Məhkəmə qərarları › İş №3(125)-2886/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2886/2024

22.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2886/2024 22.08.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X5 Qəhrəman oğlunun sədrliyi, Qasımov Zakir Zaur oğlunun katibliyi, Qərardan şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 80 (səksən) manat inzibati cərimə olunması barədə xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, elektron qərarın ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polisi idarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün 80 manat məbləğində cərimə olunmuşdur. Sözügedən qərar tamamilə qanunsuzdur və qəbul edilərkən demək olar ki, qanunvericiliyin heç bir tələbi yerinə yetirilməmiş, əksinə qanunvericiliyi pozmaqla tərtib edilmişdir. Belə ki, sözügedən qərar xüsusi texniki vasitədən istifadə etməklə tərtib edilməli olduğu halda, polis əməkdaşı tərəfindən fərdi məlumatlara müdaxilə etməklə tərtib edilmişdir. Yəni, kamera arxasında oturan hər hansı polis əməkdaşı (operator) kameradan şəhəri müşahidə edərkən qanun pozuntusunu aşkar etmiş və həmin an ona məxsus avtomobilin şəkilini və dövlət qeydiyyat nömrəsini yaxınlaşdırmaqla bir neçə foto şəkil çəkmiş və bununla da o, 100 manat məbləğində cərimə edilmişdir. Mülkiyyətində olan avtomobilin təhlükəsiz şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq dövlət qeydiyyat nişanının götürülməsi, fərdi məlumatlara müdaxilədir, belə müdaxilənin olmaması üçün qanunvericilik “xüsusi texniki vasitələr" tətbiq etməklə inzibatı xətanın aşkara çıxarılmasını imperativ şəkildə qeyd etdiyi təqdirdə hazırkı qərar xüsus texniki vasitədən istifadə etməməklə tərtib edilmişdir. Sözügedən qərarda "inzibati xətanın aşkar edilməsi xüsusi texniki vasitənin məlumatı əsasında" müəyyən edilmişdir kimi ifadə işlənmiş, lakin qərarda xüsusi texniki vasitə barədə heç bir məlumat göstərilməmişdir. Halbuki, İnzibati Xətalar Məcəlləsinin 81.3-cü maddəsinin tələbləri baxımından xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda (inzibati xəta haqqında iş üzrə qərarda) qeyd edilməlidir. Bundan başqa, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilmə qaydası göstərilmişdir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar. Barəsində tərtib edilmiş sözügedən qərarda isə nəinki xüsusi texniki vasitənin göstəriciləri, hətta xüsusi texniki vasitənin mövcudluğu barədə heç bir məlumat yoxdur. O cümlədən İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsi inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə icraatın aparılması qaydasını müəyyən edir ki, həmin maddədə də xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xətalar üzrə həmin texniki vasitələrin məlumatlarının (tipi, markası, modeli, yerləşdiyi yer.) mərkəzi informasiya sisteminə ötürülməsi imperativ şəkildə qeyd edilmişdir. Maddənin dispozisisayı aşağıdaki kimidir: 122.1. Bu Məcəllənin 327.1 - 327.5, 328. 329.1. 329.2. 330, 339.1-1. 346.3, 346-1.1. 346-1.5. 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Sözügedən xx.xx.2024-cü il tarixli EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunvericiliyin tələblərinə zidd tərtib edilməsinin bir başqa sübutu da həmin qərarın Elektron imza ilə təsdiq edilməli olduğu halda, bu məcburi qaydanın da yerinə yetiriİməməsidir. Belə ki, "Elektron imza və elektron sənəd haqqında" Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş Elektron sənədin informasiya sistemində istifadə üçün elektron formada təqdim edilən və elektron imza ilə təsdiq olunan sənəd olması şərti mütləqdir. Yuxarıda qeyd etdiyi kimi İXM-nin 122.1ci maddəsində elektron qərarın elektron sənəd şəklində çıxarıldığı imperativ şəkildə qeyd edir, lakin sözügedən qərarın əlavə edilmiş surətindən də göründüyü kimi, həmin qərar elektron imza ilə imzalanmamışdır. Bundan başqa, Azərbaycan Respublikası İXM-nin 53.1-ci maddəsində başlanmış inzibati icraata isə xitam verilməsinin halları sadalanmış, həmin maddənin 53.1.11-ci maddəsinə əsasən bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqda ləğv olunma zərurəti açıq-aşkar qeyd edilmişdir. Qeyd edilir ki, bu məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta, yəni inzibati xəta hadisəsi foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə. Sözügedən elektron qərar da guya xüsusi texniki vasitənin köməkliyi ilə qeydə alınmışdır. Ona məxsus avtomobilin xüsusi texniki vasitə ilə yox şəhər kamerası vasitəsi ilə yaxınlaşdırılaraq çəkilməsi qanunsuz sübut əldə etmədir və bu hal fərdi məlumatlara müdaxilə hesab edilir. Məhkəmədə qərardan şikayət vermiş şəxs X4 şikayətin məzmununa uyğun çıxış edərək, əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası DİN-nin Baş dövlət yol polisi idarəsinin EQ 22811038 nömrəli, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarında qeyd edilən inzibati xətanı törətmişdir. Lakin, həmin xəta qanunvercilikdə nəzərdə tutulmuş qaydada xüsusi texniki vasitə ilə deyil, şəhər kamerası vasitəsilə qeydə alınmışdır. Odur ki, həmin qərarın ləğv olunmasını xahiş edir. Məhkəmə iclasının vaxtı və yeri barədə səlahiyyətli orqana lazımı qaydada məlumat verilsə də, səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Bu səbəbdən məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 80 (səksən) manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər aşağıdakılardır: inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi; dövlət orqanlarından (qurumlarından) və ya bələdiyyələrdən məlumatların daxil olması; fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim edilən, yaxud kütləvi informasiya vasitələrində dərc olunmuş məlumatlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən yanqoşqusu olmayan motosikletlər, mopedlər, velosipedlər və kiçik elektrik nəqliyyat vasitələri istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə - səksən manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə baxışında müəyyən olunmuşdur ki, X4 xx.xx.2024-cü il tarixdə Gəncə şəhəri, Nizami prospektində yol hərəkəti qaydasını pozaraq, İXM-nin 346.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və buna görə də onun barəsində xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Lakin, X4 bildirir ki, şikayətində qeyd etdiyi hallara görə inzibati tənbeh vermə haqqında qərar qanunvericiliyin tələbləri pozulmaqla qəbul edildiyindən həmin qərar qanunsuz və əsassızdır. Məhkəmə isə şikayətin həmin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin 2012-ci il 12 yanvar tarixli, Q1- 001-12 nömrəli qərarı ilə təsdiq olunmuş “Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalar haqqında işlər üzrə icraatın təşkilinə dair” Təlimatda dəyişikliklər edilməsi barədə” qərarın 1.2-ci bəndinə əsasən aşağıdakı məzmunda 2.10 və 2.11-ci bəndlər əlavə edilmişdir: “2.10. DİN-in Təhlükəsiz Şəhər Xidmətinin videomüşahidə kameraları vasitəsilə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta aşkar edildikdə operator nəqliyyat vasitəsinin iki qayda pozuntusunu və bir dövlət qeydiyyat nişanını əks etdirən fotoşəklini çəkir, DİN BDYPİ-nin X1 avtomobilin sahibi haqqında məlumatlar əsasında xüsusi formalı blank doldurur (Təlimata 16 nömrəli əlavə). Blankda eyni zamanda pozuntunun aşkarlanmasında istifadə edilmiş nəzarət kamerasının nömrəsi, xətanın mahiyyəti, törədildiyi ərazi, tarix və saat, habelə nəqliyyat vasitəsinin sahibi barədə məlumatlar qeyd olunur.” “2.11. Blank doldurulduqdan sonra “Yol hərəkəti qayda pozuntularının qeydiyyatı kitabı”nda (Təlimata 17 nömrəli əlavə) sıra ardıcıllığı üzrə qeydiyyata alınır.”. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən Bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Maddənin tələbindən də göründüyü kimi İXM-nin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1, 353.1, 353.2, 353.4, 353.5 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür. Bu hissədə məhkəmə qeyd edir ki, törədilmiş inzibati xəta DYP tərəfindən xidməti avtomobilin üzərində olan xüsusi texniki vasitə ilə aşkar edilərək, yəni inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi, eləcə də müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemi, habelə digər dövlət informasiya sistemləri (ehtiyatları) vasitəsi ilə aşkar edilərək şəxs barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilmişdir. Belə ki, İXM-nin 99.1.1, 99.1.2 və 99.1.3-cü maddələrində qeyd edilən hallar inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblər kimi göstərildiyindən mühahisələndirilən inzibati tənbeh vermə haqqında qəbul edilmiş xx.xx.2024-cü il tarixli EQ 22811038 nömrəli elektron qərar İXM-nin müddəalarına uyğun tərtib edilmiş və şikayət vermiş şəxsin hüquqlarını pozmur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 76-cı maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göründüyü kimi, hazırkı iş üzrə inzibati xətanın törədilməsi barəsində inzibati tənbeh vermə haqqında elektron qərar və iş materiallarında olan digər sübutlarla yanaşı, X2 məhkəmədə verdiyi izahatı ilə də tam təsdiq olunur. Həmçinin məhkəmə qeyd edir ki, inzibati tənbeh vermə haqqında qərar İXM-nin müddəalarına uyğun tərtib olunmuşdur. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə X4 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin olunmamalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsinin X2 Azərbaycan Respublikası İXM-nin 346.4-cü maddəsi ilə təqsirli bilinib, 80 (səksən) manat məbləğində inzibati qaydada cərimə olunması barədə xx.xx.2024-cü il tarixli EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilməsin. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsi ilə təqsirli bilinib, inzibati qaydada tənbeh edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş dövlət yol polis idarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 22811038 nömrəli inzibati tənbeh vermə haqqında elektron qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar