərkibi olmadığından həmin hissədə inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 31.4-1ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona 50 (əlli) manat cərimə tənbehi tətbiq edilsin. Qərarın surəti verildiyi gündən 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya bilavasitə Gəncə Apellyasiya Məhkəməsinə şikayət və protest verilə bilər. Hakim: Məhəmməd Həsənli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar