Məhkəmə qərarları › İş №3(125)-2879/2025

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2879/2025

24.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2879/2025 24.10.2025 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ Gəncə Şəhər Məhkəməsinin hakimi Dəmirli Orxan Əhməd oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi ilə, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X2 onun İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə cərimə olunması barədə xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərardan şikayət verərək, qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırmışdır ki, o, “Toyota Prius” markalı, **-OT-*** dövlət qeydiyyat nişanlı avtomobili baş etibarnamə əsasında idarə edir. 25 iyul 2025-ci il tarixdə Gəncə şəhər, Nizami Gəncəvi prospektində "Bayraq meydanı” adlanan yerin arasındakı hərəkət növbəliliyi svetoforun siqnalları ilə nizamlanan yolayrıcını svetoforun qadağanedici, yəni qırmızı işığın yanmasına 05 (beş) saniyə qalmış hərəkəti davam etdirib yolayrıcına daxil olmuşdur. Başqa sözlə yolayrıcına daxil olanda svetoforun hərəkətə icazə verən yaşıl rəngli işığı yanmışdır. Yolayrıcında çatdığı zaman yolun sağ tərəfindən “Hundai” markalı cipin onun hərəkət istiqamətində svetoforun qırmızı rəngli işığı yanmasına baxmayaraq, sürətlə gəldiyini görmüş, həmin vaxt hər hansı yol-nəqliyyat hadisəsinin baş verməməsi üçün hərəkət sürətini xeyli azaltmışdır. Bu zaman artıq yolayrıcına daxil olmuş, yolayrıcında hərəkət edən zaman yolun sol tərəfində **-YP-*** dövlət qeydiyyat nişanlı yol patrul xidməti avtomobilini yolun əks hərəkət istiqaməti ilə üzərinə hərəkət etdiyini görmüş, ona avtomobilini dayandırmağını bildirmişdir. Yol polis əməkdaşı saxlama səbəbi kimi svetoforun qadağanedici işığına məhəl qoymadığını demişdir. O isə bunun mümkün olmayacağını bildirmiş və yolayrıcına daxil olarkən svetoforun qırmızı rəngli işığının yanmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşı arqumentini sübut edə bilməyəcəyini görüb ona operativ nəqliyyat vasitəsinə, yəni ona nə üçün yol vermədiyini soruşmuş, o isə onun xüsusi səs siqnalı və sayrışan işıq siqnalının eyni vaxta qoşulu olmadığını bildirmişdir. Polis əməkdaşı əks hərəkət istiqamətindən gəlməklə digər hərəkət iştirakçılarının hərəkətinə təhlükə yaratmışdır. Polis əməkdaşından inzibati xəta törətməyini əks etdirən görüntünü təqdim etməsini istəsə də o, bu tələbə heç bir məhəl qoymamışdır. Ardınca da cərimə yazacağını demiş, o isə şikayət edəcəyini bildirmiş və heç bir sənədi imzalamamışdır. Hadisədən 20-25 dəqiqə sonra ona qərarsız formada İXP7293933 nömrəli protokol əsasında svetoforun «qadağanedici işarəsi verilərkən hərəkəti davam etdirməyi əsası ilə cərimə yazılması barədə nəlumat almışdır. Həmin protokolla bağlı dərhal DİN-in 102 xidmətinə zəng vuraraq şikayətini bidirmiş, çünki protokol qanunsuz tərtib edilməklə həqiqəti əks etdirməmişdir. Əlavə olaraq bildirir ki, hadisənin baş vermə şəraiti şəhər təhlükəsizlik kameraları ilə qeydə alınmışdır. Göstərilənlərə əsasən, Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP 795965 saylı inzibati xəta haqqında qərarının ləğv edilmsini xahiş etmişdir. Məhkəmə iclasında X2 şikayət ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə, iş materiallarını və təqdim olunmuş sənədləri tədqiq edərək hesab edir ki, şikayət təmin qismən edilməməli, Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər DYPŞ -nə göndərilməlidir. İş materiallarına əlavə olunmuş Gəncə şəhər DYPŞ -nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X2 İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 100 manat inzibati cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən. Svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə 100 manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsini təsdiq edən sübutların inzibati xəta haqqında işə əlavə edilməsi xüsusi əhəmiyyət kəsb edir. Məhkəmə sadalanan bütün halları nəzərə alaraq, hesab edir ki, hazırda qərardan şikayət vermiş şəxsin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətlərinin olubolmamasını müəyyən etmək mümkün olmamış, həmçinin şəxsin təqsirli olmasını sübuta yetirmək vəzifəsi qanunla inzibati tənbeh vermə haqqında qərar qəbul edən orqanın üzərinə qoyulsa da, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X1 təqsirliliyini sübuta yetirən hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1-ci və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, qeyd edilənləri və qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, göstərilən məsələlərin araşdırılması inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqanın səlahiyyətində olduğundan məhkəmənin mövqeyi nəzərə alınmaqla işin bütün faktiki halları araşdırılmalı və qərar qəbul edilməlidir. Bu səbəbdən şikayət qismən təmin edilməli, həmin icraat çərçivəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün Gəncə şəhər DYPŞ -nə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə q ə r a r a a l d ı: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında Gəncə şəhər DYPŞ-nin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin. Həmin inzibati xəta haqqında işə yenidən baxılması üçün qərarın surəti Gəncə şəhər X4 Şöbəsinə göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Orxan Dəmirli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar