Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2873/2025 11.08.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X6 Umud oğlunun sədrliyi, İbrahimov İbrahim Yasin oğlunun katibliyi ilə, X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə barəsində çıxarılmış xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə Gəncə Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: X4 şikayətlə məhkəməyə müraciət edərək, barəsində tərtib edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsinin xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsini xahiş etmişdir. X1 şikayətini onunla əsaslandırmışdır ki, DİN Baş X8 İdarəsi tərəfindən xx.xx.2025ci ildə inzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitənin məlumatına əsasən hərəkət halında çəki ölçmə nəzarət sistemi Ağstafa rayonu Köçəsgər kəndi, Qazax istiqamətində müəyyən edilmişdir ki, guya o, xx.xx.2025-ci il saat 17:18:09da DAF-460 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin istifadəçisi X4 tərəfindən iriqabaritli və ya ağır çəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və kütlə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi qaydaları pozulmuş, nəticədə Azərbaycan Respublikasının İXM-nin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Buna görə ona 600 manat cərimə tətbiq edilmişdir. Bakı şəhərində avtomobilinə 22460 kq yük qoyulmuşdur. Avtomobilin özünün çəkisi 16340 kq-dır. Cəmi birlikdə 38800 kq təşkil etmişdir. Avtomobilə CPS vurulmuş və gömrük əməkdaşları tərəfindən gömrük blombu bərkidilmişdir. O, Bakı şəhərindən Ağstafa rayonuna çatanadək bir neçə yerdə elektron tərəzidən keçmiş, heç yerdə qanun pozğunluğu aşkar edilməmişdir. Lakin Ağstafa rayonu Köçəsgər kəndinin ərazisində yerləşən elektron tərəzi səhvən 42010 kq çəki göstərmişdir. O, bu barədə elektron tərəziyə nəzarət edən əməkdaşlara narazılığını bildirmişdir. Onlar isə tərəzinin səhv göstərməsii bizdən asılı deyildir demişdirlər. Onlar bu tərəzini dövlət tərəfindən rəsmi olaraq qəbul etməmişlər. Bu elektron tərəzi bir çox ağırçəkili maşınlara səhvən artıq çəki göstərir. Bununla əlaqədar məhkəməyə müraciət edə biləcəyini ona bildirmişlər. Beləliklə, onun hüquqları pozulmuş, heç bir günahı olmadığı halda geriyə Gəncə şəhərinə qayıtmış və 600 manat cərimə olunmuşdur. Onun maddi cəhətdən vəziyyəti elə yüksək deyildir ki, səhvən yazılmış cəriməni ödəsin. Bu qərarı qeyri-qanuni hesab edir və həmin qərar ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, qərardan şikayət vermiş şəxs və səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlmədiyindən, məhkəmə inzibati xəta haqqında işə qərardan şikayət vermiş şəxs səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə qərardan şikayət verən şəxsin izahatını dinləyərək, şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında işlər üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından şikayət yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə X4 barəsində 600 (altı yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir. İş materiallarında olan X2 verilmiş xx.xx.2025-ci il tarixli sənəddən görünür ki, “DAF FT XF 105.460T” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yük ilə birlikdə kütləsi 38800 kiloqram olmuşdur. İş materiallarında olan DVD-diskə baxış zamanı müəyyən olundu ki, sözügedən nəqliyyat vasitəsi gömrük orqanın əməkdaşları tərəfindən blomblanmış və CPS quraşdırılmış vəziyyətdə olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Azərbaycan Respublkası İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublkası İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin maddənin mənasından aydın olur ki, inzibati xəta tərkibi iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə yaranır. İş materiallarında olan sənədlərdən və qərardan şikayət vermiş şəxs tərəfindən məhkəmə təqdim edilmiş DVD-diskdə olan video görüntüdən aydın şəkildə görünür ki, X3 əməlində Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinin tərkib əlamətləri yoxdur. Belə ki, “DAF FT XF 105.460T” yük markalı, **-BG-*** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 38800 kiloqram olmuş, bundan sonra isə həmin nəqliyyat vasitəsinə gömrük orqanının əməkdaşları tərəfindən blomb vurulmuş və CPS quraşdırılmışdır. Belə olan halda isə X4 tərəfindən Bakı şəhərindən Ağstafa rayonunun ərazisinə qədər (şəxsə inzibati tənbeh tədbiri tətbiq edildiyi yerə qədər) sözügedən nəqliyyat vasitəsinə əlavə yükün yığılması qeyri-mümkündür. Video görüntüdə X4 barəsində inzibati tənbeh tədbiri tətbiq edildikdən sonra da blombun yerində olduğu görünür. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, belə olan halda qərardan şikayət vermiş şəxsin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş əmələ görə inzibati tənbeh edilməsi işin faktiki hallarına uyğun deyil və İXM-nin prinsiplərinə ziddir. Bu səbəbdən də inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunmalı, X3 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilməli və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, İXM-nin yuxarıda sadalanan maddələrinə və işin faktiki hallarına əsaslanaraq məhkəmə verilmiş şikayət üzrə sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, şikayət təmin edilməli və X3 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, X3 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığına görə onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 134.1.3 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, EQ 29623688 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar ləğv edilsin və onun barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №3(125)-2873/2025
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2873/2025
11.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver