Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2883/2024 06.09.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X28 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin nümayəndəsi X2, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi X9 iştirakları ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 800 (səkkiz yüz) manat məbləğində cərimə edilmişdir. Qeyd olunan qərardan Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi şikayət verərək həmin qərarın qanunsuz və əsassız olması səbəbi ilə ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Birliyin zibil yükləyən fəhləsi X16 xx.xx.2023-cü il tarixdə saat 22:15 radələrində, yəni qeyri-iş vaxtı öz şəxsi işləri ilə məşğul olan zaman avtomobil tərəfindən vurularaq vəfat etmişdir. Buna baxmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidməti Gəncə- Daşkəsən regional şöbəsi qeyri-qanuni olaraq Birliyin rəisi barədə xx.xx.2024-cü tarixli MN1614258 nömrəli inzibati cərimənin tətbiq edilməsi haqqında qərar qəbul etmişdir. Halbuki, Birliyin zibil yükləyən fəhləsi X16 xx.xx.2023-cü il tarixində saat 22:15 radələrində, yəni qeyri-iş vaxtı öz şəxsi işləri ilə məşğul olan zaman avtomobil tərəfindən vurularaq vəfat edib. Həmin vaxt Birlikdə qeyrı-iş vaxtıdır. Qeyri-iş vaxtı Birliyin işçisinin həyat və sağlamlığının qorunması üçün Birlik məsuliyyət daşımır. Məhkəmə iclasında iştirak edən Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin nümayəndəsi X7 şikayətin məzmununa uyğun çıxış edərək, şikayətin təmin edilməsini, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin nümayəndəsi, X19 qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni olduğunu bildirdi və şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Gənci-zadə Fərid Firdovsi oğlu bildirdi ki, o, 4-5 ildir ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyində fəhlə işləyir. X20 iş yoldaşı olmuşdur. Onun vəfat etdiyini səhəri gün işə gedən zaman öyrənmişdir. Onların iş saatı səhər saat 09:00-dan axşam saat 17:00-dəkdir. Sadəcə Gəncə şəhərinə qonaq gəldiyi və ya şəhərdə tədbir keçiriləcəyi günlərdə iş saatlarından kənar ən çoxu yarım saat və ya 1 saat əlavə işləyirlər. Rəhbərlik tərəfindən həmin əlavə əmək başqa vaxtda verilən istirahət ilə əvəz edilir. Onlarda gecə növbəsi yoxdur. O, rəhbər vəzifəli şəxs deyil. Onun nə hansısa işçiyə icazə vermək, nə də əlavə əməyə cəlb etmək ixtiyarı var. Həmin gün Rauf Sarıyev beli ağrıdığı üçün icazə alıb evə gedib. Rauf Sarıyevin vəfat etdiyi gün o və həyat yoldaşının nə üçün qeyri-iş saatında işlədiklərini bilmir. Məhkəmədə şahid X14 bildirdi ki, o, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyində rəis müavini vəzifəsində işləyir. X31 həmin Birlikdə fəhlə işləmişdir. O, Rauf Sarıyevin avtoqəza nəticəsində vəfat etdiyini həmin axşamın səhəri günü işə gedəndə öyrənmişdir. Hadisənin üzərindən 1 ilə yaxın müddət keçdiyindən hər şeyi tam xatırlamır. Birliyin işçiləri üçün iş saatı səhər 09:00-dan axşam 17:00-a qədərdir. Onlarda gecə növbəsi yoxdur. Birliyin heç bir işçisi əlavə əməyə cəlb edilmir. Rauf Sarıyevi qeyri-iş saatında avtomobil vurub. Həmin gün Rauf Sarıyevin nə üçün o saatda işlədiyini bilmir. Çünki o, istər Rauf Sarıyevi, istərsə də başqa bir işçini qeyri-iş saatında əlavə əməyə cəlb etməmiş, bu barədə tapşırıq verməmişdir. Məhkəmədə şahid X4 bildirdi ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyində xadimə işləyir. X31 də Birlikdə fəhlə kimi işləmişdir. Hətta onun həyat yoldaşı Lalə Sarıyeva da onlarla birlikdə xadimə işləyir. O, Rauf Sarıyevin vəfat etdiyi axşam evinə ərzaq almaq üçün evdən çıxmış, piyada hərəkətdə olan zaman qışqırıq səsləri eşitmişdir. Səs-küy gələn tərəfə getdikdə iş yoldaşı Lalə Sarıyevanın qışqırdığını, Rauf Sarıyevin isə təcili tibbi yardım maşınına mindirilib aparıldığını görmüşdür. Onların iş saatları səhər 09:00-dan axşam 17:00-adəkdir, gecə növbəsi yoxdur. Onlar bəzən Gəncə şəhərində tədbir olduğu vaxtlarda 10-15 dəqiqə artıq işləyə bilərlər, lakin ondan çox qeyri-iş saatlarında əlavə işə cəlb edilmirlər. Hadisə baş verən gün o, Lalə Sarıyevadan nə üçün orda olduqlarını və o saatda niyə işlədiklərini soruşduqda, Lalə Sarıyeva həyat yoldaşı Rauf Sarıyevin belinin ağrıdığı üçün yaxı qoydurduğundan onlara düşən ərazinin çirkli qalmağını istəmədikləri üçün gedib o saatda təmizlik işlərini bitirmək niyyətində olduqlarını, bu səbəbdən öz istəkləri ilə o saatda işlədiklərini bidirmişdir. Həmin gün həqiqətən də Rauf Sarıyevin beli ağrıdığı üçün o, həyat yoldaşı Lalə Sarıyeva ilə birlikdə işdən icazə alıb getmişdir. Məhkəmədə şahid X15 bildirdi ki, o, 2019-cu ildən Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyində xadimə işləyir. X20 iş yoldaşı olmuşdur. Mərhumun həyat yoldaşı Lalə Sarıyeva da onun iş yoldaşıdır. Onların iş saatları səhər 09:00-dan axşam 17:00-adəkdir. Onlarda gecə növbəsi yoxdur. Onlar qeyri-iş saatlarından əlavə əməyə cəlb edilmirlər. Sadəcə şəhərdə tədbir olduğu zamanlarda yarım saat və ya 1 saat əlavə əməyə cəlb edilə bilərlər. Ancaq gecə saatlarında işə cəlb edilmirlər. İlk dəfədir ki, hansısa işçinin qeyri-iş saatında çalışdığını eşitmişdir. Rauf Sarıyev vəfat edən gün belində ağrı olduğundan həyat yoldaşı Lalə Sarıyeva ilə birlikdə icazə alıb evə getmişdir, elə bu səbəbdən də işləri qaldığı üçün axşam vaxtı işə çıxmışlar. Məhkəmədə şahid X21 bildirdi ki, o, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyində xadimə işləyir. Onun mərhum həyat yoldaşı Rauf Sarıyev də orada fəhlə işləmişdir. Həyat yoldaşı 26 dekabr 2023-cü ildə avtoqəza nəticəsində vəfat etmişdir. Həmin qəza axşam saatlarında baş vermişdir. Həmin gün həyat yoldaşının belində ağrı olduğundan icazə alıb onun belinə yaxı saldırmağa getdikləri üçün onlara təhkim olunmuş ərazi təmizlənməmişdir. Bu səbəbdən o və həyat yoldaşı işləri qalmasın deyə axşam işə çıxmışlar. Onları heç kim işə cəlb etməmişdir. Onlar işə çıxdıqlarını heç kimə deməmiş, özləri könüllü olaraq işə çıxmışlar. Onların iş saatları səhər 09:00-dan axşam 17:00-adəkdir. Gecə növbəsi yoxdur. Sadəcə onlar hərdən işləri qaldıqları axşam vaxtı işə çıxırmışlar, elə bu səbəbdən də o, X18 Xidmətinin Gəncə- Daşkəsən regional şöbəsində verdiyi izahatında gecə növbəsində işə çıxdıqlarını qeyd etmişdir. Lakin, rəhbərlik tərəfindən onlara heç vaxt belə bir tələb irəli sürülməmiş, rəhbərliyin xəbəri belə olmamışdır. Məhkəmə tərəfləri və şahidləri dinləyərək, şikayəti və əlavə edilmiş sənədləri obyektiv və hərtərəfli araşdıraraq hesab edir ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisinin hərəkətlərində inzibati xəta tərkibi olmadığından onun barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* Gəncə inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* Gəncə inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi X10 tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinin 7ci hissəsinin tələbi pozduğu üçün Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsinə əsasən 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə tənbeh növü tətbiq edilmişdir. Əmək müqaviləsinin surətindən görünür ki, X3 şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin “Təmizlik və x.s üzrə şöbə”də “dalandar” vəzifəsinə işə götürülməsinə dair Birliyin rəhbərliyi ilə müqavilə imzalamışdır. Həmin müqaviləyə görə işçinin gündə 8 saatdan həftə ərzində isə 40 saatdan çox olmayaraq işləməsi, iş saatının saat 09:00-dan 17:00-a kimi olması, həftədə 6 gün işləməsi qeyd edilmişdir. Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin Təmizlik sahələri şöbəsi üzrə 3 nömrəli ərazidə işləyən MKTİB işçilərin təhkim olunduqları ərazilər barədə siyahıdan görünür ki, X16 “Vəli Xuluflu küçəsi Kəpəz İcra Hakimiyyətinin qarşısından 1-ci mikrorayon yolu M.Bağırov küçəsi 5 yola kimi” olan əraziyə təhkim olunmuşdur. Məhkəmə-X5 Anatomiya Elmi-Təcrübi MTE PA ETT Birliyinin Publik hüquqi şəxsinin xx.xx.2023-cü il tarixli, 116 nömrəli ekspert rəyindən görünür ki, X8 bədəni üzərində aşkar olunan xəsarətlər - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir, xəsarətlər birlikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. X1 ölümünə səbəb alın-təpə sümüyünün kəllə əsasını keçən qəlpəli sınığı, burun sümüklərinin sınığı, baş-beynin yumşaq toxumalarına, beyin mədəciklərinə, beyin toxumasına, beyinciyə qanzısmaya, alın nahiyəsinin əzilmiş yarası ilə müşahidə olunan açıq küt kəllə-beyin travması olmuşdur. Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, cinayət işinin başlanılmasma səbəb və əsas xx.xx.2023-cü il tarixdə, saat 22 ralələrində sürücü ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X22, narkotik vasitənin təsiri altında BC dərəcəli sürücülük vəsiqəsi əsasında etibarnamə ilə idarə etdiyi Mercedes-Benz markalı, Atego 818 xüsusi təyinat modelli, **-XY-*** dövlət qeydiyyat nişanlı evakuator tipli avtomobili ilə Gəncə şəhəri, X35 prospekti ilə hərəkətdə olarkən Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə Vəli Xuluflu küçəsinin kəsişməsi istiqamətində yolun sağ tərəfindən sol tərəfinə keçmək istəyən qoşa xəttin üzərində dayanmış piyada xx.xx.1981-ci ildə Gədəbəy rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Gədəbəy rayonu, Qurudərə kəndində qeydiyyatda olmaqla, ünvan 2 ünvansız fərdi yaşayış evində yaşayan X11 vurub xəsarət yetirmiş, piyada X16 yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətlərdən xx.xx.2023-cü il tarixdə, saat 22:35də Gəncə şəhər Abbas Səhhət adına Xəstəxanada ölmüşdür. Fakta görə Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə ********* nömrəli cinayət işinin başlanması və icraata qəbul edilməklə istintaqı aparılması qərara alınmışdır. Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə - beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu maddəsinin 2-ci bəndinə əsasən gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Həmin Məcəllənin 215-ci maddəsində qeyd edilmişdir ki, müəssisənin mülkiyyətçisi və işəgötürəni işçilərin iş yerlərində əməyin mühafizəsi normalarının və qaydalarının yerinə yetirilməsinə bilavasitə cavabdehdirlər və aşağıdakı tədbirlərin həyata keçirilməsini təmin etməlidirlər: əməyin mühafizəsi üzrə standartların, normaların və qaydaların bütün tələblərinə əməl edilməsini; binaların, qurğuların, texnoloji proseslərin və avadanlığın təhlükəsizliyinə riayət edilməsini; bilavasitə iş yerlərinin sağlam sanitariya-gigiyena şəraitinin və əməyin mühafizəsinin qüvvədə olan normativlərə uyğunlaşdırılmasını; işçilərə lazımi sanitariya-məişət və müalicə-profilaktik xidmətinin təşkilini; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə pulsuz müalicəvi profilaktiki yeməklər, süd və ona bərabər tutulan digər məhsulların verilməsini; normal əmək və istirahət rejiminə riayət edilməsini; işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə pulsuz xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin verilməsini; işçilərin əməyin mühafizəsi normaları və qaydaları üzrə təhsilinin, təlimatlandırılmasının, biliklərinin yoxlanılmasının təşkil edilməsini və əməyin mühafizəsinin təbliğini; kollektiv müqaviləyə əməyin mühafizəsi üzrə qaydaları daxil etməyi və onlarda nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsini; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddətdə və formada əməyin mühafizəsi, əmək şəraiti və onların qüvvədə olan normalara uyğunlaşdırılması üçün görülən tədbirlərin nəticələri haqqında statistik hesabatın verilməsini. Həmin Məcəllənin 95-ci maddəsinə əsasən iş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik is günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. İş vaxtının rejimi və onu müəyyən edən qaydalar bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş iş vaxtı müddətinə əməl olunmaqla işəgötürənin əmri (sərəncamı, qərarı) ilə təsdiq edilir. Bu qaydalarla işçilər hökmən tanış edilməlidilər. Həmin qaydaların iş rejimini tənzimləyən əsas bölmələri böyüdülmüş şəkildə bütün işçilərin hər gün görə biləcəyi yerdən asılmalıdır. İşçilərin ümumi sayı 50 nəfərədək olan sənaye, nəqliyyat, tikinti, ticarət və digər xidmət müəssisələrində işçilərin bu Məcəllə ilə müəyyən edilmiş əmək, sosial və iqtisadi hüquqlarını məhdudlaşdırmamaq şərti ilə işəgötürən bu maddədə nəzərdə tutulmuş qaydadan fərqli olan iş vaxtının rejimi qaydalarını müəyyən edə bilər. Həmin Məcəllənin 96-cı maddəsinə əsasən qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi qaydası kollektiv müqavilə ilə, müəssisədə iş vaxtının rejimini müəyyən edən qaydalarla və ya əmək müqaviləsi ilə tənzim edilir. Hər il dekabr ayının sonunadək növbəti il üçün normal iş vaxtı üzrə istehsalat təqvimi və iş vaxtının normasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-nin 4-cü maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-nin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-nin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-nin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək hüquq normalarının tələblərini nəzərə alaraq məhkəmə qeyd edir ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 215-ci maddəsinin 7-ci hissəsində nəzərdə tutulan tələbləri pozaraq Rauf Sarıyevi əməyə cəlb etməsi iş materialları ilə öz təsdiqini tapmır. Belə ki, Rauf Sarıyev ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada bağlanmış əmək müqaviləsində qeyd edilir ki, iş saat 09:00-da başlanır, saat 17:00-da qurtarır. Lakin, Rauf Sarıyevin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi axşam saat 22 radələrində baş vermişdir. Rauf Sarıyevin həyat yoldaşı Lalə Sarıyeva məhkəmədə bildirmişdir ki, o və mərhum həyat yoldaşı öz işləri qalmasın deyə könüllü şəkildə və rəhbərliyə məlumat vermədən işə çıxmışlar. Bundan başqa, iş üzrə cəlb edilmiş şahid ifadələri və iş materialları ilə müəyyən edilir ki, Rauf Sarıyevin yol nəqliyyat hadisəsi nəticəsində vəfat etdiyi saat onun iş saatı olmamış, ümumiyyətlə Birliyin iş rejimində gecə növbəsi nəzərdə tutulmamışdır. Odur ki, işə götürən həmin saatda işçisini işə cəlb etmədiyi üçün onu xüsusi mühafizə geyimi ilə təmin etmək öhdəliyi də olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi tərəfindən əməyin mühafizəsi qaydalarının pozulmasını təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən onun Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi sübut olunmur. Belə olan halda məhkəmə qeyd edir ki, şəxs əməlində inzibati xəta tərkibi olmadan inzibati məsuliyyətə cəlb edilə bilməz. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2 və 8.3-cü maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2 və 128.2.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə verilmiş şikayət üzrə bütün sübutları hərtərəfli, obyektiv və məcmu halında qiymətləndirərək belə qənaətə gəlir ki, Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisinin əməlində inzibati xəta tərkibi olmadığından onun şikayəti təmin edilməli, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X13 tərəfindən Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisinin Azərbaycan Respublikasının İXM-nin 198.1.5-ci maddəsi ilə təqsirli bilinib, 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə olunması barədə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 53, 114, 115, 128 və 134.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi X6 şikayəti təmin edilsin. Gəncə şəhər İcra hakimiyyəti Mənzil kommunal təsərrüfatı istehsalat birliyinin rəisi X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə təqsirli bilinib 800 (səkkiz yüz) manat məbləğində inzibati cərimə olunmasına dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X18 Xidmətinin Gəncə-Daşkəsən regional şöbəsinin rəisi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* Gəncə inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev
Məhkəmə qərarları › İş №3(125)-2883/2024
Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2883/2024
06.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver