Məhkəmə qərarları › İş №3(125)-2897/2024

Gəncə Şəhər Məhkəməsi Qərar — İş №3(125)-2897/2024

30.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 3(125)-2897/2024 30.10.2024 GƏNCƏ ŞƏHƏR MƏHKƏMƏSİ X15 Qəhrəman oğlunun sədrliyi, Sadıxov Rəşad Şahin oğlunun katibliyi, Qərardan şikayət verən şəxs X4 nümayəndəsi və vəkili Nümayəndə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair X4 şikayət ərizəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək onun barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti (bundan sonra ƏƏSMN-nin yanında DƏMX) Gəncə-Daşkəsən regional ərazi şöbəsinin xx.xx.2024cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı ilə X4 vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 192.1-ci maddəsi ilə təqsirli bilinib, 3000 manat məbləğində cərimə edilməsi barədə qərar tam araşdırma aparılmadan, işin faktiki və həqiqi hallarına düzgün hüquqi qiymət verilmədən qanunsuz və əsassız olaraq qəbul edilmişdir. X10 “X18 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin şirkətində işləmək üçün Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə getsə də, işlə yerində tanış olduqdan sonra əmək müqaviləsi bağlamaqdan imtina etmiş və odur ki, əmək müqaviləsi olmadan əməyə cəlb edilməmişdir. Həmin işçinin işğaldan azad edilmiş ərazilərdə işləməsi məqsədilə aidiyyəti dövlət orqanının müvafiq portalı vasitəsilə alınmış icazəsinin ləğv edilməsi üçün 02 iyul 2024-cü il tarixdə aidiyyəti quruma müraciət edilmişdir. Bu barədə ƏƏSMN-nin yanında X12 Xidməti Gəncə- Daşkəsən regional şöbəsində aparılan araşdırma üzrə həmin quruma da xx.xx.2024-cü il tarixdə məlumat verilsə də, E.Əhmədovun barəsində əsassız olaraq İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında qərar qəbul edilmiş və inzibati tənbeh verilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılmış şəxsin nümayəndəsi və vəkili Nümayəndə şikayəti müdafiə edərək göstərmişdir ki, X8 barəsində Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarı qanunsuz və əsassızdır, bu səbəbdən həmin qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyət yaranması üçün əsas, işəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsidir. Lakin ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional şöbəsi fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsinin sübutu kimi yalnız fiziki şəxslərə E.Əhmədov tərəfindən Qarabağa giriş icazəsinin alınmasını göstərmiş, X1 olaraq hansı əmək funksiyasını yerinə yetirməsinə, hansı işləri görməsinə dair heç bir sübut təqdim etməmişdir. Hər hansı şəxsin adının icazə portalında olması onun hələ həmin ərazidə əmək fəaliyyətinə cəlb edilməsi faktını təsdiq etmir. X7 işləmək məqsədilə Qarabağa daxil olmaq üçün müvafiq portal vasitəsilə icazə alınsa da, həmin şəxs iş yerinə gələrək dağlıq yollarda sürücü kimi fəaliyyət göstərməli olduğunu gördükdən sonra işləməkdən imtina etmiş, odur ki, onunla əmək müqaviləsi bağlanmamış və o, heç bir işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Bundan başqa, Y.Əliyevə alınmış icazənin ləğv edilməsi üçün də aidiyyəti qurumlara müraciət edilmişdir. İcazə alınmış şəxsin adının portalda bir müddət qalması hər hansı bir inzibati xəta tərkibi yaratmır. Buna görə də Nümayəndə çıxışında E.Əhmədov barəsində yuxarıda qeyd edilən qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX Gəncə- Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X3 çıxış edərək göstərmişdir ki, X8 tərəfindən Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə işləmək məqsədilə əraziyə daxil olmaq üçün 2 nəfərə müvafiq portal vasitəsilə icazə alındığı müəyyən edildikdən sonra onlardan birinin portal icazəsinin ləğv edildiyi lakin digərinin icazəsi ləğv edilməsə də onunla heç bir əmək müqaviləsi bağlanmadığı aşkar edildiyindən icazəni alan vəzifəli şəxsin, yəni E.Əhmədov barəsində İXM-nin 192.1-ci maddəsi ilə protokol tərtib edilmiş və inzibati tənbeh verilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Qarabağ ərazisində sürücü işləmək məqsədilə X8 vasitəsilə ona həmin ərazilərə daxil olmaq üçün müvafiq portaldan icazə alınmış, lakin o, Qarabağ ərazisinə gedib dağlıq ərazidə sürücü kimi işləməli olduğunu gördükdə həmin yerdə işləməkdən qorxmuş və heç bir iş görmədən, eləcə də heç bir sənəd imzalamadan 1 gün ərzində də geri qayıtmışdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX-in Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş əmək müfəttişi X13 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi əsası ilə X4 barəsində İXM-nin 192.1-ci maddəsi ilə inzibati tənbeh vermə haqqında qərar qəbul edilməklə ona 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. İş materiallarında olan “X18 Sanayi ve Ticaret Anonim Şirketi”nin Azərbaycan Respublikasındakı nümayəndəliyinin xx.xx.2024-cü il tarixli bildirişinin surətindən görünür ki, X7 (AZE ********) Füzuli, Xocavənd, Hadrut və Xocalı rayonları ərazisində sürücü vəzifəsi üzrə işləmək üçün alınmış portal icazəsinin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixdə aidiyyəti qurumlara məlumat göndərilmişdir. İş materiallarında olan, ƏƏSMN-nin yanında DƏMX Gəncə-Daşkəsən regional ərazi şöbəsinin nümayəndəsi X3 tərəfindən təqdim edilmiş, X12 Xidmətinin Risklərin idarə edilməsi və elektron audit şöbəsinin elektron məlumatının surətindən görünür ki, Yunisin Əliyevin aktiv iş icazəsi yoxdur. Məhkəmə, şikayət üzrə toplanmış və məhkəmədə tədqiq olunmuş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, şikayət təmin olunmalı, inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, İXM-nin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Qanunun mənasına görə həmin maddədə nəzərdə tutulan inzibati xəta ilə bağlı məsuliyyətin yaranması üçün zəruri şərtlərdən biri fiziki şəxsin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsidir. Lakin, iş materiallarında X5 Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərə getməsi üçün aidiyyəti qurumdan icazə almış X8 tərəfindən nəinki hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi, heç özü tərəfindən də hansısa işlərin görülməsinə səy göstərməsini təsdiq edən heç bir mötəbər sübutlar müəyyən edilməmiş, Y.Əliyevin özü də ifadəsində dağlıq ərazidə sürücü kimi işləməli olduğunu gördükdə həmin yerdə işləməkdən imtina etdiyini və heç bir iş görmədən, eləcə də heç bir sənəd imzalamadan 1 günə geri qayıtdığını təsdiq etmişdir. Məhkəmə hesab edir ki, ƏSMN-nin yanında DƏMX-in Gəncə-Daşkəsən regional ərazi şöbəsi tərəfindən Y.Əliyevin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilibedilməməsi ilə bağlı ətraflı araşdırma tədbirləri görülmədən, yeganə təsdiqləyici hal kimi onun adına işləmək üçün Qarabağ ərazisinə girişlə bağlı müvafiq portalda E.Əhmədov tərəfindən icazə alınmasına və bir müddət adının portalda qalmasına istinad edilməsi, eləcə də adın portalda olması ilə işlərə cəlb edilməsinin ehtimal edilməsi, yalnız bu ehtimalın əsasında inzibati tənbeh tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edilməsi əsaslı hesab edilə bilməz. Belə ki, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın tərkibi şəxsin adının işləmək məqsədilə müvafiq əraziyə daxil olmaq üçün “giriş” portalına salınması, yaxud həmin portalda adının qalması ilə deyil, şəxsin hüquqi qüvvəyə minmiş əmək müqaviləsi olmadan işə cəlb edilməsi ilə yaranır. Şəxsin adının icazə portalında olması onun həmin ərazidə əmək fəaliyyətinə cəlb edilməsini təsdiq etmir. Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4 və 2-4-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin İİİ və İV hissələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 20 oktyabr 2023-cü il tarixli Qərarında Əmək Məcəlləsinin əmək müqaviləsinin bağlanılmasının məcburiliyini müəyyən edən 7-ci maddəsinin 2-3 və 2-4-cü hissələri ilə bağlı qeyd edir ki, bu norma ilə qanunverici şəxsin azad seçimi olaraq, heç bir təsir olmadan müstəqil şəkildə artıq daxil olduğu faktiki əmək münasibətlərinin hüquqi müstəviyə gətirilməsi, rəsmiləşdirilməsi məqsədini güdür. Göründüyü kimi, Y.Əliyevin ərazinin dağlıq olması səbəbindən həmin ərazidə sürücü kimi işləməkdən qorxduğunu göstərməklə işləməkdən imtina etməsi onun E.Əhmədovla heç bir faktiki əmək münasibətinə daxil olmadığını göstərməklə, bu halda əmək müqaviləsi bağlanmasının məcburiliyini də istisna edir. Həmçinin nəzərə alınmalıdır ki, Qarabağ ərazisində işləmək məqsədilə “giriş” icazəsinin alınması əmək münasibətlərinin faktiki yarandığını ehtiva edə bilməz. Odur ki, məhkəmə sübutları təhlil etməklə qənaətə gəlir ki, qərarda şərh edilən hallar üzrə İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətlə orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. - 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. - 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir, - 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. -134.1 və 134.1.3-cü maddələrinə əsasən bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. -135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Bundan başqa, iş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin yanında DƏMX-in Gəncə-Daşkəsən regional ərazi şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən baş əmək müfəttişi X13 tərəfindən xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin tələbinin pozulmasına istinad edilməklə İXM-nin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədildiyi müəyyən edilmişdir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsi istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması və uçota alınması qaydalarını tənzimləməklə, bu maddənin qərarın təsviri hissəsində şərh edilən hadisə ilə (əmək qanunvericiliyinin pozulması) və tənbeh verilmiş İXM-nin 192.1-ci maddəsi ilə heç bir bağlılığı olmamış, ümumilikdə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın müddəaları arasında ziddiyyət yaranmışdır. İXM-nin 135.1.2-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin şərh edilməsinə dair” 2016-cı il 2 noyabr tarixli Qərarında qeyd olunmuşdur ki, cinayət-prosessual qanunvericiliyin analogiya üzrə inzibati xəta haqqında iş üzrə icraat prosesində tətbiqi istisna edilmir. İnzibati Xətalar Məcəlləsinin 6.3-cü maddəsi inzibati xətalar qanunvericiliyinin analogiya üzrə tətbiqinə məhdudiyyət qoysa da, bu həmin hüquq sahəsinin maddi hüquq normalarına (məsuliyyəti müəyyən edən normalara) aiddir. Lakin qanunun analogiya üzrə tətbiqi o zaman mümkündür ki, oxşar prosessual münasibətlər inzibati xətalar qanunvericiliyində müvafiq norma ilə tənzimlənməsin. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 401.2.4-cü maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun gəlməməsi hallarından biri kimi qərarda şərh edilmiş hallarla, onun gəldiyi nəticələr arasında əhəmiyyətli ziddiyyətlər olması göstərilməklə bu hal qərarın ləğv edilməsi üçün əsas hesab edilir. İXM-də qərarın ləğvi əsası kimi göstərilmiş “səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması” hallarını tənzimləyən müvafiq normalar olmadığından bu hala münasibətdə cinayət prosessual məcəllə ilə müəyyən edilmiş normaların tətbiqi mümkün hesab edilir. Beləliklə məhkəmə hesab edir ki, qərarın təsviri əsaslandırıcı hissələrində göstərilən xüsusatlara əsasən X14 barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-in 53.1.1, 114, 115, 134, 135.1.2 və 135.1.5-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şikayət təmin edilsin. X4 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Gəncə-Daşkəsən regional ərazi şöbəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Gəncə Şəhər Məhkəməsi vasitəsi ilə və ya birbaşa Gəncə Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Xəqani Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar